SON XƏBƏR

“Evi oğurluqla alıblarsa, müsadirə etmək olar“ - Elçin Şıxlı

May 28
00:15 2020
Jurnalistlərə verilən mənzillərlə bağlı Baş Prokurorluq araşdırmaya başlayıb. Belə ki, mənzillərin ədalətsiz bölgüsü ilə bağlı Prezident İlham Əliyevə müraciət edən 31 media işçisi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılaraq ayrı-ayrılıqda idarədə dindirilib. 

Məlumata görə, idarəyə çağırılan jurnalistlər prezidentin sabiq köməkçisi Əli Həsənov, KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərliyə və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşova cinayət işinin başlanmasını istəyirlər.

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı qeyd edib ki, ümumiyyətlə, jurnalistlərə ev verilməməlidir:

"Düzü, olmayan şey barədə danışmağı xoşlamıram. Cinayət işi qaldırılıb araşdırılarsa, o başqa məsələ, çünki elə olanda son olaraq qərarı məhkəmə verir. Mülk kağızı varsa və onu oğurluqla alıblarsa, evi müsadirə etmək olur. Yox, əgər hazırda ev sahibi olanlar evi oğurluqla almayıblarsa, yəni başqaları bu evi onlara oğurluqla veriblərsə, mülkiyyətin geri qaytarılmasının hüquqi cəhətdən necə olacağını deyə bilmərəm”.

Elçin Şıxlı deyib ki, o, həmişə jurnalistlərə mənzil paylanılmasının əleyhinə olub:

"Dövlət jurnalistə ev verməməlidir. Çünki verilirsə, gərək həkimə, mühəndisə və müəllimə də ev verilsin. Jurnalistlər də hamı kimi vətəndaşdırlar. Sadəcə, jurnalistə elə şərait yaratmaq lazımdır ki, evi halal zəhməti ilə ala bilsin. Bunun müxtəlif yolları var. Amma evləri bağışlayırlarsa, sonda biz gəlib hazırkı vəziyyətlə üzləşəcəyik. Çünki ortalıqda jurnalisti ələ almaq istəyən, ona mənzili rüşvət kimi təklif etmək istəyən bir sıra məmurlar var. Onların adlarını isə elə siz çəkdiniz”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook