SON XƏBƏR

Bu iki xanım 105 ildir eyni vəzifədədirlər - Azərbaycanda

Noyabr 30
10:03 2019
"Azərbaycanda bu iki xanım Ginnesin Rekordlar kitabına düşməlidir. 93 yaşlı Ədilə Namazova 1965-ci ildən (54 il) Azərbaycan Dövlət Tibb Universitetinin "klinik pediatriya" kafedrasının müdiridir. 90 yaşlı Məsumə Məlikova isə 1968-ci ildən (51 il) Bakı Dövlət Universitetinin "Dövlət və hüquq nəzəriyyəsi və tarixi" kafedrasının müdiridir".
 
Bu sözləri təhsil eksperti Etibar Əliyev feysbuk səhifəsində yazıb. 
 
Qlobal.az hər iki alimin fəaliyyət və yaradıcılıqlarını vikipediya məlumatlarına əsasən təqdim edir:
 

 
Ədilə Namazova 1926-cı ildə olub. 1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Əmək fəaliyyətinə Ağdam rayon mərkəzi xəstəxanasında başlamışdır.
1965-ci ildən Azərbaycan Dövlət Tibb İnstitutunun klinik pediatriya kafedrasının müdiridir. 1965-ci ildə tibb elmləri doktoru dərəcəsi almışdır. 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilmişdir. Hazırda Rusiya Federasiyası Tibb Elmləri Akademiyasının üzvüdür.

1982-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür. AMEA-nın həqiqi üzvüdür. 1976-cı ildən Azərbaycan Pediatrlar Cəmiyyətinin sədridir.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəyasət heyətinin üzvü, Türkdilli Ölkələrin Pediatrlar Cəmiyyətinin vitse-prezidentidir. SSRİ Ali Sovetinin deputatı olmuşdur.

Adilə Namazovanın tədqiqatları uşaqlarda revmatizmin fəal dövründə ürəyin funksional vəziyyətinin, ürək arakəsmələrinin anadangəlmə qüsurlarının xüsusiyyətlərinin öyrənilməsi olmuşdur. O, ürək üzərində cərrahi əməliyyata - korreksiyaya göstəriş və əks-göstərişi müəyyənləşdirmiş, ilk dəfə olaraq ürəkdə aparılmış cərrahi əməliyyatların yaxın və uzaq dövrlərdə nəticələrini qiymətləndirmişdir.

Azərbaycanın ilk qadın pediatr alimi sayılır. 300 elmi əsərin, 8 monoqrafiya və dərsliyin, 5 ixtiranın müəllifidir.

SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü olmuşdur.

"Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu", "Şöhrət", "Şərəf" ordenləri ilə təltif olunub. 
 

 
Məsumə Məlikova 1929-cu ildə anadan olub. 1989-cu ildən AMEA-nın müxbir üzvüdür. Hüquq elmləri doktoru, professor Məsumə Məlikova 1969-cu ildən BDU Hüquq fakültəsində "Dövlət və hüquq nəzəriyyəsi tarixi kafedrası"nın müdiridir.
 
Məlikova 1958-ci ildə M.V. Lomonosov adına MDU-da «M.F.Axundovun ictimai-siyasi baxışları» mövzusunda namizədlik dissertasiyası, 1973-cü ildə isə «XIX əsrin ikinci yarısı-XX əsrin başlanğıcında Azərbaycan maarifçilərinin siyasi və hüquqi baxışları» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1974-cü ildə professor elmi adını almış, 1989-cu ildə Azərbaycan MEA-nın müxbir üzvi seçilmişdir.

Bir çox dərslik, dərs vəsaiti, monoqrafiyanın, 150-dən artıq risalə və elmi məqalənin müəllifidir. Rəhbərliyi altında 20 namizədlik və 2 doktorluq dissertasiyası müdafiə edilmişdir.

Prof. Məlikovanın elmi-fəaliyyəti hüquqşünaslığın iki mühüm sahəsinin-Siyası və hüquqi təlimlər tarixinin və Dövlət və hüquq nəzəriyyəsinin aktual problemlərinin tədqiqinə həsr edilmişdir. Prof. Məlikova Azərbaycanın siyasi və hüquqi təlimlər tarixinin öyrənilməsi məktəbinin banisidir. O, Azərbaycanda ilk dəfə olaraq milli siyasi və hüquqi fikir tarixinin öyrənilməsinin əsasını qoymuş və beləliklə də hüqüqşünaslıqda yeni bir istiqamətin bünövrəsini yaratmışdır.

Prof. Məlikova baş redaktor qismində Azərbaycanda ilk dəfə 1991-ci ildə nəşr edilmiş «Hüquq ensiklopedik lüğəti»nin tərtib edilməsini təşkilatçısı olmuş, böyük müəlliflər kollektivinə rəhbərlik etmişdir və həm də bu lüğətdə 80-dən artıq məqalənin müəllifidir. Prof. M. F. Məlikova bir çox monoqrafiya, elmi jurnal və dərsliklərin elmi redaktorudur.

Prof. Məlikova tərəfindən ilk dəfə yazılmış «Azərbaycanın siyasi-hüquqi nəzəriyyələr tarixi» (1984), «Kitabi Dədə Qorqudda ictimai siyasi ideyalar» monoqrafiyaları ölkədə hüquq elminin inkişaf etdirilməsində diqqətəlayiq hadisə olmuşdur.
 
Prof. M. F. Məlikovaya 1969-cu ildə «Azərbaycan SSR əməkdar hüquqşünası» fəxri adı verilmişdir. O, 1976-cı ildə «Şərəf nişan» ordeni ilə, 2000-ci ildə «Şöhrət» ordeni ilə, 1985-ci ildə «Əmək veteranı» medalı ilə, bir neçə fəxri fərmanlarla, o cümlədən 1994, 1999, 2004-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının fəxri fərmanları ilə təltif edilmişdir.

Qlobal.az






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook