SON XƏBƏR

DİN-dən "Əxlaq Polisi"nin yaradılması ideyasına açıqlama

Sentyabr 12
00:10 2019
"Paytaxt sakinlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq, polis əməkdaşları Bakının bir sıra mərkəzi küçələrindən, xüsusən də "Torqovı”dan (Nizami küçəsi) Azərbaycan xalqının milli dəyərlərinə, mentalitetinə zidd hərəkətlərə yol verən və turistlərə ədəbsiz təkliflər edən qadınları yığışdırıb və onlara müvafiq xəbərdarlıq ediblər. Polisin bu hərəkətləri bütövlükdə şəhər sakinləri tərəfindən müsbət qarşılanıb".

Bunu Virtualaz.org-a sosial şəbəkələrdə Azərbaycanda "Əxlaq Polisi"nin yaradılacağı barədə məlumatlara münasibət bildirən  Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.

"Ancaq son günlər sosial şəbəkələrdə bəzi istifadəçilər, polisin bu hərəkətlərinə əsaslanaraq, Azərbaycanda yeni bir qurumun-"Əxlaq Polisi"nin yaradılacağı barədə məlumatlar yayırlar. Bununla əlaqədar olaraq bildirirəm ki, bu bəyanatlar əsassızdır. Ümumiyyətlə nə keçmişdə, nə də bu gün Daxili İşlər Nazirliyində "Əxlaq Polisi" strukturunun yaradılması üçün heç bir layihə olmayıb və yoxdur”, - deyə E.Zahidov bildirib.

Daxili İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, Azərbaycan polisi indiyədək qanunda nəzərdə tutulmuş vəzifələri ləyaqətlə yerinə yetirib və bundan sonra da cinayətkarlığa, eləcə də vətəndaşların haqlı narazılığına səbəb olan hər hansı qanunazidd hərəkətlərə qarşı mübarizə aparacaq və ictimai sabitliyi təmin edəcək.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook