SON XƏBƏR

Yarımçıq tikililərlə bağlı qanuna dəyişiklik kimin faydasınadır?

Dekabr 11
08:51 2017
Azərbaycanda tikintisi başa çatmayan binalarda mənzil alan zaman ödənişin ödənilməsi qaydası müəyyənləşib.  Bununla bağlı Mülki Məcəllədə dəyişiklik edilir.
 
Məcəllənin 648-ci (Daşınmaz əşyaların alqı-satqısı zamanı tərəflərin vəzifəsi) maddəsinə yeni bənd əlavə edilir. Əlavəyə əsasən, alqı-satqı müqaviləsinin predmetini digər müddəalarla yanaşı, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu paylar təşkil edirsə, alıcının üzərinə həmin payların alış qiymətini tikinti başa çatmazdan əvvəl tam şəkildə ödəmək öhdəliyi qoyula bilməz. Bu zaman ödəmələr bu məcəllənin 770-1-ci maddəsində qeyd olunan  şərtlər nəzərə alınmaqla və tikintinin mərhələləri üzrə hissələrlə həyata keçirilməlidir. Dəyişikliklərdə bir sıra şərtlər qeyd olunub ki, bunu da daha öncəki sayımızda çap etmişdik.

Dəyişiklikləri "Yeni Müsavat”a şərh edən iqtisadçı ekspert Fikrət Yusifov bildirib ki, bu dəyişikliklər bir qayda olaraq alıcıların hüquqlarının müdafiəsini gücləndirməyi hədəfləyir: "Dəyişikliklər tikinti sektorunda olan bəzi mübahisəli məqamların aradan qaldırılmasını nəzərdə tutur. Dəyişikliklərə qədər inşası başa çatmayan binalarda mənzillərin alqı-satqısı, vətəndaşların mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı bir sıra problemlər mövcud idi. Məsələn, bəzi iş adamları tərəfindən mənzillərin eyni zamanda bir neçə şəxsə satılması kimi hallara rast gəlinirdi. Mülki Məcəllədə edilən dəyişikliklər bu halların aradan qaldırılmasını təmin edəcəkdir. Belə ki, bundan sonra tikintisi başa çatmayan çoxmənzilli binalarda mənzillərə sərəncam verilməsi haqqında müqavilələr notariat qaydada təsdiqlənməli və daşınmaz əmlakın dövlət reyestrində təminat qeydi aparılmalıdır. Bundan başqa mənzillərin satışı zamanı mülkiyyətçi torpaq sahəsi barədə alıcının xeyrinə təminat qeydini notarius və daşınmaz əmlakın dövlət reyestri vasitəsilə aparmalı olacaq. Bu qeyd şəffaf şəkildə, elektron qaydada, mülkiyyətçinin reyestrə birbaşa müraciəti olmadan həyata keçiriləcək. MM-də edilən dəyişikliklər həmçinin nəzərdə tutur ki, tikintisi başa çatmayan binadan mənzil alan alıcının üzərinə mənzilin alış qiymətini tikinti başa çatmazdan əvvəl tam şəkildə ödəmək öhdəliyi qoyula bilməz. Bu zaman ödəmələr tikintinin mərhələləri üzrə hissələrlə həyata keçirilməlidir”.
 
(Musavat.com)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook