SON XƏBƏR

Salyan inkişaf yolunda: Uğurlar və hədəflər

Oktyabr 05
02:00 2019
Azərbaycanda gedən ümumi inkişaf və tərəqqi fonunda ən çox inkişaf edən, sürətlə yeniləşən rayonlardan biri də Salyan rayonudur. Prezident İlham Əliyev cənablarının yürütdüyü siyasətə uyğun olaraq Salyan rayon rəhbərliyinin gördüyü işlər, rayonda həyata keçirilən iqtisadi, sosial və mədəni layihələr əhalinin sosial rifah halını daha da yaxşılaşdırıb. Ötən illərdə olduğu kimi 2019-cu ildə də Salyan rayonunda iqtisadi-sosial, abadlıq-quruculuq və infrastruktur baxımından mühüm işlər həyata keçirilib. 

Strateji baxımdan çox əlverişli mövqedə yerləşən Salyan rayonunda infrastruktur layihələrinin icrası da hər il artan templə yüksəlir. Rayonda 2019-cu ilin ötən 9 ayı ərzində yol infrastrukturu sahəsində xeyli işlər həyata keçirilib. Salyanda yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, müasir standartlara cavab verən körpülərin inşası, kənd yollarının bərpası və asfaltlanması işləri bu il də davam etdirilib. 

Kür çayı üzərində yeni körpünün açılışı olub, kənd yollarının bir hissəsi asfaltlanıb
 


Bu il Salyan rayonunda yol infrastrukturunun yenilənməsi baxımından ən yaddaqalan hadisə Kür çayının üzərində salınmış körpünün əsaslı təmirdən sonra açılışı oldu.

Mart ayının 16-da Ələt-Astara magistral avtomobil yolunun Salyan şəhərindən keçən hissəsində Kür çayı üzərindəki körpünün əsaslı təmirdən sonra açılış mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov, rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, Milli Məclisin deputatları Əliağa Hüseynov və Fəzail Ağamalı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edənlər Kür çayı üzərindəki körpünün əsaslı təmirdən sonra açılışı münasibətilə Salyan rayon sakinlərini təbrik etmiş, görülən yol infrastrukturunun yenilənməsi ilə bağlı işlərə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Qeyd edək ki, Ələt-Astara magistralının 54-cü kilometrliyində inşa olunmuş körpüdən və Salyan-Babazənən körpüsündən alternativ yol kimi istifadə edilir. Uzunluğu 316, piyada keçidləri ilə birlikdə eni 12 metr olan körpü 6 aşırımlıdır. Hazırda körpünün hər iki tərəfdən yanaşma yolu tamamilə yenidən qurulmuş, kənar dayaqları və kənar dayaqların yamaclarının konusları, eləcə də yanaşma plitələri yenidən inşa edilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında, mövcud tikinti norma və qaydalarına uyğun şəkildə yüksək keyfiyyətlə aparılan təmir-bərpa işlərindən sonra sürücülərin istifadəsinə verilmişdir.

Salyan rayonu Babazanlı yaşayış massivində asfalt yol çəkilişi və 4 kəndi birləşdirən Yenikənd, Abadkənd, Yuxarı Xələc və başqa kənd yollarına yeni asfalt örtüyü vurulub.

Salyanda yeni təhsil müəssisələri istifadəyə verilib
 


Azərbaycanda və eləcə də dünyanın bir çox yerlərində mədəniyyət, təhsil və elm sahəsində çoxsaylı layihələr həyata keçirən Heydər Əliyev Fondunun dəstəyi ilə bu ilin iyun ayında Salyanda Ərəbqardaşbəyli kənd tam orta məktəbi üçün 180 yerlik ikimərtəbəli yeni binanın inşasına başlanılıb. 

Qısa vaxt ərzində binanın birinci mərtəbəsində hörgü işləri başa çatmış, pəncərələr quraşdırılmışdır. Hazırda ikinci mərtəbədə işlər davam etdirilir. Yeni inşa olunan təhsil ocağında tədrisin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılacaqdır. Binada sinif otaqları ilə yanaşı laboratoriya, tibb və kompüter otaqları, yeməkxana, idman və akt zalları və fənn kabinetləri olacaqdır. Təhsil ocağı müasir istilik sistemi, yeni inventar və texniki vasitələrlə təchiz ediləcəkdir.

Bu gün yeni məktəb binalarının inşası və təhsilin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər müəllimlərin iş, şagirdlərin isə təhsil almaq şəraitini yaxşılaşdırmaq baxımından çox mühüm addımlardandır. Təhsil sahəsində görülən bütün bu işlər Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir.

Möhtərəm cənab Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bir daha təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərindən biridir.

2019-cu ilin ötən ayları ərzində Salyan rayonunda baş verən əlamətdar hadisələrdən biri də Qarabağlı kəndində uşaq bağçasının inşasıdır. 

Uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili və gələcəkdə intellektual qüvvə kimi yetişmələri üçün bu gün dövlətimiz tərəfindən mühüm tədbirlər görülür. Bu istiqamətdə həyata keçirilən layihələrin sırasında yeni uşaq bağçalarının inşası, mövcudlarının isə ən müasir səviyyədə yenidən qurulması xüsusi əhəmiyyətə malikdir. Bu işlərdə Azərbaycan dövləti ilə yanaşı, Heydər Əliyev Fondunun da böyük xidmətləri vardır. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond indiyədək bu sahədə çoxlu sayda layihə reallaşdırıb. 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Salyan rayonunun Qarabağlı kəndində 2018-ci ildə tikintisinə başlanılmış 100 yerlik uşaq bağçası da bu işlərin ardıcıl xarakter daşıdığını açıq şəkildə nümayiş etdirir. Ümumi sahəsi 1388.8 kvadratmetr olan iki mərtəbəli məktəbəqədər müəssisə müasir mebel dəstləri ilə təchiz edilmiş, qrup otaqları balacaların zövqünə uyğun təşkil olunmuş, ərazisində yaşıllıq zolağı salınmışdır. Bir sözlə, burada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşları kimi yetişmələri üçün hər cür şərait yaradılmışdır.

Salyan rayonunun təhsil sahəsində reallaşan digər mühüm hadisə isə Salyan Uşaq İncəsənət Məktəbinin binasının əsaslı təmir olunmasıdır. 

Prezident İlham Əliyevin bu ilin mart ayında bir qrup mədəniyyət və incəsənət xadimləri ilə görüşü bu sahənin inkişafında növbəti dönüş mərhələsı oldu.
 
Paytaxtdakı bir sıra mədəniyyət ocaqlarının yenilənməsi ilə bağlı sərəncamlar verildi. Prosesin davamı olaraq hazırda bölgələrdəki mədəniyyət obyektləri müasir tələblərə uyğun yenidən qurulur. Onlardan bir də Qulu Əsgərov adına Salyan Uşaq İncəsənət məktəbidir. Salyan Uşaq İncəsənət məktəbinin binasının yenilənməsinə cari ilin iyul ayının əvvəlindən başlanılıb. 

Artıq binanın təmir-tikinti işləri yekunlaşıb. Sinif otaqlarının qapı və pəncərələri, həmçinin elektrik naqilləri tam yenilənib. Qeyd edək ki, sözü gedən mədəniyyət müəssisəsində dərslərin yüksək səviyyədə tədrisi üçün hər cür şərait yaradılıb. Görülən tikinti quraşdırma işlərinin nəticəsi olaraq sinif otaqlarının sayı da artırılmışdır. Bundan əlavə binanın özülünü və divarlarını qrunt sularından qorumaq üçün əlavə tədbirlər görülmüşdür ki, bu da binanın təhlükəsizliyini təmin etməklə yanaşı, birinci mərtəbənin divarlarını nəmdən qoruyacaq. Xatırladaq ki, Qulu Əsgərov adına Salyan Uşaq İncəsənət Məktəbində 10 ixtisas üzrə dərslər tədris olunur və 406 şagird təhsil alır.

Bu ilin mart ayının 18-də dövlət başçısı Prezident İlham Əliyev cənabları Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı sərəncamla Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq iki milyon manat ayrılıb. 
Bu il Salyan rayonun memarlıq incilərinə daha bir bina da əlavə olundu. 

Belə ki, sentyabrın 28-də Salyan rayon prokurorluğunun yeni inşa olunmuş inzibati binasının açılışı oldu. Tədbirdə Azərbaycan Respublikasının Baş Prokurorunun müavini Namiq Əsgərov, rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, prokurorluq orqanlarının veteranları və ictimaiyyətin nümayəndələri iştirak etdilər. Namiq Əsgərov çıxışında Azərbaycan Prokurorluğunun demokratik məzmunda tamamilə yenidən formalaşması, milli maraqlarımıza xidmət edən bir dövlət qurumu kimi hərtərəfli təkmilləşməsi və müasirləşməsi məhz Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi dövlətçilik siyasəti və onun davamçısı cənab İlham Əliyevin gündəlik qayğısı nəticəsində mümkün olduğunu qeyd etdi. 

Açılış mərasimində çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov prokurorluq orqanlarının əməkdaşlarını yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə təbrik edərək onlara çətin və şərəfli işlərində uğurlar arzuladı. Tədbir iştirakçıları Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, qanunçuluğun təmin edilməsində və cinayətkarlıqla mübarizədə prokurorluq orqanlarının rolunu yüksək qiymətləndirdilər.

Salyanda unudulmayan tarix və sağlam və vətənpərvər gənclik
 


Salyan rayonunun əhalisi zəhmətkeşlikləri ilə yanaşı, həm də vətənpərvərlikləri ilə daim seçiliblər. Azərbaycan mədəniyyətinə, elminə çoxsaylı ziyalılar bəxş edən Salyan rayonu müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda da xeyli sayda şəhid verib. 

Sevindirici haldır ki, tariximizin qızıl səhifəsinə düşmüş bu insanlar unudulmur, hər il rayon rəhbərliyi başda olmaqla böyük coşqu ilə anılırlar. 

Bu cür əlamətdar hadisələrdən biri bu ilin mart ayının 16-da Salyan şəhərində Azərbaycanın Milli Qəhrəmanı Nazim Babayevin və ictimai fikrin görkəmli nümayəndəsi, alim, yazıçı, publisist Əli bəy Hüseynzadənin anım günü münasibətilə tədbirin keçirilməsi oldu.

Azərbaycanın Milli Qəhrəmanı Nazim Babayevin və ictimai fikrin görkəmli nümayəndəsi, alim, yazıçı, publisist Əli bəy Hüseynzadənin anım günü münasibətilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Milli Məclisin deputatları Əliağa Hüseynov və Fəzail Ağamalı, Milli qəhrəmanın anası, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri "Şəhidlər” Xatirə Kompleksində Milli qəhraman Nazim Babayevin və Əli bəy Hüseynzadənin büstləri önünə gül-çiçək dəstələri düzərək yad etdilər. 

Salyan rayonunda baş verən əlamətdar hadisələrdən biri də 2019-cu ilin aprel ayının 13-də Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatı Gənclər Birliyinin V konfransının keçirilməsi oldu.

Salyan rayon İcra Hakimiyyətində Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatı Gənclər Birliyinin V konfransında tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin  abidəsi önünə gül-çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan konfransı giriş sözü ilə YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov açaraq ölkəmizdə dövlət gənclər siyasətinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bu siyasəti hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyini bildirdi. Gənclərlə bağlı qəbul edilən müxtəlif Dövlət proqramlarının əhəmiyyətini vurğulayan R. Cəbrayılov rayonda həyata keçirilən tədbirlərdən danışaraq rayon gənclərinin quruculuq prosesində fəal iştirak etdiyini vurğuladı. Natiq YAP Salyan rayon təşkilatı Gənclər Birliyinə fəaliyyətində uğurlar arzulayaraq hər zaman gəncləri təşəbbüskar olmağa çağırdı.

Hesabat məruzəsi ilə çıxış edən YAP Salyan rayon təşkilatı Gənclər Birliyinin sədri Sahib Nağıyev ötən müddət ərzində görülən işlər barədə geniş məlumat verərək gənclərin fəallığından, rayonun ictimai-siyasi həyatında yaxından iştirakından, dövlətə, dövlətçiliyimizə, Prezidentimizə həmişə sədaqətli olduqlarından bəhs etdi. Konfransda çıxış edən Azərabaycan Respublikası Milli Məclisinin deputatı Şahin İsmayılov, ”Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP Gənclər Birliyinin və Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsinin sədr müavini Ramin Məmmədov və başqaları Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin uğurlarından danışdılar.

Sonda konfransda təşkilati məsələlərə də baxılaraq YAP Salyan rayon təşkilatının əməkdaşı Fazil Sabir oğlu Məhərrəmov Gənclər Birliyinin sədri seçildi. 

Salyan rayonunda torpaqlarımızın bötüvlüyü uğrunda şəhid olmuş insanlar daim yad edilmiş, onların keçdiyi qəhrəmanlıq yolu formalaşmaqda olan gəncliyə aşılanmışdır. Bunun bariz nümunəsi kimi bu ilin aprel ayının 26-da Salyan Tarix Diyarşünaslıq Muzeyində Qarabağ döyüşlərində torpaqlarımızın müdafiəsi uğrunda canından keçən şəhid zabitimiz Elsevər Hüseynovun xatirəsi anıldı. Xatirə mərasimində rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, şəhidin ailə üzvləri, döyüşçü yoldaşları və ictimaiyyət nümayəndələri iştirak etdilər. Xatirə mərasimində şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra  həyat yolunu əks etdirən video-çarx nümayiş olunmuşdur.

Bölmə komandiri kimi, Ağdərənin, Füzulinin bir çox yaşayış məntəqələrində gedən döyüşlərdə əsl qəhrəmanlıq göstərən Elsevər Hüseynovun son döyüşü 1994-cü il aprelin 24-dən 25-nə keçən gecə Ağdamın Şıxlar kəndində olmuş, döyüşçü yoldaşı ilə birgə mühasirəyə düşən Elsevər düşmənlə son ana kimi döyüşmüş və 60-dan çox silahdaşının həyatını xilas edərək 29 yaşında şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində göstərdiyi xüsusi xidmətlərə, şəxsi igidlik və şücaətlərə görə Ümummilli lider Heydər Əliyevin 9 oktyabr 1994-cü il tarixli 218 saylı fərmanı ilə Elsevər Sabir oğlu Hüseynov "Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.

Xalqımızın taleyində şərəfli iz buraxmış "Aprel döyüşləri"ndə qəhrəmancasına şəhid olmuş baş leytenant Rəşid Mehdiyevin doğum günü bu il də Salyanda qeyd edilib.  

Qəhrəmancasına şəhid olmuş baş leytenant Rəşid Mehdiyevin doğum günü ilə əlaqədar rayonun Xələc kəndində yerləşən Şəhidlər xiyabanındakı məzarı rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, idarə, müəssisə, təşkilatların və ictimaiyyətin nümayəndələri, ziyalılar tərəfindən ziyarət olunub. Xiyabanda uyuyan bütün şəhidlərin ruhuna dualar oxunaraq önlərinə gül-çiçək dəstələri düzülüb.    

Salyan rayonunda keçirilən əlamətdar tədbirlərdən biri də görkəmli oftalmoloq akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü ilə bağlı olub.
Aprel ayının 27-də Salyan rayon İcra hakimiyyətində görkəmli oftalmoloq akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümündə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov tədbiri giriş sözü ilə açaraq akademik Zərifə xanım Əliyevanın parlaq fəaliyyəti ilə Azərbaycan tibb elminə əbədi həkk olunmuş şərəfli və mənalı bir ömür yaşadığını, onun elmin çətin yollarında inamla irəliləyərək oftalmologiyanın ən uca pillələrinə yüksəldiyini, çox məsuliyyətli, eyni zamanda ibrətamiz, nümunəvi bir həyat yolu keçdiyini qeyd etdi.      

Məlum olduğu kimi bu il Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 ili tamam oldu. Bu məqsədlə ölkəmizin bütün regionlarında olduğu kimi Salyan rayonunda da geniş tədbir keçirildi.

İyul ayının 12-də Salyan rayon İcra hakimiyyətində ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə keçirilən tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak etdi.

Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçilməsindən sonra ölkədə tənəzzülün qarşısının alındığını, ictimai-siyasi, sosial-mədəni həyatın bütün sahələrində yeni inkişaf dövrünün başlandığını diqqətə çatdırmış, aparılan ciddi islahatlar, həyata keçirilən silsilə tədbirlər nəticəsində ölkəmizin inkişaf sürətinə görə ən qabaqcıl respublikaya çevrildiyini bildirdi.
Əlamətdar tədbirdə çıxış edənlər ulu öndərin çoxşaxəli fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin bərpasında, qorunub saxlanılmasında misilsiz xidmətlərindən, xalqın rifahı naminə həyata keçirdiyi siyasi-iqtisadi islahatlardan söhbət açdılar.  

Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 27 may tarixli 1205 nömrəli sərəncamına əsasən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunan şəxslərə medallar təqdim edildi.

Salyan rayon rəhbərliyi daim salyanlıların yanındadır
 


Cari ilin 9 ayı ərzində Salyan rayonunda əldə olunan bütün uğurların səbəbi dövlət başçısının tapşırıqlarını vaxtında və düzgün yerinə yetirilməsi və rayon rəhbərliyi ilə əhali arasında sıx işbirliyinin olmasıdır. 

Salyan rayon İcra Hakimiyyətinin rəhbərliyi müntəzəm olaraq kəndlərə səfərlər edərək səyyar qəbul-görüşlər keçirir, əhalinin problemləri, qayğıları və təklifləri ilə maraqlanırlar. Bu məqsədlə Salyan rayon icra Hakimiyyətnini başçısı və rayon idarə və təşkilatlarının rəhbərliyi 2019-cu ilin yanvar ayından sentyabr ayınadək rayonun 27 kənd və qəsəbəsinə (Arbatan, Yeni Uluxanlı, Dayıkənd, Boranıkənd, Kürqaraşlı, Marışlı, Gəncəli, Yuxarı Noxudlu, Babazanlı, Yolüstü kəndi, Qızılağac, Xələc, Çuxanlı, Qarabağlı, Peyk, Sarvan, Xıdırlı, Şorsulu, Yenikənd, Düzənlik, Kərimbəyli, Quyçu, Xurşud, Seyidlər, Seyidsadıqlı, Qaraçala və Xocalı) səfər edərək sakinlər ilə görüşlər keçiriblər. 

Salyan rayon rəhbərliyi kəndlərdə sakinlərlə keçirdikləri qəbul-görüşlərlə yanaşı, eyni zamanda hər həftə rayon İcra Hakimiyyətniin inzibati binasında da qəbul görüşlər keçirirlər. 

Rayon rəhbərliyinin səfərləri təkcə kəndlərlə yekunlaşmır. Belə ki, rayon rəhbərliyi rayonda fəaliyyət göstərən təhsil, səhiyyə ocaqlarına da müntəzəm səfərlər edərək buradakı vəziyyətlə tanış olurlar. 

Salyan rayon rəhbərli gənclərin inkişafına, təhsil və digər qayğılarına da diqqətlə yanaşır. Bu məqsədlə fevral ayının 20-də Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonun müxtəlif sahələrdə çalışan gənclərlə görüş keçirib.

Görüşdə gənclər çıxış edərək arzu və təkliflərini bildirmiş, hazırda Prezident İlham Əliyev tərəfindən ölkə siyasətinin uğurla davam etdirildiyini qeyd etmiş, dahi şəxsiyyət Heydər Əliyevin ideyalarını yaşatmaq üçün bütün güc və bacarıqlarını səfərbər edəcəklərini bildirmişlər. Gənclər onlara verilən dəstəyə, göstərilən etimada və ölkə gənclərinin beynəlxalq gənclər hərəkatına inteqrasiyası üçün yaradılan şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdar olduqlarını bildirmişlər.

Salyan rayonunda məşğulluğun artırılması da rayon rəhbərliyinin diqqətindədir. Bu ilin aprel ayında Salyan Rayon İcra hakimiyyətində rayonda məşğulluğun artırılması məqsədilə haqqı ödənilən müvəqqəti işlərin təşkili ilə əlaqədar yaradılan komissiyanın iclası keçirilib.

İclası giriş sözü ilə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov açaraq Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın 4.4.5-ci bəndində işsiz və işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunun çevik və səmərəli təşkili məqsədilə haqqı ödənilən ictimai işlərin təşkili mexanizminin yeniləşdirilməsini əsas prioritetlərdən biri kimi müəyyən edildiyini qeyd etdi.

Bu istiqamətdə Salyan rayonunda da müəyyən işlər görüldüyünü vurğulayan Sevindik Hətəmov "İşsizin DOSTU” proqramına uyğun olaraq 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) "DOST İş Mərkəzi” MMC ilə müvafiq saziş bağlandığını və 480 nəfərin haqqı ödənilən ictimai işlərlə təmin edildiyini, 120 nəfərin işlə təmin edilməsi üçün müvafiq sənədləşdirmə işlərinin aparıldığını və yaxın günlərdə onların müvafiq işlərlə təmin ediləcəyini qeyd etdi. 

Salyan rayonunda inkişaf edən sahələrdən biri də yerli sahibkarlıqdır. Əhalinin dayanıqlı işlə təmin olunması üçün Salyan rayon İcra Hakimiyyəti sahibkarlığın inkişafına daim dəstək nümayiş etdirir. Salyanda aqrar sahənin inkişafı da artan templə yüksəlməkdədir. Rayonda son illər pambıqçılıq, taxılçılıq, balıqçılıq, tərəvəz və bostan bitkiləri və maldarlıq sahəsində yüksək nailiyyətlər əldə edilib. 

Aqrar sektorun inkişafı üçün dövlət tərəfindən verilən subsidiyalar və digər güzəştlər, eyni zamanda, rayon rəhbərliyinin dəstəyi gələcəkdə də bu sahədə daha böyük nailiyyətlərin əldə olunacağına inam hissini artırır.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook