SON XƏBƏR

Karantin dövründə icazə ilə bağlı mühüm yenilik (VİDEO)

Aprel 20
12:00 2020
Vətəndaşlara proaktiv xidmətlər göstərməklə onların işlərini asanlaşdıran, resurslarına qənaət edərək şəffaf və operativ xidmət göstərən "myGov” elektron hökumət portalına xüsusi karantin rejimi zamanı fəaliyyət üçün təsdiqlənmiş icazələr inteqrasiya edilib. Belə ki, vətəndaşlar "Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə mövcud icazələrinin statusuna "myGov” portalında baxa bilərlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, bunun üçün vətəndaş "myGov” portalına daxil olaraq öz şəxsi kabinetində "Məlumatlarım” bölməsini seçir, açılan pəncərədə "İcazələrin Alınması və Monitorinqi Sistemindən arayış”ın üzərinə sıxılır. Burada vətəndaş öz icazəsinə baxa və ya "yüklə” düyməsinə sıxaraq elektron formasını kompüterinə və ya telefonuna yükləyə bilər.

Alternativ olaraq portalın "Bütün xidmətlər” bölməsində "Qurumlar üzrə” alt bölməsinə keçid edərək açılan siyahıdan "Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi”ni seçmək olar. Açılan pəncərədə "İcazələrin Alınması və Monitorinqi Sistemindən arayış” seçimini edərək yenə icazə haqqında arayışı əldə etmək mümkündür.

"myGov” portalına əlavə olunan yeni funksionallıqdan biri də vətəndaşa icaze.e-gov.az portalı üzərindən verilən icazə statusu ilə bağlı onun şəxsi kabinetinə bildirişin gəlməsidir.

Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən icazələrin "myGov” platformasına inteqrasiya edilməsi vətəndaşların işini xeyli asanlaşdırmış olur. Belə ki, icazə.e-gov.az portalında verilən və ləğv edilən icazələr haqqında vətəndaşların çoxu məlumatsız olurdu. Artıq vətəndaş özü olduğu yerdən və istənilən vaxtda "myGov” portalına daxil olaraq icazə arayışını yoxlaya bilər.

"myGov" portalına giriş "ASAN Login” sistemi üzərindən 4 üsulla həyata keçirilir. Sistemə giriş üsulları ilə mygov.az portalının "Ana səhifə”sində yerləşdirilmiş videotəlimatda tanış olmaq mümkündür.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook