SON XƏBƏR

Anar Bağırov: "Poladovun özünü vəkil adlandırması qeyri-qanunidir"

Noyabr 01
12:50 2019
"Vüqar Poladov vəkillikdən xaric olunub. Vəkillər Kollegiyasının rəyasət heyəti onun vəkillikdən xaric olunmasi ile bagli qerar qəbul edib".

Bunu musavat.com-a açıqlamasında Vüqar Poladovun özünü vəkil kimi təqdim etməsinə münasibət bildirərkən Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Anar Bağırov əlavə edib ki, Vəkillər Kollegiyasının iddiası üzrə Vüqar Poladovun vəkillikdən xaric olunması müvafiq məhkəmə qərarı ilə də qüvvəyə minib.

"Vüqar Poladovun özünü vəkil adlandırması qeyri-qanunidir. Həmçinin qeyd edim ki, onun adı vəkillərin reyestrindən də çıxarılıb"- deyə Anar Bağırov açıqlamasında qeyd edib.

Xatırladaq ki, Vüqar Poladov bir müddət vəkillik fəaliyyəti ilə məşğul olub. Bir zamanlar başqalarının hüquqlarını müdafiə edən Poladovun özünə iki gün əvvəl hökm oxunub.

O, dələduzluqda ittiham edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8600 manat cərimə edilib və 2 il müddətinə vəkillik fəaliyyətindən uzaqlaşdırılıb.

Bildirək ki, Vüqar Poladov Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin keçmiş baş icra məmuru olub. Daha sonra isə vəkil kimi fəaliyyət göstərib.

V.Poladov uzun müddət İctimai Televiziyada "İcra məmuru" rublikasının daimi müsahibi olub və ölkədə məhkəmə qərarlarının icrası ilə bağlı hesabatlar verib. Sonradan həmin sistemdən uzaqlaşıb və vəkil kimi fəaliyyətə başlayıb. 12 saylı vəkil bürosunun vəkili olub. Sonradan vəkillik fəaliyyətini də qeyri-müəyyən səbəbdən dayandırıb.

V.Poladov dövlət xadimi, uzun illər Azərbaycan SSR kənd təsərrüfatı naziri olmuş Möhsün Poladovun nəvəsidir.

O, Cinayət Məcəlləsinin 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) və 178-ci (dələduzluq) maddələri ilə ittiham olunur. Barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Vəkilə cinayət işi açılması ilə bağlı ilginc məlumatlar var. Belə ki, criminal.az saytı yazırdı ki, V.Poladov özü baş prokurora müraciət edərək hakimlərə rüşvət verdiyini, xeyrinə qərarlar çıxardığını deyib.

Amma Poladov bu iddianı rədd edir, deyir ki, barəsində cinayət işi açılması müxalifətin sifarişidir. Belə ki, o müxalifət düşərgəsində xeyli agent yerləşdirdiyini, müxalifətin bundan xəbər tutduqdan sonra barəsində sifarişlə cinayət işi açdırdığını iddia edir.

Barəsində hökm çıxarılan Vüqar Poladov da Musavat.com-a mövqeyini göndərib. O, yazıb ki, 2 ildən sonra vəkillik fəaliyyətini davam etdirəcək.

Poladovun fikirlərini olduğu kimi təqdim edirik:

"Birincisi, mən hələ formal da olsa vəkiləm.Ona görə ki, hökm qanuni qüvvəyə minməyib. Apellyasiya və kassasiya şikayəti verəcəm. İkincisi isə əgər bütün instansiyaları uduzsam belə, cəmi 2 il vəkillikdən məhrum olunmuşam. Bu müddət də 29 oktyabrdan hesablanır. Yəni ən pis halda 30 oktyabr 2021-ci ildə yenidən vəkiləm. Üçüncüsü isə mənim apellyasiya və kassasiya şikayətimin baxılması ən azı 1 il 6 ay çəkəcək. Yəni məhkəmələr lap mənim ziyanıma yekunlaşsa belə, ən pis halda 6 ay vəkil olmayacam. Mən isə öz qələbəmə əminəm. Kassasiya, Konstitisiya Məhkəməsinə, Avropa Məhkəməsinə də şikayət verəcəm. Amma əsas məsələni bilmirsiz. Mən ömrüm boyu vəkil olacam. Ona görə ki, mən həm də Gürcüstan Respublikasının vəkiliyəm. Olar, burada, olmaz, Gürcüstanda işləyərəm. İşləmişəm və Marneulidə ofisim də var. Yəni, mənə belə münasibətin olmasını başa düşmürəm. Hər bir insan şərlənər, məndə şərlənmişəm. Mübarizəmizi sona qədər aparacağıq. Sonda alınmasa, gedib Gürcüstanda vəkillik edərik".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook