SON XƏBƏR

Neft bazarında “partlayış” yaxınlaşır: ABŞ və Venesuela-İran savaş həddində

May 22
17:01 2020
Dünya neft bazarında ötən həftədən başlayan pozitiv proseslər bu gün əks istiqamətə yönəlib. Belə ki, Çin hökuməti 1994-cü ildən bəri ilk dəfə olaraq illik iqtisadi artım proqnozunu açıqlamaqdan imtina edib. 

Dövlət Şurasının rəhbəri Li Ketszyan bildirib ki, bu il koronavirus infeksiyasının yayılması, həmçinin dünya iqtisadiyyatındakı vəziyyətlə bağlı olaraq ölkə effektlərini proqnozlaşdırmaq çətin olan faktorlarla üzləşəcək. Buna görə də 26 ildən bəri ilk dəfə olaraq Çin iqtisadiyyatında bu il hədəflənən göstəriciləri müəyyənləşdirmək çətindir. 

Qaynarinfo xəbər verir ki, Çin hökumətinin dünyanın ikinci nəhəng iqtisadiyyatı və ikinci böyük neft istehlakçısında vəziyyətin gərginliyini göstərən bu açıqlaması dünya neft bazarına ciddi təsir göstərib. Bazar iştirakçıları məlumatı dünya iqtisadiyyatında qeyri-müəyyənliyin əlaməti kimi qəbul edib və nəticədə qiymətlərdə kəskin eniş yaşanıb. Belə ki, Londonun ICE birjasında Brent neftinin 1 barelinin qiyməti 7 faizədək ucuzlaşaraq 33,54 dollara düşüb. Nyu Yorkun NYMEX elektrin birjasında WTI nefti 7 faizdən yuxarı dəyər itirməklə 31,35 dollara satılıb. 

Halbuki mayın ikinci həftəsindən bəri dünyada neft hasilatının azaldılması, mövcud ehtiyatların həcmindəki eniş, həmçinin əsas istehlakçıların koronavirus pandemiyasının təsirlərindən çıxmağa başlaması xəbərləri fonunda bazarda qiymət artımı müşahidə olunurdu. 

OPEK+ çərçivəsində Rusiya mayın ilk 2 həftəsində neft hasilatını orta hesabla 25 faiz azaldıb. Gündəlik hasilat 1287 ton təşkil edib ki, bu da aprel ayındakı göstəricidən 25 faiz azdır. Kondensatı bu həcmdən çıxdıqdan sonra təmiz neft hasilatı 1182 ton olub ki, bu da barel ifadəsində 8,66 milyon barel deməkdir. Nəzərə alsaq ki, OPEK+ çərçivəsində Rusiyanın üzərinə götürdüyü öhdəlik gündəlik hasilatı 5,5 milyon barelə salmaqdır, onda bu ölkənin hələ ki öhdəliyə tam əməl etmədiyi aydın olur.

1-20 mayda Rusiyadan gündəlik neft ixracı 428 min ton təşkil edib. Rusiyanın Urals markalı neftinin qiyməti 33-34 dollara qədər bahalaşsa da, bu, hasilatın azaldılmasına görə dəyən zərəri örtməyə imkan vermir. 

OPEK+ razılaşmasının digər böyük iştirakçısı olan Səudiyyə Ərəbistanı nəinki razılaşma çərçivəsində üzərinə götürdüyü öhdəliyə əməl edir, hətta ondan əlavə gündəlik hasilatı 1 milyon barel də azaldacağını elan edib. Artıq ölkənin öz alıcılarına müvafiq xəbərdarlıqlar göndərdiyi də aydın olur. Bu isə Səudiyyənin hasilatı aprel ayına nisbətən gündəlik 5 milyon barel azaltması deməkdir. 

Dünyanın digər neft nəhəngi olan ABŞ-da da hasilat sürətlə azalır. Ölkənin Energetika Nazirliyinin məlumatına əsasən 7-15 may həftəsində gündəlik neft hasilatı 100 min barel də azalmaqla 11,5 milyon barel təşkil edib. Nəzərə alsaq ki, fevral ayında ABŞ-da sutkada 13 milyon barel neft hasil olunurdu, onda bu ölkədə hasilatın 1,5 milyon barel azaldığını söyləmək mümkündür. Energetika Nazirliyi ölkədə gündəlik neft istehsalına dair 2020-ci il proqnozuna dəyişiklik edərək onu 70 min barel azaldıb və 11,69 milyon barel müəyyənləşdirib. 2021-ci il üzrə proqnoz isə daha aşağı – 10,9 milyon barel nəzərdə tutulur. 

ABŞ-dan gələn və neft bazarına müsbət təsir edən daha bir məlumat Kuşinq neft anbarlarında saxlanan dövlət neft ehtiyatlarının həcmində qeydə alınan azalmadır. 

Bütün bu pozitiv xəbərlərdən sonra Çindən verilən açıqlama bazara mənfi təsirini dərhal göstərdi. Lakin gözlənilir ki, bu şənbə-bazar neft bazarında qiymətləri yüksəldəcək hadisələr baş versin. Söhbət ABŞ-la onun sanksiyalarına məruz qalan Venesuela-İran cütlüyü arasında getdikcə kəskinləşən bir böhrandan gedir.

ABŞ-ın ağır sanksiyaları ilə üzləşən Venesuela son aylarda çox ciddi yanacaq, əsasən də benzin qıtlığı yaşayır. Ölkədə getdikcə azalan yanacaq ehtiyatları ilk növbədə ordunun ehtiyaclarına, həmçinin əhaliyə tibbi ləvazimat və ərzaq çatdırılmasına yönəldilir. Buna səbəb isə ölkənin Paraquana yarımadasında yerləşən ən böyük neft emalı kompleksində xaricdən idxal olunan komplektləşdirmə detalların çatışmazlığıdır. Bu kritik vəziyyətdə Venesuelanın köməyinə ABŞ-ın sanksiyalarına məruz qalan İran çatır. Bu ölkə Venesuelaya yalnız çatışmayan detalları deyil, həmçinin benzin də göndərir. 

Qeyd edək ki, Venesuela əvvəlcə yardım üçün Rusiyaya üz tutmuşdu, lakin son vaxtlarda sanksiyalara görə bu ölkədən çıxmaqda olan Moskva adekvat cavab verməyib.

Blumberq agentliyinin məlumatına görə, ABŞ sanksiyaları altında olan İranın Mahan Air şirkəti son vaxtlar bir neçə dəfə Tehrandan Paraquanaya və əksinə reyslər həyata keçirib. Vaşinqtonda hesab edirlər ki, yardım aparan təyyarələr geri qayıdanda Venesueladan qızıl daşıyırlar. Bu məsələyə ABŞ Dövlət katibi Mayk Pompeo səviyyəsində reaksiya verilib: "Mahan Air, görünür, Venesueladan İrana qızıl daşıyır və bu, narahatlıq yaradır. Bu, Venesuela xalqını iqtisadiyyatı bərpa etmək üçün zəruri olan resurslardan məhrum edir”. 

Bir neçə həftə əvvəl İrandan Karakas istiqamətində 5 benzin dolu böyük tanker - Fortune, Petunia, Forest, Faxon  və Clavel – yola düşüb. Təxminən 2 min mil uzunluğunda karvan yaradan tankerlər artıq Atlantik okeanına çatıblar. Hətta mayın 20-də tankerlərdən birincisi – Fortune Venesuelanın 500 milliyinə çatmışdı, onun bu günlərdə ölkənin sahil sularına daxil olması gözlənilir. 

ABŞ sanksiyaları pozan hər kəsin cəzalandırılacağını bəyan edib. Bəyanatla kifayətlənməyən Vaşinqton Qəraib dənizinə 3 hərbi gəmidən ibarət qruplaşma göndərib. Elan edilib ki, tankerlərin yükünün müsadirə olunması ilə yanaşı, onlar həbs ediləcəklər. Cavab olaraq İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif BMT Baş katibinə müraciət edərək, tankerlərə qarşı hər hansı qanunsuz hərəkətə layiqli cavab veriləcəyini bildirib: "Benzin dolu tankerlərin göndərilməsi Venesuela hökumətinin xahişi əsasında həyata keçirilir. Biz bütün cavab tədbirlərinə hazırıq, ümid edirik ki, onlar (ABŞ. - red.) səhv addım atmayacaqlar”. 

Venesuelanın müdafiə naziri isə İranlı həmkarı ilə əlaqə yaratdıqlarını və ölkənin iqtisadi zonasına daxil olandan sonra tankerləri onları hərbi qüvvələrinin müşayiət edəcəyini deyib. Beynəlxalq dəniz hüququna əsasən mütləq iqtisadi zona hər bir ölkənin sahilindən etibarən 200 millik bir məsafəni əhatə edir və "Fortune” bu gün və ya sabah ora daxil olacaq.

ABŞ hərbi gəmi qruplaşması tankerlərə yönəlik hər hansı addım atsa, cavab həm Venesueladan, həm də İrandan veriləcək. Bu isə neftlə zəngin iki bölgədə - Venesuela və Fars körfəzi ərazisində qarşıdurmaların yaranması demək olacaq. Nəzərə almaq lazımdır ki, ötən il Böyük Britaniya İran tankerini saxlayanda Tehran eyni addımı Hörmüz boğazında Britaniya tankerinə qarşı atmışdı. Yaxud İran generalı Qasım Süleymani öldürüləndə İraqdakı ABŞ bazalarına raket atıb yüzlərlə hərbçinin yaralanmasına səbəb olmuşdu.

Beləliklə, bu şənbə-bazar neft bazarı üçün ciddi siqnal olacaq siyasi-hərbi hadisələrin baş verməsi gözlənilir. Gözləntilər özünü doğruldarsa, yeni həftəni bazar 40 dollarlıq qiymətlərlə aça bilər...

Mənbə: Qaynarinfo


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook