SON XƏBƏR

"Naz-Lifan" paylayan nazirliyin qurumu özünə "Subaru" alacaq - MÜQAVİLƏ

Dekabr 02
07:20 2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu "Subaru Azərbaycan" şirkəti ilə müqavilə bağlayıb. 

Dövlət Sosial Müdafiə Fondu "Subaru Azərbaycan"-dan aldığı xidməti minik avtomobilləri üçün şirkətə 190.000 manat ödəyəcək. 
 
Qlobal.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondu göstərilən məbləğə "Subaru Azərbaycan"-dan neçə ədəd avtomobil alacağı barədə məlumat yoxdur. 
 
Həmçinin xidməti avtomobillərin mərkəzi aparat, yaxud regional idarələr üçün alındığı da bilinmir. 
 
Maraqlıdır ki, ölkədə müharibə və əmək veteranlarını, əlillərini yerli istehsal olan avtomobillərlə təmin edən Əmək və Əhalinin Sosial Müdafiə nazirliyinin tabeliyində fəaliyyət göstərən qurum özünə xidməti avtomobillərin alınması üçün xarici istehsala üstünlük verir. 
 
Qeyd edək ki, ötən ilin aprel ayında Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında dövlət qurumlarının Neftçala Sənaye Məhəlləsində istehsal olunan avtomobillərə üstünlük vermələrini, əsas alıcıları olmalarını bildirmişdi. 
 
Dövlət başçısı həmin çıxışında sənaye məhəlləsində ildə 10 min avtomobil istehsal ediləcəyini və 300-dən çox insan işlə təmin olunacağını vurğulamışdı: "Zavodda həm daxili bazar, həm də xarici bazar üçün rəqabətqabiliyyətli avtomobillər istehsal olunacaq. Əlbəttə ki, dövlət qurumları, - mən bunu əvvəlki çıxışlarda da demişəm, - yerli avtomobillərə üstünlük verməlidirlər. Dövlət qurumları bu məsələyə çox ciddi nəzarət etməlidirlər".
 
Xatırladaq ki, "Khazar” SD avtomobillərinin qiyməti 16 min manat, "Khazar” LD avtomobillərinin qiyməti isə 18 min manatdır. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook