Deputatlığa namizəddən şok müraciət: "Cibimə narkotik atıb həbs olunacağımla bağlı..."
Yanvar 25
04:23
2020
67 saylı Cəlilabad şəhər dairə seçki dairəsindən deputatlığa namizəd Bağırov Şahin Xanoğlan oğlu feysbuk səhifəsində Cəlilabad rayon İcra Hakimiyyəti tərəfindən təhdid olunduğunu yazıb.
Azərbaycan Milli Elmlər Akademiyasi, Fəlsəfə İnstitunun aparıcı elmi işçisi olaraq Azərbaycan Demokratik İslahatlar Partiyasından parlament seçkilərinə qatılan Şahin Bağırovun statusunu təqdim edirik:
"Azərbaycan Respublikasının Milli Məclisinə 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar seçkilərdə iştirak etmək üçün seçdiyim DSK-ya ərizə verdiyim ilk gündən təhdid olunuram və namizədliyimin geri götürülməsi istiqamətində yerli icra hakimiyyəti başçısının və onun Prezident Admnistrasiyasındakı yaxın adamının hədə dolu ismarıclarıyla üzbəüz qalmışam! Qeyd edim ki, ilk olaraq yaxın adamlarıma çıxdılar və istədikləri missiya baş tutmadı... Hazırda isə Azərbaycan ictimaiyyətinin yaxından tanıdığı daha ranqlı fiqurlarla üstümə hücuma keçiblər. Təzyiqlər böyükdür! Şübhəsiz, bu təzyiqlərə dözürəm və davamlı olacağını da istisna etmirəm... Amma məni narahat edən və gözümə yuxunun getməsini belə qoymayan bu təhdidlər sırasında cibimə narkotik atıb həbs olunacağımla bağlı səsləndirilən və bəndənizə ultimativ şəkildə bu ismarıcın çatdırılmasıdır!!! Bəli! Məsələnin fərdiləşdirərək öz üzərimə gətirib çıxarmaq da istəməzdim, lakin görün dünyanın harasına və hansı zamanına gəlib çıxmışıq ki, elm adamına, universitet müəlliminə belə təhdidlər yağdırılır... Və mənim Cəlilabada ayaq basacağım təqdirdə həbs olunacağımla da bağlı qorxu xofu yaradan məlumatlar gəlməkdədir... Yəni, həqiqətənmi bu mümkün ola bilər? Səbəbini soruşduqda bildirdilər ki, guya bəndəniz təbliğat-təşviqat kampaniyasını Yeni Azərbaycan Partiyasının namizədinə qarşı qurub... Başa düşmək olmur, bu fikri hələ mənim üzümə deyənlər, görün mənim haqqımda yuxarılara daha hansı idbar düşüncənin məhsulu olan informasiyaları çatdırırlar...
... Niyyətim aydındır ! Hesab edirəm ki, heç bir qəbahət iş də tutmamışam! Və mən Cəlilabada gələcəm, hər nə baş versə də ona hazıram!".
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının 67 saylı Cəlilabad şəhər dairə seçki dairəsindən deputatlığa namizədi Malik Həsənovdur.
Qlobal.az