SON XƏBƏR

Lerikdə 7 milyon necə yoxa çıxdı? – Prezidentə ŞOK MÜRACİƏT

May 06
01:26 2016
Lerik rayonuunun bir qrup sakini Aztoday.az-a şikayət məktubu göndərib.
 
Rayon sakinləri bildirirlər ki, icra başçısı Rövşən Bağırov və rayonun deputatı İqbal Məmmədov rayonu özlərinin özəl mülkiyyətinə çeviriblər.
 
Aztoday.Az-a yazan sakinlər rayonda Rövşən Bağırov, icra başçısının müavini Cəlil Baxşıyev və deputat İqbal Məmmədovun yaratdığı anarxiyanın pik həddə çatdığını bildiriblər.
 
Apardığımız araşdırmalar zamanı isə əməkdaşımız 2014-cü ildən bu günə kimi Lerikdə qeydə alınan büdcə cinayətlərini, maliyyə xəyanətlərini, ayrı-ayrı korrupsiya faktlarını araşdırıb, ölkə başçısına verilən vədlərə əməl edilmədiyini üzə çıxarıb.
 
Talanan büdcə və dağıdılan milyonlar…
 
Aradırma zamanı məlum olub ki, rayon rəhbərliyi indiyə qədər dövlət başçısına yalan danışıb. Eyni zamanda büdcə vəsaitləri ilə yanaşı sosial problemlərin həllinə yönəlik addımlar lazımi səviyyədə atılmayıb, yerli sakinlərin şikayətləri həllini tapmayıb. Araşdırmanın nəticələrinə keçməzdən qabaq bir nüansı da qeyd edək ki, sadalanacaq faktlar jurnalist təhqiqatı və leriklilərin verdiyi məlumatlar əsasında toplanıb.
 
Sakinlər iddia edirlər ki, Lerikin icra başçısı Rövşən Bağırov və deputatı İqbal Məmmədov rayonda monarxiya yaradıb, rayonu yazılmamış qanunlarla idarə edir, prezidentin tapşırıqlarını qulaqardına vurur. Lerikin ucqar dağ region olmasını nəzərə alan icra başçısı və deputat öz istəklərini arxayınlaşmış şəkildə realizə etməkdə fasilə vermirlər.
 
Beləliklə, ilk növbədə fermerlərə çatacaq subsidiyaların mənimsənilməsinə diqqət yetirmək lazımdır. Lerik rayon İcra Hakimiyyətinin rəsmi saytında 2014-cü ildə fiziki və hüquqi şəxslərə hər hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsinə görə 40 manat hesabı ilə dövlət büdcəsinin vəsaiti hesabına veriləcək yardım haqda məlumat yerləşdirilib. Bu vəsaitlərdən nə qədər və hansı kəndlərə ayrıldığı açıqlanıb.
 
Qalmaqallı iddia: kəndlilərə ayrılan subsidiyanı kimlər mənimsəyib?
 
Rayon sakinləri bildirirlər ki, kənd təsərrüfatının inkişafı üçün indiyə qədər ayrılan subsidiyaların heç də göstərilən rəqəmlərlə kəndlərə çatmayıb. Bu yeyinti əməliyyatında rayon rəhbərliyinin xüsusi iştirakı olduğu bildirilir. İcra başçısı Rövşən Bağırovun bu maxinasiya işlərində müavinləri, əsasən də 1-ci müavini Cəlil Baxşiyev müstəsna rol oynayıb.
 
C.Baxşıyevin dövlət büdcəsinə müdaxiləsi isə deputat qohumu İqbal Məmmədova arxalanması sayəsində baş tutub. Deputatın ona himayədarlıq etdiyi iddia edilir.
 
Prezidentin sahibkarlar və fermerlər barəsində məmurlara etdiyi xəbərdarlıqlara baxmayaraq R.Bağırov, C.Baxşıyev və İ.Məmmədov nəticə çıxarmayıblar. Məlumatlarda qeyd olunur ki, generalitet həbsləri, səs-küylü Eldar Mahmudov işi və sahibkarların başına açılan müsibətlərin ifşası Leriki idarə edənlərə dərs olmayıb. Yeri gəlmişkən, rayon icra başçısının MTN şefi ilə əlaqələri haqda bir qədər sonrakı araşdırmada qeydlər olacaq. Buna qədər isə Lerikdə digər bir özbaşınalıq faktını qeyd etmək lazımdır – söhbət yolların çəkilişi zamanı mənimsəmələrdən gedir. Və yenə də yuxarıda adıçəkilən üç məmur büdcə vəsaitini talan edib.
 
Başçı ilə şirkətin 3 milyonluq oyunu və arada itən 4 milyon… 
 
Sakinlər yazır ki, prezident tərəfindən rayonun Noda-Şingədulan-Xanəgah yolunun çəkilməsi üçün 7 milyon manat vəsait ayrılıb. Amma 50 dağ kəndinin və 30 min insanının həyat şəraitini yüngülləşdirəcək olan Noda-Şingədulan-Xanagah yoluna ayrılan vəsaitin yarısı yerli məmurlar tərəfindən mənimsənilib.
 
Yaranmış vəziyyət yolun tikintisini həyata keçirən "Yoltikintinəqliyyatservis” MMC rəhbərliyini də çətin vəziyyətə saldı. Yola ayrılan 3 milyon vəsaitin 30 faizi Lerik rayon İcra hakimiyyətinin başçısı Rövşən Bağırova nəqd şəkildə çatdırılıb. "Yoltikintinəqliyyatservis” MMC rəhbərliyi bu vəziyyətdən şikayət etsə də, icra başçısı onlarla anlaşa bilib. Başçı əvəzində "Yoltikintinəqliyyatservis” MMC rəhbərliyinə qiymətləri bir neçə dəfə şişirtməyə icazə verdi.
 
Rövşən Bağırov və Cəlil Baxşıyev cütlüyü "Yoltikintinəqliyyatservis” MMC rəhbərliyi ilə birgə prezidentin ayırdığı 3 milyon manat vəsaiti «yumaqla» məşğul olublar. Sakinlərin sözlərinə görə, rayonda əsasən bu işləri icra başçısının birinci müavini Cəlil Baxşıyev icra edir. O da İqbal Məmmədovun yaxın qohumudur.
 
Hətta icra başçısı Rövşən Bağırov da onun diktəsi ilə hərəkət edir.
 
Deputat isə rayonda aparıcı qüvvə hesab olunur. Onunla bağlı son qalmaqal maşınlara balon satışında üzə çıxdı. Balon biznesinin deputatın inhisarında olduğu ifşa edildi. Deputata biznes qadağan olunsa da, qeyri-rəsmi şəkildə bu ticarət də Lerikdən seçilən millət vəkilinin nəzarətində imiş.
 
Ölkə başçısına yalan danışıblar…
 
Qeyd edək ki, Lerik rayon İcra Hakimiyyətinin müavini Habil Məlikov bir müddət öncə Noda-Şingədulan-Xanəgah yolunun Ağçay kəndinə qədər çəkilməsinə və yarıda saxıalnılmasına münasibət bildirərkən demişdi ki, Prezident tərəfindən ayrılan sonuncu 4 milyon manat köçürülməyib. Pul köçürüləndən sonra yol Ağçay kəndindən Xanagah kəndinə qədər çəkilib yekunlaşdırılıacaq. Amma bir neçə gün bundan öncə Cəlil Baxşıyev ayrılan 7 milyon manatın hamısının yola sərf edildiyini deyib. Maraqlıdır, əgər yol Ağçay kəndinə qədər çəkilibsə, bəs sonradan ayrılan 4 milyon manat hara xərclənib? Axı ondan sonra yol bir metr də çəkilməyib. Əksinə, rayonun 50-ci kilometr deyilən hissəsindən Ağçay kəndinə qədər çəkilən yol da sıradan çıxıb, bir neçə yerdən dağlıb. Bəs 4 milyon hara yoxa çıxıb?
 
Görünən odur ki, İcra hakimiyyəti pulu mənimsəyərək Prezidentə yanlış məlumat veriblər. Sakinlər isə bu məsələni belə qoymayacaqlarını, sona qədər haqlarını müdafiə edəcəklərini, bu məsələni ölkə başçısının diqqətinə çatdıracaqlarını deyiblər.
 
Onu da qeyd edək ki, mövzu ilə bağlı araşdırmalarımız davam edir. Yaxın günlərdə rayonda "itkin düşən 7 milyon manat”la bağlı yeni faktlar təqdim edəcəyik.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook