SON XƏBƏR

“Fədakar” canlı tarix salnaməsidir

May 07
21:11 2020
Film Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə 2020-ci ilin Dövlət Mükafatlarına təqdim olunub.
   
Azərbaycan kinematoqrafını tarixi XIX əsrin sonlarında Bakıda baş verən neft bumu ilə başlanır. Bunu təsadüfən yada salmadım. Haqqında danışmaq istədiyim "Fədakar” iki hissəli bədii-sənədli filmi də Azərbaycan neft tarixi ilə daha çox bağlıdır. Qeyd edim ki, film həlli bir qədər mürəkkəb olan formada ərsəyə gətirilib. Belə tip filmlərin çəkilməsi olduqca çətindir. Reallığı olduğu kimi, bədii təxəyyülün yaradıcılıq elementlərini əlavə etmədən, aktyor ifası ilə canlandırıb təqdim etmək heç də həmişə uğurlu olmur. Bu mənada qeyd edilən formatda istehsal edilən kinofilmlərin heç də hamısının taleyi uğurlu olmur. Lakin "Fədakar”da biz tamamilə ayrı bir real həqiqəti görürük. Burada real hadisələr bədii kinonun elementinə çevrilib tarixi həqiqət kimi yenidən tamaşaçıya qaytarılır və tamaşaçı da bunu böyük maraq hissi ilə qəbul edir və sevir. Filmin  süjeti tamaiylə real həyatdan gəlir və filmin real qəhrəmanı filmin ona aid olan obrazlarının beşincisinin ifaçısıdır... Yəni ekran əsəri 1930-cu ildən bu günümüzə qədərki tariximizin kino lentində təcəssüm etdirməklə tamaşaçılarına həmin tarixi dövrün şahidləri olmaq şansı verir.  



"Fədakar” 1930-cu ildə dünyaya göz açmış Azərbaycanın böyük ziyalısı, fədakar nefçi, Azərbaycan neft tarixinin canlı əfsanəsi, Xəzər dənizindəki neft yataqlarının kəşfində böyük əmək sərf edən, el ağsaqqalı, tanınmış alim, akademik Xoşbəxt Yusifzadənin həyat hekayələri əsasında lentə alınıb. Filmin ədəbi ssenarisi akademikin qələmə aldığı "Ömrümün illəri və izləri” adlı kitabının motivləri əsasında yazılıb. Bir həqiqət var ki, kitabada verilən ümumi həyat hekayətlərindən seçilərək ssenariyə daxil edilən ən maraqlı epizodlar filmin olduqca təsirli alınmasını təmin etməklə yanaşı, tarixi xronologiyaya və hadisələrin ardıcıllığına xələl gətirmir... 1930-cu, 1940-cı illərin, Böyük Vətən Müharibəsi dövrünün  uşaqlarının uşaqlıq həyatını əllərindən alan hadisələrin balaca Xoşbəxtin timsalında təqdim edilməsi ümumən həmin dövrün acı taleli xatirlərini canlandırır. Represiyalar, "xalq düşməni” tənəsi, müharibənin gətirdiyi bədbəxtliklər... Bir daha qeyd edim ki, bütün bunlar bədii vasitələrlə-aktyor oyunu ilə təqdim edilsə də bəddi təxəyyülün məhsulu deyil, öz zamanının diktə etdiyi real həyat hadisələridir... 
 


Bir həqiqət də var ki, Xoşbəxt Yusifzadənin olduqca maraqlı həyat hekayələri sanki elə bədii kino üçün yazılan bir kinossenarini xatırladır... Biz filmdə 30-cu illərin sovet uşaqlarının həyat tərzini, Pirşağı kəndinin timsalında Azərbaycan kəndini, kənd sakinlərinin timsalında isə o dövrün insanlarını tanıyırıq və tarixdən oxuduqlarımızı real təsvirlrdə izləyirik.  
 


Filmin qəhrəmanı olan Xoşbəxt obrazını biz beş ayrı-ayrı aktyorun ifasında görürük. Beş ayrı-ayrı obraz, həm də beş dövrün ayrı-ayrı obrazıdır. Bu obrazları beş müxtəlif dövrlərdə yaşayan isə bir nəfərdir: əsərin baş qəhrəmanı. 1930-ci ildə dünyaya göz açan körpəyə Xoşbəxt adı verən ata, oğlu beş yaşında olanda həbs olunaraq represiya məruz qalır.  Məktəbli Xoşbəxt isə komsomol sıralarına bir il də tez keçmək üçün xırda bir yanlışa yol verir, yaşını bilərəkdən bir il böyüdür... Bu, onun müharibə dövründə ilk fədakarlığı hesab olunur və məktəb komsomol komitəsi ona həvalə olunur... 

Onun anasının obrazında fədakar bir ananın, mübariz bir qadının mücadiləsinin şahidi oluruq... Elmə olan qeyri-adi həvəsi Xoşbəxti kilometrlərlə uzaq qonşu kənd məktəbinə aparır və o, hər gün bu uzaq yolu payi-piyadə gedib gəlir... Hər bir kəsin uşaqlıq həvəslərini-şeir yazmaq, musiqi ifa etmək kimi ülvi və kövrək hissləri filmin qərəmanı da yaşayar, amma qeyri-adi... Xoşbəxti müharibənin çətinliklərinə baxmayaraq kənd klubunda tamaşalar qoyan rejissor və baş rolların ifaçısı olan aktyor kimi görürük... və bu tamaşalar müharibənin ağırlığından qəddi əyilən, ovqatı kədrdən açılmayan kənd camaatına bir təskinlik verir... Qəm insanı birləşdirir-deyirlər... filmdə qəmin, kədərin hakim olduğu müharibə illərində kənd adamlarının necə doğma olduğunu görürük...
 
Və ən nəhayət qəhrəmanımızın tələbəlik illərinin maraqlı hadisələri tamaşaçını çox da uzaq olmayan bir keçmişə aparır... Xoşbəxtin sevgisi də qeyri-adidir... Ülvi, təmiz və dönməz. İlk və son məhəbbət... Filmin qeyri-adiliyi həm də ondadır ki, obrazları canlandıran aktyorlardan sonra hadisələrin iştirakçıları olan qəhrəmanların əksəriyyətinin özünü də görürük... Film boyu hər an biz halal zəhmətin təntənəsinin şahidi oluruq... Zəhmətin ucaltdığı zirvələrin fatehləri bizə həqiqətin heç də hamar olmayan yollarını göstərirlər...
 


"Fədakar”ın sonrakı kadrlarında Xoşbəxt Yusifzadənin Azərbaycan neft sənayesində fəaliyyəti nümayiş etdirilir. Burada artıq filmin baş qəhrəmanı öz beşinci obrazını ifa edir. Bu, akademik Xoşbəxt Yusifzadənin özüdür. Burada biz Azərbaycan neft sənayesinin 1950-ci illərin əvvələrindən bu günümüzə qədərki tarixi dövrü görürük. Dəniz neftçilərinin qarşılaşdıqları çətilikləri, neftçi fədakarlığını reallıqları ilə əks etdirən film həm də tarixi epopeya təsiri bağışlayır. 
Azərbaycan iqtisadiyyatının mənbəyini təşkil edən, inkişafımızı təmin edən neft sənayemizin tarixini bilmək vətəndaş olaraq hər birimizin borcu və haqqıdır. Bu mənada "Fədakar”ın öz üzərinə götürdüyü missiya alqışlara layiqdir. Qəhrəman neftçinin fəaliyyəti boyu üzləşdiyi çətinliklər öz yerində, onun maraqlı insanlarla, rəsmi şəxslərlə görüşləri də neft tarixinin maraqlı hadisələridir. Filmdə keçmiş  SSRİ rəhbəri Xruşşovun, o vaxt ölkəyə səfər edən xarici qonaqların Neft Daşlarına gəlişi, Brejnevlə, Kaseginlə, Kirilenko ilə baş tutan görüşlər də təqdim olunur. Lakin bu, sıradan olan adi təqdimat deyil. Burada Xoşbəxt Yusifzadənin əsl Azərbaycan kişisinə məxsus cəsarətli hərəktlərini, Şərq müdriki Molla Nəsirəddinin lətifələrindən məharətlə istifadəsini və öz fikrini yumorla ifadə etməsini görürük.  



Beləliklə, fədakar qəhrəmanın yurduna, elinə necə möhkəm tellərlə bağlı olduğunun şahidi oluruq. Bu bağlılığı filmin digər bir epizodunda da görmək olar. Moskvada yüksək ali vəzifəyə dəvət alan Xoşbəxt Yusifzadə o zamankı Azərbaycan rəhbəri Vəli Axundovun təkidli tələblərinə baxmayaraq Bakıdan başqa heç yerə  gedə bilməyəcəyini israr edir və həmin vəzifədən imtina edir.
 


Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin neftçi əməyinə verdiyi qiymət, neft sənayesinin inkişafı üçün gördüyü işlər, eləcə də təcrübəli geoloq Xoşbəxt Yusifzadə haqqında dediyi fikirlər  filmin ən yaddaqalan epizodlarıdır. Qeyd edilən hissələrin filmdə özünəməxsus şəkildə təqdimatı fərqli və maraqlıdır. Akademik Xoşbəxt Yusifzadənin Ulu öndərin davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşləri də filmin yerində verilən, hadisələrin dinamik inkişafını uğurlu kulminasiyaya aparan ən maraqlı momentlərini təşkil edir. Ölkə başçısının rəhbərliyi ilə yaradılan müasir, modern  Azərbaycan neft sənayesinin möhtəşəm mənzərəsi canlanır göz önündə... 

Film Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sifarişi ilə istehsal edilib. Ekran əsərinin uğurlu alınmasında heç şübhəsiz ki, baş məsləhətçi, SOCAR-ın vitse-prezidenti Xalik Məmmədovun da böyük əməyi olub. Neft sənayesinin özünəməxsusluğunun dəqiq təcəssümü çox güman ki, onun məsləhətləri sayəsində reallaşdırılıb. Obrazların ifaçıları, aktyor heyəti çox ustalıqla  seçilib. 
 


Filmin yaradıcıları bədii səhnələri real həyatla üzvi surətdə, ustalıqla bağlaya biliblər. Filmdəki obrazları yaradanlar arasında: xalq artistləri Rasim Balayevin, Səidə Quliyevanın, mərhum İlham Əsgərovun, Şamil Süleymanovun, əməkdar artistlər: Azad Şükürovun, Fərhad İsrafilovun, Əlican Əzizovun, Əliqulu Səmədovun, Namis Şirməmmədovun, Mirzə Ağazadənin, aktyorlar: Hikmət Rəhimovun, Günəş Mehdiyevanın, Könül Şahbazovanın, Rauf Hüseynovun, Elmar Qarayevin və başqalarının peşəkar ifalarını görürük.
 


"Fədakar” filmində biz əməyin ucaltdığı bir mətin obraz görürük. Elə bir obraz  ki, onun həyatı tariximizin bir hissəsini təşkil edir. Elə bir obraz ki, onun həyat fəlsəfəsi zəhmətdən güc-qüvvət alıb. O, "sən zəhmət çəkməkdən qorxma, zəhmət heç vaxt yerdə qalmaz. Əgər sən zəhmət çəksən o səni mütləq ucaldacaqdır” deyən böyük bir inamın daşıyıcısı olan obrazdır.O, bunu öz zəhməti ilə həyata keçirmiş obrazın özüdür. Film gələcək nəsillər üçün əsl örnək mənbəyi, həyat məktəbidir. Bu mənada  "Fədakar” filmi insanları yaxşı əməllərə səsləmək, doğru istiqamatə yönəltək məqəsədini uğurla yerinə yetirib. Filmdə bütün yaradıcı kollektiv böyük zəhmət və peşəkarlıq nümunəsi göstərib. Filmin yüksək peşəkarlıqla işlənmiş ədəbi ssenarisini rejissorun uğurlu quruluşu və operatorun peşəkarlığı tamamlayır. 
 


Filmin ssenari müəllifi və bədii rəhbəri, ssenariləri əsasında 150-dən çox filmin çəkildiyi tanınmış kinossenarist Eldar İskəndərzadənin qələmindən çıxan növbəti uğurlu ədəbi ssenarinin əsasında Əməkdar mədəniyyət işçisi, çoxsaylı uğurlu filmlərə quruluş verən peşəkar kinorejissor, filmin quruluşçu rejissoru Vasif Məmmədzadənin, Əməkdar incəsənət xadimi, "Şöhrət” ordenli, Azərbaycan kinosunda peşəkarlığı ilə böyük uğurlara imza atan kinooperator, filmin quruluşçu operatoru Rafiq Quliyevin uğurlu iş birliyi sayəsində ərsəyə gələn "Fədakar” filmi Azərbaycan kinematoqrafının növbəti sanballı uğurlarından biridir. Ssenari həlli uğurla tapılan  filmdə rejissor işi, operator işi yüksək səviyyədədir. Məhz bu vəhdətin nəticəsidir ki, 2020-ci ilin Dövlət Mükafatlarına təqdim olunan və bu mükafata həqiqətən də layiq olan bir ekran əsəri yaranıb. Məncə film Azərbaycan mədəniyyəti, kinosu üçün ən gözəl töhvələrdən biridir. Hesab edirəm ki, 2 hissəli "Fədakar” bədii-sənədli filminin Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə 2020-cı ilin Dövlət Mükafatlarına layiq görülməsi alqışalayiq hadisə olardı. 

Aydın Kazımzadə
Kinoşünas, Prezident təqaüdçüsü,
Əməkdar incəsənət xadimi



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook