SON XƏBƏR

Dövlət tikinti şirkətini satışa çıxartdı

Fevral 08
17:04 2016
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dəmir-beton məhsullarının istehsalı və tikinti-quraşdırma işləri ilə məşğul olan "Gəncə Mənzil Tikinti” ASC-nin səhmlərinin 99,96%-nin satışı üzrə təkrar investisiya müsabiqəsi elan edib.
 
Bu barədə agentliyinə ƏMDK-dan məlumat verilib. ASC-nin 1 mln. 348,054 min ədəd səhminin satışı üzrə müsabiqədə həm yerli, həm də xarici investorlar iştirak edə bilər. Müsabiqə iştirakçıları tərəfindən hazırlanan investisiya proqramında müəssisənin mövcud fəaliyyətinin bərpası və müasir standartlara uyğun yenidən qurulması, gələcək fəaliyyət növündən asılı olaraq yeni texnika və avadanlıqların alınması, müəssisənin ərazisinin abadlaşdırılması, yeni iş yerlərinin açılması və işçilərin sosial təminatına dair təkliflər nəzərdə tutulmalıdır.
 
Bundan başqa, investisiya proqramına bu məqsədlər üçün investisiyaların həcmi və müddəti daxil edilməlidir. Müsabiqənin qalibi səhmlərə görə dövlət büdcəsinə ən azı 550 min manat köçürməlidir.
 
Müsabiqənin qalibi ilə səhmlərin alqı-satqısı haqqında müqavilə müsabiqənin nəticələrinin təsdiq olunduğu andan etibarən 30 gündən gec olmayaraq imzalanmalıdır.
 
Müqavilə imzalandıqdan sonra müsabiqənin qalibi bəyan edilmiş sərmayənin həcminin 5%-ni 90 gün ərzində ASC-nin hesabına, səhmlərə görə müsabiqə təklifində nəzərdə tutulmuş vəsaiti isə dövlət büdcəsinə köçürməlidir. Müsabiqə üzrə təkliflər 2016-cü il martın 7-nə qədər qəbul ediləcək. Təkliflər martın 9-da qiymətləndiriləcək.
 
Xəbər verildiyi kimi, ƏMDK bu müəssisənin səhmlərini 6 dəfə – 2008, 2009, 2010, 2012, 2013 və 2014-cü illərdə investisiya müsabiqəsinə çıxarıb. Lakin səhmlərin alıcısı olmayıb. "Gəncə Mənzil Tikinti” ASC Gəncə şəhərində yerləşir. Müəssisə 1979-cu ildə istismara verilib. Burada 7 nəfər çalışır. 2016-cı il yanvarın 1-nə ASC-nin öhdəlikləri 315,146 min manat təşkil edir
 
. Müəssisənin debitor borcu 248,948 min manata bərabərdir. 2016-cı il yanvarın 1-nə ASC-nin nizamnamə kapitalı 2 mln. 697,092 min manat təşkil edir və nominal dəyəri 2 manat olan adi səhmlərə bölünüb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook