SON XƏBƏR

Ramiz Mehdiyevin “elita” adlandırdığı kadrlar ölkəni necə dəyişəcək - rəy

Dekabr 13
10:58 2019
Elxan Şahinoğlu: "Artıq  Azərbaycana inqilab lazım deyil”

"Azərbaycanda yeni idarəçilər elitası formalaşır”. Bu fikri  Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev İlham Əliyev haqqında yazdığı kitabda qeyd edib.
Kitabın fəsillərindən biri olan "Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider” başlıqlı məqalə Milli Elmlər Akademiyasının veb səhifəsində çap olunub. Ramiz Mehdiyev məqalədə Prezident Administrasiyasında işlədiyi  16 il ərzindəki müşahidələrinə əsaslandığını qeyd edib.

Məqalədə deyilir ki, prezident İlham Əliyev dövlət idarəçiliyi sistemində islahatlar aparır, dövlət orqanlarında çalışanları və dövlət qulluqçularını "Qərbdə və Cənubi Asiya ölkələrində ən yaxşı ali məktəblərdə təhsil almış gənc mütəxəssislər hesabına yeniləyir”: "Yeni idarəçilər elitası formalaşır. Futuroloqların proqnozlarına görə, 2025-ci ilə qədər sabit inkişaf edən ölkələrdə, o cümlədən Azərbaycanda ”commonbrain" ("ümumi beyin”) deyilən tamamilə yeni siyasi elita formalaşacaq. Bu, hər hansı radikallıqdan, dağıdıcı inqilabilikdən uzaq olan yüksək intellektli və praqmatik funksionerlərin ciddi strukturlaşdırılmış, iyerarxiya baxımdan nizamlanmış vahid komandası olacaq", - məqalədə deyilir.
 
Ramiz Mehdiyev yazır ki, bu komandaya hazırkı prezident İlham Əliyev başçılıq edəcək və o, "idarəetmə sisteminin əsas rəhbəri funksiyasını yerinə yetirməkdə davam edəcək”.

Ramiz Mehdiyevin bu tezislərini politoloqlar da təsdiq edirlər. "Atlas”  Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan doğru olaraq dəyişikliklərə inqilab deyil, islahatlar yolu ilə getdi: "Ramiz Mehdiyev vəzifədə olarkən də çox mədəni və geniş həcmli məqalələr yazırdı, müxtəlif rəsmi qəzetlərdə dərc olunurdu. Azərbaycanın inkişafını müxtəlif aspektlərdən təhlil edirdi. İndi vəzifəsini itirsə də, AMEA-nın prezidentidir və bu məqaləsini yazması da normaldır. Onun bu fikri ilə razıyam ki, Azərbaycana artıq inqilab lazım deyil. İnqilablar problem yaradır. Biz bunu rəngli inqilablarda da, ərəb baharında da gördük. ”Ərəb baharı" ilə  Tunisdən başlayan proseslər,  Misiri, Liviyanı, Yəməni, Suriyanı öz ağuşuna aldı. Tunisi çıxmaq şərti ilə bütün ölkələrdə dağıntılar oldu, ölkələr parçalandı, terrorizm əmələ gəldi. İndiyədək Yəməndə, Liviyada və Suriyada müharibələr gedir. Rəngli inqilablar da həmçinin yaxşı nəticə vermədi.
 
Ukraynaya diqqət yetirsək orada da proseslər birmənalı deyil. İkinci rəngli inqilabdan sonra ölkə faktiki parçalandı. Krımı itirdilər, ölkənin başında separatizm əmələ gəldi".

E.Şahinoğlunun sözlərinə görə, dünyada inqilabi yolla dəyişikliyə cəhd edən ölkələrin indiki vəziyyəti də bizim üçün bir dərsdir: "Biz bütün bu mənfi nümunələri gördük və bizim üçün də dərs oldu. Əlbəttə, islahatlar, siyasətdə və iqtisadiyyatda köklü dəyişikliklər olmalıdır, korrupsiya ilə mübarizə aparılmalıdır. Oliqarxiya sisteminə son qoyulmalıdır. Ancaq bunlar inqilabi yolla yox, təkamül yolu ilə getməlidir. Çünki Azərbaycanı da müəyyən təhlükələr gözləyə bilər. Müxtəlif qüvvələr var ki, Azərbaycanın zəifləməsində, hətta parçalanmasında maraqlıdırlar. Biz ötən əsrin 90-cı illərində bu təhlükəni yaşadıq. Ona görə də bir daha bu tarixi yaşamamalıyıq. Biz dəyişikliklərin tərəfdarıyıq, mən də liberal görüşlüyəm, dəyişiklik istəyirəm. Ancaq bu dəyişikliklər qansız-qadasız, toqquşmalarsız, inqilabsız olmalıdır. Monoloq mühitindən dialoq mühitinə keçmək lazımdır. Mən ümid edirəm ki, növbəti parlamentdə dialoq mühiti formalaşacaq. Müxalifət fraksiyaları olacaq və bu hakimiyyətin özünə də lazımdır ki, hökumət nəzarət altında olsun. Bu yolla getsək təhlükələrdən qurtula bilərik”.

Politoloqun sözlərinə görə, gənclərin irəli çəkilməsi təqdirəlayiqdir: "Son illərdə müxtəlif nazirlər dəyişdi, yeni kadrlar gələn kimi həmin nazirliklərdə şəffaflıq yarandı, korrupsiya minimuma endirildi və inkişaf baş verdi. Məhz bu inkişafın nəticəsi idi ki, vergilər sistemindən yığımların hesabına bu il maaşları qaldırmaq mümkün oldu. Kənd təsərrüfatı naziri dəyişən kimi bu sahədə də müəyyən irəliləyişlər qeydə alındı. Müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalı artdı.

Ramiz Mehdiyev bu məqalə ilə yeni bir kəşf ortaya qoymur, biz ondan hətta soruşmalıyıq ki, niyə bu qədər ləngidik. Niyə prezident hər dəfə deməli idi ki, korrupsiya, oliqarxiya sistemi Azərbaycan üçün böyük bəladır. Prezident özü də dedi ki, biz kənd təsərrüfatına nə qədər subsidiya ayırdıqsa inkişaf olmadı, ancaq naziri dəyişən kimi inkişaf göz qabağında oldu. Sistemin islah olunmasında, korrupsiyanın azalmasında, oliqarxların sıradan çıxmasında Mehdiyev özü də rol oynaya bilərdi. İndi yeni bir sistem formalaşıb, gənclər irəli sürülüb. Gərək keçmişdəki səhvləri buraxmayaq".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook