Azərbaycan Mətbuat Şurası Rusiya Jurnalistlər İttifaqına müraciət ünvanlayıb
Dekabr 04
12:05
2019
Azərbaycan Mətbuat Şurası Azərbaycan Televiziyasının Rusiya üzrə xüsusi müxbiri Zakir Musayevin fəaliyyət göstərdiyi ölkənin Krasnodar vilayətinin Armavir şəhərində peşə fəaliyyətini yerinə yetirərkən təzyiqə məruz qalması ilə bağlı Rusiya Jurnalistlər İttifaqına müraciət ünvanlayıb.
Qlobal.az xəbər verir ki, bu barədə Mətbuat Şurası məlumat yayıb.
Müraciətdə bildirilir ki, Armavir şəhərində erməni terrorçusu, Böyük Vətən Müharibəsi illərində nasist Almaniyasının təşkil etdiyi legionda Sovet İttifaqına qarşı döyüşmüş Qaregin Njdeyə xatirə lövhəsi qoyularkən bu, yerli ictimaiyyətin mənfi reaksiyasına səbəb olub. Z.Musayevin məsələ ilə əlaqədar ötən ay hazırladığı reportaj onun çalışdığı Azərbaycan Televiziyasında yayımlanıb. "Kəskin etirazın nəticə olaraq sözügedən xatirə lövhəsi sökülüb. Z.Musayev isə bununla bağlı yenidən reportaj hazırlayarkən təxminən 50-dək erməni onu mühasirəyə alıb, çəkiliş qrupunun kamerasını sındırıb, jurnalistin komputerini əlindən almağa cəhd göstərib. Aqressiv dəstə hətta polisin xəbərdarlığına da məhəl qoymayıb”, - deyə müraciətdə qeyd edilib.
Qlobal.az