SON XƏBƏR

Azərbaycanda sabitlik və inkişaf bütövlükdə regiona müsbət təsir edir

Aprel 24
11:46 2017
Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı
 
- Məlahət xanım, 2017-ci ilin birinci rübü başa çatıb. Hazırda cəmiyyətimizdə ötən rübün yekunları müzakirə olunmaqdadır. Bu haqda sizin də fikirlərinizi bilmək istərdik...
 
- Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev dərin məzmunlu çıxış etdi və ötən dövr ərzində əldə olunan nəticələri müsbət qiymətləndirdi. Dövlət başçısı həmçinin, qarşıda görüləcək işlərlə bağlı hökumətə ciddi tapşırıqlar verdi.
 
Ümumiyyətlə, ölkəmizin 2017-ci il üçün əsas prioriteti qeyri-neft sektorunun sürətli  inkişafıdır. Bu ilin birinci rübünün sosial-iqtisadi göstəriciləri də bu reallığı təsdiqləyir. Bilirsiniz ki, hazırda dünyada iqtisadi böhran yaşanır. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya etdiyi üçün müəyyən məsələlərlə üzləşdi. Bu böhranın arxasında müəyyən siyasi maraqlar var.
 
Müəyyən beynəlxlaq güclər dünyada neftin qiymətini aşağı endirməklə bir sıra dövlətlərə təsir etmək istəyirlər. Amma  Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan öz inkişafını qoruyub saxlayır. Dövlət başçısının Nazirlər Kabinetinin bu ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında söylədiyi kimi Azərbaycan özünün valyuta ehtiyatlarını qoruyub saxladı və bu çox müsbət göstəricidir. Təbii ki, Azərbaycan zəngin yeraltı və yerüstü sərvətlərə malikdir. Hazırda sənaye və kənd təsərrüfatının inkişafı xüsusi diqqət mərkəzindədir. Ölkəmiz öz resurslarından səmərəli istifadə edərək inkişafını davam etdirir. Eləcə də, bölgələrimiz sürətlə inkişaf edir. Regionlarda insanların rifahının yüksəlməsi üçün tədbirlər göürülür, yeni yollar çəkilir, kəndlərimiz qazlaşdırılır və s. Əlbəttə ki, bütün bunlar insanlarımıza xidmət edir. Bir sözlə, çətin dövr arxada qalıb. Hazırda həyata keçirilən islahatlar nəticəsində qarşıdakı dövrdə daha yaxşı inkişaf edəcəyik. Bu gün Azərbaycanın məhsullarının xarici bazarlara çıxarılması üçün mühüm işlər görülür. Azərbaycan brendlərinin dünyada tanıdılması üçün görülən işlər təqdirəlayiqdir. Şübhə yoxdur ki, görülən bu işlər gələcək inkişafımızı daha yüksək səviyyədə təmin edəcək.
 
- Məlumdur ki, hazırda beynəlxalq aləmdə mürəkkəb proseslər baş verir. Bu proseslərin fonunda Azərbaycanın əldə etdiyi nailiyyətlərin əsasında hansı amillər dayanır?
 
- Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Biz ötən il dövlət müstəqilliyimizin bərpa olunmasının 25 illiyini qeyd etdik. Bu illərdə baş verən proseslər, əldə olunan nailiyyətlər bir daha təsdiqləyir ki, Azərbaycanda  Heydər Əliyev siyasəti, Heydər Əliyev yolu alternativsizdir. Hazırda bu siyasətin layiqli davamçısı, Prezident İlham Əliyev Azərbaycanı uğurlu gələcəyə aparan, dövlətimizi və xalqımızı dünyada yüksək səviyyədə təmsil edən liderdir. Azərbaycan mürəkkəb coğrafiyada yerləşir. Təbii ki, belə bir geostrateji məkanda yerləşən Azərbaycanın inkişafını istəməyən qüvvələr var. Amma dövlət başçısının qətiyyətli siyasəti belə qüvvələrin istəyini puç edir. Prezidentimiz beynəlxalq miqyasda ən ali kürsülərdən Azərbaycan həqiqətlərini dünyaya çatdırır. Azərbaycan ərazi baxımından kiçik dövlət olmasına baxmayaraq, dünyada nüfuzlu dövlətdir. Təbii ki, bu amilin əsasında  Prezident İlham Əliyevin beynəlxalq aləmdə nüfuzu və Onun həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lideri olması dayanır. Həmçinin, Azərbaycan qlobal layihələrin təşəbbüskarı və müəllifi kimi də beynəlxalq müstəvidə söz sahibidir. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan «G-20», Nüvə sammitlərində və digər mötəbər beynəlxalq tədbirlərdə iştirak edir. Cənab Prezidentin hər zaman milli maraqlarımızı qətiyyətlə qoruması hər bir vətəndaşda qürur doğurur. Müstəqilliyimizi bərpa etdikdən sonra qazandığımız ən böyük nailiyyətlərdən biri Azərbaycanın BMT Təhlükəsizlik Şurasına (2012-2013-cü illər) üzv seçilməsidir. Bu məsələdə dünyanın 155 dövlətinin Azərbaycana səs verməsi də ölkəmizin beynəlxalq aləmdə böyük nüfuzunun göstəricisidir.
 
Biz ötən illərdə bütün sahələr üzrə böyük nailiyyətlər əldə etmişik. Bu gün ölkəmizdə dünyanın ən mötəbər tədbirləri keçirilir, Azərbaycan humanitar, sivilizasiyalararası  dialoqların məkanıdır. Burada tolerantlıq, multikultural dəyərlər qorunur və inkişaf edir. Bütün bunların fonunda Avropada multikulturalizm məhv olub, irqçilik, rasizm, ayrıseçkilik genişlənib. Bu gün münaqişələr, etnik qarşıdurmalar, terrorizm dünyanın bəlasına çevrilib. Belə bir şəraitdə Azərbaycanda sabitlik, əmin-amanlıq  hökm sürür. Biz bununla fəxr edirik və bu sabitliyi, əmin-amanlığı qorumağa hər birimiz məsuliyyət daşıyırıq.
 
Azərbaycanın yeganə problemi torpaqlarımızın bir hissəsinin işğal altında olmasıdır. Dövlətimizin qarşısında dayanan əsas vəzifə ərazi bütövlüyümüzün bərpa olunması və qaçqın-məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasıdır. Hazırda Minsk qrupunun vasitəçiliyi ilə münaqişənin sülh yolu ilə həlli ilə əlaqədar danışıqlar prosesi gedir. Əgər Ermənistan sülh yolu ilə torpaqlarımızdan geri çəkilməsə bu vəzifəni ordumuz yerinə yetirəcək. Keçən ilin aprel döyüşləri bunu sübut etdi. Ümumiyyətlə,   aprel döyüşləri işğalçı Ermənistana ağır zərbə oldu, düşmən tərəf ordumuzun gücünü gördü. Bu döyüşlər xalqımızda ruh yüksəkliyini daha da artırdı. Xalqımız inanır ki, Prezidentimizin siyasəti nəticəsində torpaqlarımız işğaldan azad ediləcək.
 
Bir məqamı da qeyd edim ki, Azərbaycanda sabitlik və inkişaf bütövlükdə regiona müsbət təsir edir. Ermənilər anlasaydılar bu inkişafdan yararlana bilərdilər. Regionda mühüm enerji layihələri, dəmir yolu layihələri həyata keçirilir ki, bütövlükdə bölgənin inkişafını şərtləndirir. TANAP və TAP layihələri icraya başlayandan sonra bu inkişaf daha da sürətlənəcək. Yəni Azərbaycanın təşəbbüskarı və müəllifi olduğu  bu layihələr təkcə ölkəmizə deyil, region və Avropa xalqlarına da xidmət edir. Ona görə də bütün bunlarla bizim qürur duymağa haqqımız var.
 
- Dövlət başçısı tərəfindən 2017-ci il Azərbaycanda «İslam həmrəyliyi ili» elan olunub. Hazırda bununla əlaqədar olaraq ölkəmizdə bir sıra mühüm tədbirlər keçirilməkdədir. Sizcə, ölkəmiz İslam həmrəyiliyinin təmin olunmasına nə kimi töhfələr verməkdədir?
 
- Azərbaycan Şərqlə Qərb arasında bir körpüdür. Azərbaycan xalqı nadir xalqlardandır ki, həm Şərq, həm də Qərb dəyərlərini özündə birləşdirir. Zəngin milli dəyərlərimiz də buradan qaynaqlanır. Biz dünyada İslam ailəsinin bir parçasıyıq. Azərbaycanın müsəlman dövlətləri ilə münasibətləri qardaşlığa, dostluğa, səmimi əməkdaşlığa əsaslanır. Bu ölkələrlə bu münasibətlərimiz daha da  inkişaf etməkdədir.
 
Azərbaycan müsəlman ölkələrinin təşkilatı olan İslam Əməkdaşlıq Təşkilatında da  təmsil olunur və ikitərəfli, eləcə də çoxtərəfli formatda mövcud olan qarşılıqlı faydalı əlaqələr davamlı olaraq daha da möhkəmləndirilir. Azərbaycanla müsəlman ölkələri daim beynəlxalq arenada qarşılıqlı surətdə bir-birilərinin mənafe və mövqelərini müdafiə edirlər. Azərbaycanın başlıca problemi olan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də bu ölkələrin hər biri respublikamızın beynəlxalq hüquq normalarına əsaslanan haqlı mövqeyini müdafiə edir. Bu, zaman-zaman İƏT çərçivəsində qəbul edilən qərar və qətnamələrdə də birmənalı şəkildə öz əksini tapır.
 
- Sizcə, IV İslam Həmrəyliyi Oyunları müsəlman ölkələri arasında əməkdaşlığın güclənməsinə nə kimi töhfələr verəcək?
 
- Ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları da mühüm əhəmiyyət kəsb edir. Əlbəttə, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsində mühüm rol oynayan ən başlıca amil Azərbaycanın daim İslam dünyasına öz töhfələrini verməsidir. Qeyd etdiyimiz kimi, Azərbaycan müsəlman ölkələri ilə sıx əlaqələrə malikdir və İslam dünyasında böyük nüfuz sahibidir, ölkəmiz İslam dini dəyərlərinin qorunması və təbliği istiqamətində də öz töhfələrini verməkdədir. Prezident İlham Əliyev qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunları təkcə idman tədbiri deyil. Bu, böyük siyasi tədbirdir, bu, böyük mədəni tədbirdir, bu, böyük ictimai hadisədir.  Dövlətimizin başçısı bildirib ki, bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq.
 
Bildiyiniz kimi, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Azərbaycanın Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevadır. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi çox uğurla fəaliyyət göstərir. Xatırladım ki, Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri də Mehriban xanım idi. Məhz onun rəhbərliyi ilə bu Oyunlar yüksək səviyyədə keçirildi. İlk Avropa Oyunları göstərdi ki, Azərbaycan ən yüksək tədbirlərə ev sahibliyi etməyə qadirdir. Bu mənada IV İslam Həmrəyliyi Oyunlarının da çox yüksək səviyyədə keçiriləcəyinə əminik. Bu tədbir bir daha Azərbaycanın dünyada tanıtımı olacaq.
 
- Məlahət xanım, rəhbərlik etdiyiniz YAP Nəsimi rayon təşkilatı növbəti hesabat-seki konfransına necə hazırlaşır?
 
- YAP-ın nizamnaməsinə müvafiq olaraq hesabat-seçki konfransları keçirilir. YAP Nəsimi rayon təşkilatı da  10-cu konfransın ərəfəsindədir. Konfransa hazırlıq işləri demək olar ki, başa çatıb. Bütün ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib. Bu yığıncaqlarda bu günə qədər gördüyümüz işlərə baxış etdik, həmçinin bütün ilk təşkilatlarda konfransa nümaynədələr seçildi, təşkilati məsələlərə baxıldı.
 
Qeyd edim ki, YAP Nəsimi rayon təşkilatının 27 mindən çox üzvü var. Onların təxminən  40 faizi gənclər, 50 faizi isə qadınlardır. Sevindirici haldır ki, gənclər və qadınların partiyamızda təmsilçiliyi əhəmiyyətli dərəcədə artır. YAP gələcəyimiz olan gənclərə geniş imkanlar açır. Gənclər partiyamız vasitəsilə öz bilik və bacarıqlarını nümayiş etdirir, gələcək kadrlar kimi yetişirlər. Eləcə də, qadınların cəmiyyətimizdə  siyasi fəallığı artmaqdadır ki, bu prosesdə partiyamızın rolu xüsusi qeyd olunmalıdır.
 
Bilirsiniz ki, bu il Yeni Azərbaycan Partiyasının yarandılmasının 25-ci ildönümü tamam olur. Ötən dövrdə partiyamız şərəfli bir yol keçib. Qürurla deyə bilərik ki, artıq bu gün YAP Cənubi Qafqaz regionunun ən böyük siyasi qüvvəsidir.  Partiyada cəmiyyətimizin intellektual potensialı birləşib. Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, partiyamıza güclü axın var. Bu axının səbəbi isə insanlarımızın cənab Prezidentin ətrafında sıx birləşməsidir. YAP-ın hər bir üzvü Prezidentimizin uğurlu siyasətinin təbliğatçısıdırlar. YAP Nəsimi rayon təşkilatı olaraq biz də bu prosesdə hər zaman aktiv iştirak etməyə çalışırıq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook