SON XƏBƏR

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti şirkətlərinə müraciət edib

Aprel 15
16:52 2020
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən istifadəyə verilən "Bir pəncərə” elektron müraciət sistemi şəffaflığı və istifadədə rahatlığı sayəsində inşaat obyektlərinin tikintisinə və istismarına icazənin alınması presedurunu əhəmiyyətli dərəcədə asanlaşdırıb, məmur-sahibkar ünsiyyətini minimuma endirərək iş adamlarının əlavə vaxt itkisinin qarşısını alıb.

Komitədən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə elan etdiyi xüsusi karantin rejimi ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti sektorunda çalışan sahibkarlara müraciət edərək www.birpencere.arxkom.gov.az internet səhifəsi vasitəsilə "Bir pəncərə” elektron müraciət sistemindən maksimum yararlanmağa çağırır.

Komitə tərəfindən təmin edilmiş bu imkan sayəsində tikinti niyyəti olan hər bir iş adamı olduğu yeri tərk etmədən "Bir pəncərə” sisteminə internet vasitəsilə elektron qaydada müraciət edərək Şəhərsalma və Tikinti Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan ekspertizasının keçirilməsi tələb olunmayan müxtəlif parametrli tikinti obyektləri və anbar binalarının tikintisinə icazəni 15 iş günü müddətində, istismarına icazəni isə 10 gün müddətində onlayn əldə edə bilər. Bu növ tikinti obyektləri üçün hər iki icazə pulsuzdur və sifarişçi tərəfindən hər hansı ödənişin edilməsi tələb olunmur.

Bununla yanaşı, sistem vasitəsilə ekspertizasının keçirilməsi tələb olunan tikinti obyektlərinin də istismarına icazə almaq mümkündür. İstənilən istifadəçi sistemdə şəxsi kabinetə daxil olmadan "kalkulyator” bölümündən tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı baxışın keçirilməsinə görə xidmət haqqını öyrənə bilər. Bunun üçün sistemdə göstərilən xəritədə zonalar üzrə seçim edilir, obyektin sahəsi qeyd olunur və əmsal müəyyənləşərək məbləğ çıxarılır. Tikinti sifarişçiləri tələb olunan sənədləri yükləyərək müraciəti tamamlayır və istismara icazə ilə bağlı bu müraciətə 20 gün müddətində baxılır.

Eyni zamanda, "Bir pəncərə” sistemi xidmətin göstərilməsi üçün tərəflər arasında müqavilənin elektron formada imzalanmasına və sifarişçinin onlayn ödəniş etməsinə də imkan verir. Bütün prosedur başa çatdırıldıqdan sonra icazə sənədi elektron formada təqdim olunur.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi hər kəsi Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi xüsusi karantin rejiminin bütün tələblərinə əməl etməyə, xüsusi ehtiyac olmadan yaşadığı (olduğu) yeri tərk etməməyə, sosial məsafə saxlamağa çağırır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook