SON XƏBƏR

Qubad İbadoğlu: “Azərbaycanın 2020-ci il dövlət büdcəsinə ciddi şəkildə yenidən baxılmalıdır“

May 27
00:39 2020
İqtisad elmləri doktoru, İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu Turan-a müsahibəsində neftin dünya bazarlnda qiymətlərinin aşağı düşməsi və COVİD-19 koronavirus pandemiyasının yaratdığı böhran səbəbindən Azərbaycanın 2020-ci ildə dövlət büdcəsinə düzəliş edilməsi zərurətindən danışıb.

Qlobal.az müsahibəni təqdim edir.

- Qubad bəy, Azərbaycanın 2020-ci ildə dövlət büdcəsinə dəyişiklik etmək lazımdırmı? Əgər belədirsə, hansı büdcə maddələri dəyişdirilməlidir?

- Dünya neft bazarlarında qiymətlərin kəskin enməsi neft sektorundan gələn gəlirlərin həcmində dəyişikliklərə səbəb olacaq. Bu azalmalar, həmçinin koronavirus pandemiyası ilə əlaqədar yaranan büdcə gəlirlərinin azalması mütləq dövlət büdcəsinin gəlir hissəsində dəyişikliklərə səbəb olacaq. Eyni zamanda, xərclər hissəsi əlavə istehlak elementləri ilə artacaq. Bu xərclərin maliyyələşdirmə mənbələri məhduddur. Bütün bunlar dövlət büdcəsinə yenidən baxılmasını zəruri edir. Düşünürəm ki, həm gəlirlər, həm də xərclər hissəsini yenidən nəzərdən keçirməliyik. Eyni zamanda, hesab edirəm ki, təkcə dövlət büdcəsini deyil, həm də Dövlət Neft Fondunun, Dövlət Sosial Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcələrinə yenidən baxmaq lazımdır. Bütün bunların arasında, ilk növbədə Dövlət Neft Fondunun büdcəsinə yenidən baxmağın düzgün olacağını düşünürəm, çünki cari gəlirlər fondun gəlirlər hissəsini təmin etmək üçün kifayət deyil və bu, fondun büdcə öhdəliklərinin yerinə yetirilməsinə problem yaradacaq. Düşünürəm ki, Dövlət Neft Fondunun bəzi aktivlərini satmaqla fondun gəlirliliyini təmin etmək mümkündür.  Dövlət büdcəsinin özünə gəldikdə, xərclər hissəsi ciddi şəkildə nəzərdən keçirilməlidir. Cari xərclər dövlət büdcəsinin 61,5%-ni təşkil edir. Bunlar maaşlar, pensiyalar, sosial müavinətlər, maaşlara əlavələrdir. Təxminlərimə görə, bir ay ərzində əmək haqları, pensiya və sosial ödənişlərin məbləği 1 milyard 212 milyon manatdır. Onları heç vaxt kəsmək olmaz və vaxtında ödənilməlidir. Onlara yenidən baxılması ölkədə narazılığın artmasına səbəb olar. Ancaq dövlət qurumlarının idarə edilməsi xərcləri də var. Onlar optimallaşdırılmalıdır. İnanıram ki, bu seqmentdə optimallaşdırma üçün geniş imkanlar var.

Əsas kapital xərclərini də optimallaşdırmaq lazımdır. Çox ehtimal ki, kapital xərclərinin təsirli bir hissəsi azaldılacaq və bunlar əsasən tikinti və şəhərsalma xərclərinə və iqtisadi fəaliyyətə aiddir. Pandemiya ilə mübarizə xərcləri ilə əlaqədar, dövlət başçısının sözlərinə görə, 3.5 milyard manat məbləğində xərclərə ehtiyac var və fikrimcə, bu xəcrlərin yeganə mənbəyi dövlət büdcəsidir. Qeyd etmək lazımdır ki, bu 3,5 milyard manat dövlət büdcəsində nəzərə alınmayıb, çünki 2020-ci il dövlət büdcəsinin hazırlanan zaman pandemiya yox idi. Dövlət büdcəsinə yenidən baxılması ilə bağlı müzakirələr zamanı 3,5 milyard manat xərcləri və onun bəzi maddələrini nəzərə almaq lazımdır.

- Fikrinizcə, daha hansı büdcə xərcləri azaldılmalıdır?

- 2020-ci ilin dövlət büdcəsinin təhlili göstərir ki, birdəfəlik xərclər kifayət qədər böyük məbləğdə müəyyənləşdirilir. Bundan əlavə, dövlət büdcəsi xərclərinin əsas hissəsinə daxil olmayan digər xərclər də var. Bölüşdürülməyən xərclər üzrə bənd də var. Hesab edirəm ki, ilk növbədə onlar dəqiq təsnif edilməli və ehtiyat üçün nəzərdə tutulmuş bəndlər qəfildən yaranan xərc maddələrini maliyyələşdirmək üçün yönləndirilməlidir. Bu il icbari tibbi sığortaya 903 milyon manat ayrılıb və ümumilikdə səhiyyə sahəsindəki xərclər 1.4 milyard manata yaxınlaşıb. Düşünürəm ki, dövlət büdcəsinə bir çox dəyişiklik bu sahədə olacaq. Çünki Azərbaycanda icbari tibbi sığorta tətbiq olunmur və sistemin mərhələli tətbiqi bu il başa çatmayacaq. Ən yaxşı halda bu il 903 milyon manatın yarısı xərclənəcək.

Yarısını digər məqsədlər üçün istifadə etmək olar. Bu günə qədər koronavirusla mübarizə çərçivəsində zəruri tibbi ləvazimat və avadanlıqların alınmasına Prezidentin Ehtiyat Fondundan 97 milyon manat və dövlət büdcəsindən 150 milyon manat vəsait ayrılıb. Bundan əlavə, dövlət vəsaiti hesabına ümumi tutumu 2000 çarpayılıq 10 modul xəstəxana tikilib. Qeyd etmək lazımdır ki, tibb işçilərinin maaşlarına müvəqqəti əlavələr var. Bütün bunlar səhiyyə xidməti, xüsusən də əmək haqqı baxımından dəyişiklikləri zəruri edir. Bundan əlavə, beynəlxalq idman tədbirləri və digər beynəlxalq tədbirlər üçün dövlət büdcəsindən 221 milyon manat vəsait ayrılıb. Yəqin ki, onlar xərclənməyəcək. Bunlar da qənaət edilənlər siyahısına əlavə olunaraq digər sahələrə yönləndirilə bilər.

- Neftin indiki qiymətləri ilə ilin sonuna qədər dövlət büdcəsində kəsir nə qədər ola bilər?

- Hesablamalar göstərir ki, 2020-ci ildə Azərbaycan neftinin bir barrelinin orta qiyməti 53 dollardan aşağı olarsa, ölkədə fiskal balans problemi yarana bilər. Neftin orta qiymətinin 53 dollardan aşağı olacağını söyləyə bilərik və bu zaman maliyyə tarazlığı problemi proqnozlaşdırıla bilər. Əgər neftin orta qiyməti 40 dollardan aşağı olsa, problem ölkənin tədiyə balansında olacaq. Bu da öz növbəsində artıq milli valyutanı qorumaq üçün ölkənin valyuta ehtiyatlarının xərclənməsinə təsir göstərir. Bunun Azərbaycan üçün qırmızı bir xətt olduğunu söyləmək olar və buna görə dövlət büdcəsinə ciddi şəkildə baxılmalıdır. Bu ildən başlayaraq Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər yeni maliyyə qaydalarına uyğun aparılır və onlara əsasən, bu il dövlət büdcəsinə planlaşdırılan 11 milyard 350 milyon manat köçürmələr maksimal həddir.

İl ərzində qeyri-neft sektorundan dövlət büdcəsinə daxilolmalarda problemlər varsa, köçürmənin həcmini artırmaq lazım gələ bilər. Bu da öz növbəsində yalnız dövlət büdcə sistemi haqqında qanunda göstərilən maliyyə qaydalarına dəyişikliklərdən sonra mümkündür. Bu vəziyyətdə dövlət büdcəsində dəyişikliklərlə yanaşı, büdcə sistemi ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsinə ehtiyac olacaq. Təbii ki, bütün bunlar koronavirus pandemiyasının nə qədər davam edəcəyindən asılı olacaq. Əgər uzun sürərsə və ya payızda pandemiyanın ikinci dalğası olarsa, o zaman Azərbaycana Dövlət Neft Fondunun vəsaitləri lazım olacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook