SON XƏBƏR

Yeni yaradılan Dövlət Agentliyi ilə bağlı böyük müəmma - “TOKİ effekt(sizliy)i”

Aprel 16
15:48 2016
Xəbər verildiyi kimi, dövlət başçısı İlham Əliyev aprelin 11-də "Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MIDA) yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərman imzalayıb.

Fərmana əsasən "MİDA” MMC-nin vəsaiti hesabına inşa edilən çoxmənzilli binaların podratçıları "Dövlət satınalmaları haqqında” Azərbaycan Qanunu ilə müəyyən olunan qaydada müsabiqə yolu ilə seçilir. 

MİDA-nın inşa edəcəyi binalar aşağı gəlirli vətəndaşlar üçün nəzərdə tutulub. Söhbət sosial evlərdən gedir. İlkin məlumatlara görə, həmin vətəndaşlar bu evlər üçün aylıq 80-90 manat ödəyəcəklər. 25-30 ildən sonra isə mənzil onların tam mülkiyyətinə  veriləcək.
Əlbəttə, bu və digər məqamlar qısa vaxtda konkretləşəcək və sosial evlər layihəsinin şərtləri məlum olacaq.

Amma qaranlıq qalan bir məqam var: bu da MİDA” MMC-nin vəsaiti hesabına inşa edilən çoxmənzilli binaların podratçılarının necə müəyyənləşəcəyidir. Yuxarıda da qeyd etdiyimiz kimi, ölkə başçısının fərmanına əsasən, həmin podratçılar "Dövlət satınalmaları haqqında” Azərbaycan Qanunu ilə müəyyən olunan qaydada müsabiqə yolu ilə seçiləcək. 

Ancaq bu seçimin şəffaf və obyektiv aparılacağı şübhə altındadır.

Məsələ burasındadır ki, Azərbaycan hökuməti MİDA ilə bağlı Türkiyə təcrübəsinə üstünlük verir. Hər halda kənardan görünən budur. Belə ki, Avropanın inkişaf etmiş ölkələrinin təcrübəsində sosial mənzil fondu əsasən bələdiyyələr tərəfindən formalaşır, istisna hallarda yerli özünüidarəetmə orqanları ilə hökumət bu işi ortaq həyata keçirir. Azərbaycanda isə sosial evlər projesi tamamilə hökumətin nəzarətində olacaq, hansı ki, Türkiyədə də məhz bu təcrübədən istifadə olunur. Orada sosial mənzil fondu başbakanlığa bağlı olan Toplu Konut İdaresi Başkanlığının - TOKİ məzuliyyətindədir.   

Narahatlıq doğuran isə Azərbaycanın da üstünlük verdiyi Türkiyə təcrübəsinin şəffaflıq baxımından ürəkaçan olmamasıdır. Belə ki, TOKİ qardaş ölkənin barəsində ən çox korrupsiya şübhələri dolaşan qurumlarındandır. Türkiyə cəmiyyətində belə bir oturuşmuş qənaət hakimdir ki, TOKİ-nin podratçıları bir qayda olaraq, siyasi iqtidara yaxınlığı və vəzifəli şəxslərlə qeyri-rəsmi ortaqlığı, gizli işbirliyi olan iş adamlarına məxsus şirkətlərdən seçilir.

Bundan başqa. TOKİ evləri keyfiyyətinə, xüsusi ilə zəlzələyə dayanıqlığına görə də uzun illərdir mübahisə mövzusudur. 
Azərbaycanda satınalmalar sahəsində onsuz da ciddi şəffaflıq problemi və keçirilən tenderlər üzərində məmurların hər cür müdaxilə imkanı olduğunu nəzərə alsaq, bunun üzərinə ölkədə ictimai nəzarət institutlarının sıradan çıxarılmasını və dövlət qurumlarında hesabatlılığın faktiki olaraq arxa plana keçirildiyini əlavə etsək, TOKİ təcrübəsinin əsas götürülməsi ilə MİDA ətrafında indidən müəyyən narahatlıqların yaşanmağa başlamasını təbii qarşılamaq lazımdır. 

Sosial evlərin kasıb vətəndaşların mənzil dərdinə nə qədər dərçman olacağını demək çətindir, amma bu gedişlə görünən odur ki, məlum layihə də daha çox müəyyən məmurların maraqlarının təminatçısına çevriləcək. (Qaynar.info)
 
Qlobal.az






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook