SON XƏBƏR

“Azərbaycan” qəzetində Rza Talıbovun “Müstəqil dövlətçiliyin təntənəsi” adlı məqaləsi dərc olunub

İyun 13
12:46 2019
Bakı Dövlət Universitetinin dosenti, Batumi Dövlət Universitetinin fəxri doktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Rza Talıbovun "Azərbaycan” qəzetində  ümummilli liderimiz Heydər Əliyevin ictimai-siyası fəaliyyəti ilə bağlı geniş məqaləsi yer alıb. Məqalədə Ümummilli liderin 20-ci əsrin əvvəlində xalqımızın qədim dövlətçilik ənənəsinin davamı olaraq yaratdığı Şərqin ilk müstəqil, demokratik dövləti- Xalq Cumhuriyyətinə verdiyi qiymət xüsusi olaraq vurğulanır.  Dahi şəxsiyyətin çətin zamanlarda xalqla birlikdə olması, onun təşəbbüsü ilə Azərbaycançılıq, milli və müstəqil dövlətçilik ideyalarının reallaşması üçün 1990-cı illərdə ilk dəfə məhz  Naxçıvanda atılan addımlar,  sovet ordusunun hərbi hissələrinin muxtar respublikadan çıxarılması, dövlət atributları,  milli ordu quruculuğu, qonşu Türkiyə, İran dövlətləri ilə qarşılıqlı münasibətlərin  qurulması diqqətə çatdırılır.
 
 

Müəllif həmçinin tutarlı fakt və şərhlərlə 1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndərin Azərbaycanda hakimiyyətə gəlməsi və bundan sonra ölkənin xaosdan çıxması, onun çiçəklənməsi üçün gördüyü mühüm işlərə də toxunur.   
 
Qlobal.az Bakı Dövlət Universitetinin dosenti, Batumi Dövlət Universitetinin fəxri doktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Rza Talıbovun həmin məqaləsini öz oxcularına təqdim edir:  
 
Müstəqil dövlətçiliyin təntənəsi
 
Çoxəsrlik dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı XX əsrin əvvəllərində Xalq Cümhuriyyətinin (AXC) yaradılması ilə müstəqil demokratik dövlət qurmaq imkanlarına malik olduğunu nümayiş etdirmişdir. Dövlətçiliyimizin təşəkkül yolunu təhlil edən ulu öndər Heydər Əliyev 2003-cü il mayın 27-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 85 illiyi ilə əlaqədar Azərbaycan xalqına müraciətində milli dövlətçiliyin bu mühüm mərhələsinə qiymət verərək demişdir: "Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi”.

Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini və milli ictimai fikri üzvi şəkildə birləşdirən yeni dövlət - cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq, bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını səciyyələndirir.

Görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin və dərin məzmunlu siyasi irsində Azərbaycanın çoxəsrlik dövlətçilik tarixi və ənənələrinə, o cümlədən müstəqil dövlətimizin varisi olduğu Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə və tarixi roluna münasibət olduqca böyük əhəmiyyətə malikdir. İstər Sovetlər İttifaqı zamanı daşıdığı yüksək dövlət vəzifələrində olduğu zamanlar, istərsə də 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, sonra isə Ali Məclisin Sədri olduğu vaxtlar və Azərbaycan Respublikasına rəhbərlik etdiyi on il ərzindəki dövrdə azərbaycançılıq və milli dövlətçilik ideyaları ulu öndərin nəhəng ictimai-siyasi fəaliyyətinin ideya əsaslarını təşkil etmişdir.

Xalqımızın ulu öndəri Heydər Əliyevin 1990-cı ildə Azərbaycana qayıdışı, təqiblərə məruz qalıb Bakıdan Naxçıvana getməsi ilk növbədə Naxçıvan Muxtar Respublikasının qorunması, onun düçar olduğu burulğandan və düşmən təcavüzündən xilas edilməsində həlledici rol oynamışdır. O dövrdə Naxçıvanda yaranmış çox mürəkkəb vəziyyətə baxmayaraq, ölkəmizdə demokratik dövlət quruculuğunun ilk və qətiyyətli addımları Heydər Əliyev tərəfindən məhz muxtar respublikada atılmışdır. Heydər Əliyevə xalqın yeganə rəhbəri və xilaskarı kimi baxan Naxçıvan əhalisinin iradəsi ilə 3 sentyabr 1991-ci il tarixində Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin Sədri seçilməsi isə Azərbaycan dövlətçiliyinin ilk atributlarının qəbulundan tutmuş, köklü inqilabi islahatlar da daxil olmaqla, müstəqilliyə aparan yolun və vasitələrin müəyyən edilməsinin meydana qoyulması ilə nəticələnmişdir.

Məhz görkəmli dövlət xadimi Heydər Əliyevin dərin zəkası və müdrikliyi, sovet idarə sisteminin bütün incəliklərini dərindən bilməsi nəticəsində Naxçıvan MR ərazisindəki sovet ordusu hissələrinin nizamlı şəkildə yola salınması, həmin hərbi hissələrin döyüş texnikası və silahlarının Naxçıvan hakimiyyətinə verilməsi ilə başa çatmışdır. Bu məqsədlə Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevin fərmanı ilə Azərbaycanda ilk dəfə olaraq dövlət hərbi qurumu - Naxçıvan Dövlət Müdafiə Komitəsi yaradılmış və sovet hərbi hissələrinin texnika və silahları həmin quruma təhvil verilmişdir. Beləliklə, Naxçıvanın müdafiəsinin təmin olunması üçün ən zəruri addımlar atılmışdır. Bir çox könüllü peşəkar hərbçilər Heydər Əliyevin çağırışlarına yüksək vətənpərvərlik ruhu ilə səs verərək peşəkar səviyyədə hərbi sahədə çalışmağa qoşulmuşdur.

Heydər Əliyevin sədrliyi ilə keçən Naxçıvan MR Ali Məslisinin sessiyasında hələ 1990-cı ilin 17 noyabrında muxtar respublikanın adından "sovet sosialist” sözlərinin çıxarılması və Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayrağının iclas salonuna gətirilib, sovet bayrağını əvəz etməsi müstəqil dövlətçiliyin bərqərar edilməsi uğrunda mübarizə yolunda ilk mühüm tarixi addımlar sayıla bilər. Bundan başqa, Heydər Əliyev yeni ittifaq adı ilə SSRİ-ni dirçəltmək cəhdlərini qətiyyətlə rədd edərək deyirdi: "Mən yeni ittifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır”.

Heydər Əliyevin uzaqgörən və məqsədyönlü addımlarından biri də qonşu ölkələrin rəhbərləri ilə təmasa keçərək, Naxçıvan MR əhalisini iqtisadi fəlakətdən qurtarmaqdan ibarət idi. İqtidarda olan başabəla Xalq Cəbhəsi hakimiyyəti nə qədər qısqanclıqla yanaşsa da və müxtəlif vasitələrlə mane olmağa çalışsa da, Azərbaycan dövlətinin ilk xarici siyasət addımları Naxçıvanda atılmışdır.

Heydər Əliyev Ali Məclisin deputatlarına, alimlərə, jurnalistlərə təkidlə Naxçıvanın yaxın tarixini, Moskva və Qars müqavilələrini və həmin dövrün tarixi dərslərini öyrənməyi tövsiyə etmiş, əvvəlki tarixi təcrübələri nəzərə alaraq ölkəmizin bu qədim guşəsini qoruyub saxlamaq üçün Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə həmin ölkələrin dövlət başçıları səviyyəsində görüşlər keçirmiş, sənədlər imzalamış və qarşıya qoyduğu məqsədlərə nail olmuşdur. Belə uzaqgörən tədbirlərin nəticəsi idi ki, Türkiyə Cümhuriyyətinin prezidenti Süleyman Dəmirəl Naxçıvana gəlmiş, Araz çayı üzərində Naxçıvan Muxtar Respublikasını, beləliklə də Azərbaycanı Türkiyə ilə bir-birinə bağlayan Ümid körpüsünün rəsmi açılışında iştirak etmişdir. Heydər Əliyevin İran prezidenti Haşemi Rəfsəncaninin dəvəti üzrə Tehranda səfərdə olması, blokadada olan Muxtar Respublikaya İran tərəfindən zəruri yardımlar göstərilməsinə nail olması da müstəqil ölkəmizin xarici siyasətinin xüsusi səhifəsidir. Bakıda bütün bunları qısqanclıqla izləyən, hətta əngəllər yaradan qüvvələrə məhəl qoymayan ulu öndər öz diplomatik tədbirləri ilə erməni işğalçılarını da Naxçıvana həmlə etməkdən çəkindirməyi bacarmışdır.

Xalqın böyük xilaskarı olan Heydər Əliyevə qarşı bir neçə dəfə çevriliş cəhdləri edən ozamankı ölkə hakimiyyətinin bəzi nümayəndələri hətta onu Naxçıvan rəhbərliyindən uzaqlaşdırmaq niyyəti ilə buranın muxtar respublika statusunu ləğv etməyi, bununla guya Azərbaycan Respublikasının unitarlığını "təmin etməyi” irəli sürürdülər. Hakimiyyət nümayəndələrinin uğursuz cəhdləri ulu öndər tərəfindən qətiyyətlə dəf edilmiş, Ali Məclisdəki müzakirələrdə bu kimi iddiaların Azərbaycan dövlətçiliyinə zərbə vurması, muxtar respublika statusunun Naxçıvanın xilas yolu, təhlükəsizliyinin təminat yolu, inkişaf yolu olduğu diqqət mərkəzinə çəkilmişdir.

Məlum olduğu kimi, 1990-cı illərin əvvəllərindən ölkədə başlayan hakimiyyət böhranı bu və ya digər şəkildə 1993-cü ilin 15 iyun tarixinədək davam etmiş və xarici təsirlərlə yanaşı, xalqa zidd daxili qüvvələrin də müstəqilliyin ilk və çətin illərində təxribatçı fəaliyyətləri, kənardan qızışdırılıb dəstəklənən bölücülük, separatçılıq hərəkətləri, millətin və dövlətin taleyinə hakimiyyətdəki müəyyən qüvvələrin laqeydliyi ölkəmizi dərin uçurumun bir addımlığına gətirib çıxarmışdı. Daxili çəkişmə və ziddiyyətlər, hakimiyyətdaxili şəxsi və qrup mənafelərinin toqquşması xalqı və dövləti çıxılmaz bir xaosa sürükləmişdi. Belə bir mürəkkəb ictimai-siyasi şəraitdə Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi, sözün əsl mənasında, mühüm tarixi əhəmiyyətə malik olan böyük Qurtuluş missiyası idi. 15 iyun 1993-cü ildə Heydər Əliyevin Azərbaycan Respublikasının Milli Məclisinin Sədri seçilməsi, sonra Prezident səlahiyyətlərinin icrasına başlaması, xalqın yekdil səsverməsi ilə 3 oktyabr 1993-cü il tarixdə ölkəmizin rəhbəri vəzifəsinə seçilməsi Azərbaycan xalqının dövlət müstəqilliyində, eləcə də dövlətçiliyin qorunub saxlanması və inkişaf etdirilməsində tarixi dönüş nöqtəsi olmuşdur.

Məhz görkəmli dövlət xadimi Heydər Əliyevin daxili və xarici siyasət kursunun məqsədyönlülüyünə, dönməzliyinə və perspektivliyinə inam 1994-cü ilin sentyabrında, hakimiyyət böhranından cəmi bir il sonra, haqlı olaraq "Əsrin müqaviləsi” adını almış neft kontraktının bağlanmasına yol açmışdır. Heydər Əliyev bu barədə demişdir: "Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyada bir daha nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Azərbaycan Respublikasının müstəqil demokratik, hüquqi dövlət olduğunu nümayiş etdiririk”.

Məlumdur ki, yeraltı təbii sərvətlərimizin müstəqil dövlətimizin inkişafına yönəldilməsi məqsədinə xidmət edən neft siyasətinin əsası hələ Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1970-ci illərdən qoyulmuşdur. Belə ki, ulu öndər sovet hakimiyyəti dövründə böyük uzaqgörənliklə öz ölkəsinin, xalqının taleyini düşünərək dənizdə Dərin Özüllər Zavodunun məhz Azərbaycanda yaradılmasına nail olmuşdur. Halbuki o zaman rəsmi Moskva bu zavodu Həştərxan vilayətində qurmaq niyyətində idi.

Ulu öndər Heydər Əliyev 14 iyul 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə irəli sürüləndə Ümumittifaq miqyasında sosial-iqtisadi inkişafın səviyyəsinə görə sonuncu yerlərdən birini tutan Azərbaycanın vəziyyəti olduqca çətin idi. Heydər Əliyevin ideyaları, fikirləri, proqnozları əsasında, məqsədyönlü təşkilatçılığı, rəhbərliyi və tələbkarlığı nəticəsində qısa zaman ərzində keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycanda ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni sahələrdə dinamik inkişaf, görünməmiş artım templəri əldə olunmuşdur. Çox sonralar Heydər Əliyev ötən əsrin 70-ci illərində həyata keçirdiyi islahatları xatırlayaraq demişdir: "1970-1983-cü illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Baş verən dəyişikliklərin miqyasına, iqtisadi və sosial sahələrdə aparılan dərin struktur islahatlarının xarakterinə, xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçirilməsinə görə doqquzuncu, onuncu və on birinci beşilliklər Azərbaycanın yeni tarixində ən mühüm yerləri tutur...”

Hakimiyyətə gəldiyi ilk gündən sovet sisteminin siyasətini dərindən bilən ümummilli lider Heydər Əliyev dövlətçiliyin və milli-mənəvi dəyərimizin əsas tərkib hissəsi kimi dil məsələsinə xüsusi diqqətlə yanaşmışdır. Bu elə bir dövr idi ki, dövlət idarəçiliyindən, inzibati idarə sistemlərindən, elmdən, mədəniyyətdən, təhsildən sıxışdırılan milli dillər məişət səviyyəsinə endirilmiş, bütün müttəfiq respublikalarda olduğu kimi Azərbaycanda KP-nin qurultayları, MK-nın plenumları bir qayda olaraq rus dilində aparılmışdır. Belə bir çətin şəraitdə Heydər Əliyev 1 noyabr 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin 50 illiyinə həsr edilmiş təntənəli yığıncaqda ana dilində çıxış etməklə Azərbaycan dilinin təbliğinin əsasını qoymuşdur. Eyni zamanda, 1978-ci ildə Azərbaycan dilinin Azərbaycan Sovet Respublikasının Konstitusiyasına dövlət dili kimi daxil edilməsi Heydər Əliyevin böyük nüfuzunun və möhkəm siyasi iradəsinin qələbəsi kimi qeyd edilməyə layiqdir.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1969-1982-ci illərdə partiya və hökumətin qəbul etdiyi çoxsaylı qərarlar və sərəncamlar dövlət əhəmiyyətli proqramların həyata keçirilməsi bu dövrün Azərbaycanın dövlətçilik tarixinin xüsusi mərhələsinə çevrilməsinə səbəb olmuşdur. Həqiqətən həmin dövrdə Sovet Azərbaycanının tarixinə ən parlaq quruculuq illəri kimi daxil olmuşdur. Respublikanın iqtisadiyyatında, sənayesində, kənd təsərrüfatında qazanılmış uğurlarla yanaşı, elmi-texniki tərəqqinin nailiyyətlərinin sənayedə tətbiqi böyük nailiyyətlərlə nəticələnmişdir. Ulu öndərin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan o dövrdə bütün göstəricilər üzrə keçmiş SSRİ-də qabaqcıl respublikalardan biri səviyyəsinə çatdırılmışdır. O illərdə Heydər Əliyevin sosializm cəmiyyəti şəraitində mərkəzin təzyiqlərini dəf edərək milli-mənəvi dəyərlərimizin dirçəldilməsi, qorunması və inkişaf etdirilməsi istiqamətində yürütdüyü məqsədyönlü siyasət xalqımızın milli kimliyinin saxlanmasına və inkişaf etdirilməsinə xidmət etmişdir. Həmin siyasətin vaxtilə səpdiyi toxumlar sonralar xalqımızı milli-azadlıq mübarizəsinə, müstəqil dövlət quruculuğuna, milli dövlətçiliyimizin bərqərar olmasına aparan yollarda özünün bəhrəsini vermişdir. Bütün bunlar ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsində xalqımızın milli özünüdərkinin təşəkkülü uğrunda apardığı uğurlu siyasət nəticəsində mümkün olmuşdur.

1993-cü ilin iyununda Heydər Əliyev müstəqil Azərbaycan dövlətində xalqımızın iradəsi ilə hakimiyyətin məsuliyyətini öhdəsinə götürəndə dövlətçiliyimizin taleyinin həll olunduğu ölüm-dirim zamanı idi. Lakin Heydər Əliyev ölkəni labüd fəlakətlərdən qurtaracağına əmin idi, xalq da Heydər Əliyevə inanır, bu mürəkkəb vəziyyətdən çıxış yolunu ancaq onda görürdü. Bu, həmin illər idi ki, ölkəmizdə müstəqilliyin elan edilməsindən dərhal sonra, öncə kremlpərəst, sonra isə radikal müxalifətçi qüvvələrin hakimiyyətə yiyələnmələri, aparılan tamamilə yanlış daxili və xarici siyasət nəticəsində müstəqilliyin itirilmə təhlükəsi yaranmışdı. Məhz Heydər Əliyev Azərbaycan xalqını və respublikamızı dərin ictimai-iqtisadi böhrandan çıxarmış, böyük təhlükələrdən xilas etmiş, gələcək inkişafın mühüm təməllərini atmışdır. Bu mənada sovet dövründən başlanan və müstəqillik illərində davam etdirilən ölkəmizin bütöv bir epoxası Heydər Əliyevin adı ilə bağlıdır. Məhz həmin illərdən xalqımızın şüurunda azərbaycançılıq ideyası yaranmağa başlamışdır. Müstəqillik illərində də ulu öndər deyirdi: "İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız Sizə, bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi siyasi, mənəvi inkişafına xidmət olmuşdur”.

Şübhə yoxdur ki, bütövlükdə milli ideologiyamız olan azərbaycançılığın milli dövlətçiliyə tətbiqi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. İlk dəfə 2002-ci ildə ulu öndər dünya Azərbaycanlılarının I Qurultayında azərbaycançılığı Azərbaycanın milli dövlət ideologiyası kimi müəyyən etmişdir. Heydər Əliyevin bu barədə dahiyanə şəkildə ifadə etdiyi aşağıdakı fikirlər dillər əzbərinə çevrilmiş, atalar sözü kimi qəbul edilmişdir: "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.

Bütün bunlar deməyə əsas verir ki, görkəmli dövlət xadimi Heydər Əliyev daim Azərbaycanın inkişaf etməsi üçün çalışmış və xalqımızın bugünkü uğurlarının təməlinin düzgün, düşünülmüş prinsiplər üzərində qurulmasında öz bilik və bacarığını əsirgəməmişdir. Yəni ulu öndər öz xatirələrində də qeyd etdiyi kimi: "1970-ci illərdə görülən işlər, yaradılan bu böyük iqtisadiyyat sənaye potensialı və neft sənayesi sahəsində görülən işlər, yaranmış potensial Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əsasıdır. Bu gün bəyan etmək istəyirəm ki, o illərdə məhz Azərbaycanın gələcəyini, bu gününü, müstəqilliyini düşünürdüm. Bu işləri görərkən mən əmin idim ki, onlar Azərbaycanın sərbəst, müstəqil yaşaması üçün əsas yaradır”.

Ulu öndər Heydər Əliyev hər bir zaman, hər bir şəraitdə milli-mənəvi dəyərlərə böyük önəm vermişdir. Dünya miqyaslı siyasi və dövlətçilik təfəkkürünə, zəngin və qətiyyətli dövlət idarəçilik təcrübəsinə, polad iradəyə, ən çətin və çıxılmaz vəziyyətlərdə belə tükənməz əzm və qüdrətə malik olan Heydər Əliyev bütün həyatını həsr etdiyi doğma vətəni Azərbaycana, Azərbaycan xalqının əsrlər boyu yaratdığı zəngin mənəvi-ədəbi irsə qırılmaz tellərlə bağlı idi. O, xalqımızın həm şifahi xalq ədəbiyyatını, həm də klassik ədəbi irsini çox yaxşı bilir və dəyərləndirirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan müstəqil respublikamız hələ 1991-ci ildə müstəqilliyini dünyaya bəyan edərkən sivil, demokratik, hüquqi dövlət quracağı, hakimiyyətlərin bölgü prinsipinə sadiq qalacağı ilə əlaqədar üzərinə ciddi öhdəliklər götürmüşdür. Ulu öndər Heydər Əliyevə qədər hakimiyyətdə olan qüvvələr Azərbaycanın müstəqilliyinin əsas atributlarından olan konstitusiyanın qəbulu istiqamətində heç bir addım ata bilməmişdilər. Ulu öndər ölkədəki ictimai-siyasi sabitliyi və qanunçuluğu bərpa etdikdən dərhal sonra müstəqil dövlətin ilk milli Konstitusiyanın qəbulu istiqamətində qətiyyətli addımlar atmışdır. Böyük dövlət xadiminin təşəbbüsü və rəhbərliyi altında, eyni zamanda, demokratik cəhətdən inkişaf etmiş dövlətlərin mütərəqqi təcrübəsi əsasında hazırlanan, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən əsas qanunumuz - Azərbaycan Respublikasının Konstitusiyası milli dövlətçiliyimizin inkişafında yeni mərhələyə çevrilmiş, tarixə Heydər Əliyev Konstitusiyası kimi daxil olmuşdur.

Ölkəmizdə müstəqil dövlətçilik siyasətini XXI əsrin qlobal çağırışları şəraitində, eləcə də dünyada geosiyasi maraqların toqquşduğu, dünya nizamında proqnozlara sığmayan kəskin dəyişikliklərin baş verdiyi mürəkkəb şəraitdə inamla və müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasət, son on altı ildə sosial-siyasi inkişafın bütün sahələrində qazanılan uğurlar Azərbaycan Respublikasının tarixi yolunu uğurla davam etdirdiyini nümayiş etdirir. Artıq Azərbaycan ulu öndər Heydər Əliyevin yolunu daha da inkişaf etdirərək böyük nailiyyətlərə imza atmışdır. Möhtərəm Prezidentin apardığı müstəqil siyasət Azərbaycana böyük inkişaf və başucalığı bəxş edir. "Əsrin müqaviləsi”ni tamamlayan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərləri yeni tarixi epoxanın möhtəşəm magistrallarıdır. Bakı-Tbilisi-Qars Dəmir İpək yolu tarixi İpək yoluna Prezident İlham Əliyevin möhtəşəm əlavəsidir. Regionların inkişaf etdirilməsi üzrə Dövlət proqramları və həmin proqramların həyata keçirilməsi istiqamətində əldə edilmiş böyük nəticələr İlham Əliyev erasının tarixi nailiyyətidir.
Naxçıvan Muxtar Respublikasının müstəqillik illərində başdan-başa yenidən qurulması, iqtisadi inkişaf sahəsində Azərbaycanın regionları arasında iki dəfə birinci yerə çıxması dövlətimizin böyük uğurları sırasında mühüm yer tutur. Aparılan uğurlu müstəqil xarici siyasət, multikulturalizm və tolerantlıq, islam həmrəyliyi siyasəti İlham Əliyev dövrünün böyük uğurlarındandır. Bu gün Azərbaycanın postsovet məkanının və regionun lider dövlətinə çevrilməsi Heydər Əliyev siyasətinin və müstəqil dövlətçiliyinin təntənəsidir. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin inkişaf etdirilməsi və daha da möhkəmləndirilməsi ölkəmizin işıqlı sabahlarına böyük imkan yaradır.
 
Rza TALIBOV,
Bakı Dövlət Universitetinin dosenti, Batumi Dövlət Universitetinin fəxri doktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook