SON XƏBƏR

Şükür Mürsəloğlunun şeirlər kitabının təqdimat mərasimi keçirilib

Sentyabr 17
11:45 2018
Sentyabr ayının 15-də Bakı şəhərində şair Şükür Mürsəloğlunun yeni işıq üzü görmüş "Qar kölgəsi” adlı şeirlər kitabının təqdimat mərasimini keçirilmişdir. Təqdimat mərasiminə şairin yaxın dostları, ədəbiyyat və media nümayəndələri qatılıblar. 

Tədbiri giriş sözü ilə Laçın rayonundan olan tanınmış ziyalı Qəzənfər Hüseynov açaraq qonaqları salamlamış, tədbir iştirakçılarına kitab haqqında məlumat vermişdir. Qəzənfər Hüseynov şairin yaradıcılığı haqqında danışmış, kitabının təqdimatı münasibətilə onu təbrik etmiş və yaradıcılıq uğurları arzulamışdır. Sonra sözü tədbiri aparmaq üçün tanınmış şair İlham Qəhrəmana vermişdir.

Kitaba həm redaktorluq edən, həm də "Düşmədi havası bizə dünyanın" adlı ön söz yazan İlham Qəhrəmanın çıxış edərək bildirib: "Şükür Mürsəloğlu uzun illər boyu poeziyanın sehrli aləmiylə baş-başa, nəfəs-nəfəsə olsa da dağlardakı gözü açılmamış bulaq kimi qalmış, şeirlərini ortalığa çıxarmamışdır. Amma xalqımızın belə bir zərb-məsəli də var- "Cidanı çuvalda çox gizlətmək olmaz" necə ki, Şükür də gizlədə bilmədi. Bunu da qeyd etmək lazımdır ki, Şükür Mürsəloğlu həmişə ölkədəki ədəbi mühiti davamlı olaraq izləmiş, özünü o mühitin içində hiss etmişdir. Şeirlərinin birində dediyi kimi- 
 
Keçdi aclığım, keçdi, 
Bir az şeir oxuyub toxtadım. 

O həmişə şeirə aclıq hiss etmiş və şeir oxuyub aclığını öldürmüşdür (toxtamışdır). Laçın şəhərində çox az adam tapılar ki, Şükürün şeir yazdığını, onun şair olduğunun bilməsin. Belə hesab edirəm ki, bu kitabın işıq üzü görməsi-yuxarıdakı fikrimə qayıtsam, bulağın gözünün açılması, onu tanıyanlara bir ərmağan olacaq. Bəri başdan fürsətdən istifadə edib, həm müəllifi, həm də bu kitabın oxucularını təbrik edirəm."

Həmçinin tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair Ayaz Arabaçı şairin ədəbi fəaliyyətindən danışıb. Şükür Mürsəloğlunun ədəbiyyata, poeziyaya ruhən bağlı olduğunu deyən Ayaz Arabaçı bildirib: "Şükür Mürsəloğlunun ilk kitabını səmimi qəlbdən alqışlayıram. Şairin nə qədər şeiri olsa da, onun kitabının nəşr olunması başqa sevincli duyğudur. Mən də bu duyğudan daddığım üçün, sizin hansı hislər keçirdiyinizi yaxşı bilirəm. Çox şadam ki, bu gün "Qar Kölgəsi" kitabının təqdimat mərasimində mən də iştirak edirəm, qələminə qüvvət. Axarıncı olsun. Bir daha sizi alqışlayıram."

Tədbirdə çıxış edən Arif Gürşadoğlu, Gülşən Sadıqova, Arzu Nehrəmli, Elşad Barat, Həsən Naibov, Arif Zeynalov, Gülnisə Cabbarova, Cəmilə İbrahimova, Nizami Rza, Zəki Bayram və başqaları şairin yaradıcılıq nümunələrindən söhbət açıblar. Bildirilib ki, Şükür Mürsəloğlunun qələmindən çıxan şeirlərdə milli təəssübkeşlik, Qarabağ müharibəsinin ağrıları, vətənpərvərlik mövzusu ana xətt kimi keçir. Tanrı ona duyğu və düşüncələrini poetik dillə ifadə etmək, Vətən həsrətini və qəlbinin bütün ağrı-acılarını şeirə çevirmək istedadı verib. 

Tədbir Şükür Mürsəloğlunun çıxışı ilə yekunlaşıb: "Əvvəla çox şad oldum ki, bu gün söz sənətinin görkəmli nümayəndələri, həm yerlilərim, dərin poetik düşüncələrə malik olan şəxsiyyətlər "Qar Kölgəsi" kitabımın təqdimat mərasimində iştirak etdilər. Bu çox sevindirici haldır. Poeziyaya bağlılıq məndə uşaqlıq çağlarımdan meydana gəlib. Lakin dərc olunmağı sevmədiyim üçün 55 illik ömür həyatımda ilk kitabım bu yaxınlarda nəşr olundu. Bunun da səbəbkarları dostlar, sizlər oldunuz. Sizin yüksək şeir duyumunuz, təkidləriniz məni kitab çap etdirməyə vadar etdi. Onu da qeyd etmək istəyirəm ki, vətənimizin müxtəlif rayonlarında, xaricdə yaşayan həmyerlilərimiz, dostlarımız, tədbirdə iştirak edə bilmədilər. Amma onların qəlbləri bu gün bizimlədir. Onlara və sizlərə dərin minnətdarlığımı bildirir, bu işdə əməyi keçən hər bir kəsə təşəkkür edirəm! Çox sağolun!”

Mən də Şükür Mürsəloğlunu şeirlər kitabının işıq üzü görməsi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında və bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayıram!
Laçın xəyalın gerçək olsun!...

Ramil Cəbrayıl



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook