SON XƏBƏR

0:13 hesabı ilə uduzan Azərbaycan millisinin baş məşqçisi: “Utanıram..."

Fevral 19
14:13 2021
Qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərovun apasport.az saytına müsahibəsi

- Avropa çempionatının seçmə mərhələsi çərçivəsində dünən İspaniyaya 0:13 hesabı ilə məğlub oldunuz. Belə böyük hesab nədən qaynaqlanır?

- Çətin olacağını bilirdik, ancaq bu cür hesab gözləmirdik. Qrupda ilk oyunumuzu İspaniyaya qarşı səfərdə keçirmişdik. 12 min azarkeşin önündə uduzsaq da, belə nəticə olmamışdı. Problem ondadır ki, buna qədər sonuncu matçımızı oktyabrda keçirmişdik. Nəinki ölkə daxilində, hətta xaricdə çıxış edən oyunçularımızın klubları da koronavirus pandemiyası ilə əlaqədar matçlarda iştirak etmədilər. Biz isə ayın 10-da bir araya gəlmişdik. Ən böyük çətinliyimizin oyun praktikası olacağını bilirdik. İspaniyada isə çempionat bir həftə əvvəl bitib. Həmin yığmanın oyunçuları Avropanın elə ölkələrində çıxış edirlər ki, orada çempionatlar dayandırılmayıb. Nə qədər məşq etsən də, oyun keçirməsən, böyük problem yaşayacaqsan. Qollar buraxdıqca səhvlər də artdı, hesab psixoloji gərginlik yaratdı. Komanda düşdüyü durumdan çıxa bilmədi, nəticədə belə alındı. Həm komanda olaraq, həm də mən özüm şəxsən bu nəticədən utanıram. Azərbaycan futbol ictimaiyyətindən buna görə üzr istəyirik. Amma bitən bir şey yoxdur, önümüzdə Moldova ilə görüş var. Məqsədimiz matçda qələbə qazanıb, sonluğu heç olmasa yaxşı gətirək.

- Qollar rəqibin ustalığından çox futbolçularımızın kobud fərdi səhvlərindən buraxılırdı. Qapı və müdafiə xəttinin belə bərbad çıxışının səbəbi nə idi?

- Səhvlər ilk növbədə rəqibin göstərdiyi təzyiqdən irəli gəlirdi. Oyunçularımız məcburiyyətdən bu səhvlərə yol verirdilər. Həmçinin bayaq dediyim kimi, oyun praktikasının olmaması öz işini gördü. 3-4 aydan sonra birdən-birə İspaniya kimi rəqibə qarşı çıxırsansa, mütləq səhv edəcəksən.

- Azərbaycanda qadın futbolçuların sayı o qədər də çox deyil. Bu amilin işinizə nə kimi təsiri olur?

- Bizim, onsuz da, bəlli seçim məhdudiyyətimiz var. Azərbaycanda qadın futbolunun hansı durumda olduğunu hamı bilir, bu, 2010-cu ildən başlayır. Bəzi oyunçularımız var ki, komandada olsaydılar, start heyətində yer alardılar. Onlar ailə həyatı qurub karyerasını bitiriblər. Üstəlik, hamısının da 22-23 yaşı var. Yenə yaşlı olsaydılar, o qədər narahat olmazdıq. Halbuki indi milliyə ən yaxşı səviyyədə kömək edəcək yaşdadırlar. Problemlər ilk növbədə buradan yaranır. Futbolçunu bəlli səviyyəyə gətirirsən, sonra ailə həyatı quraraq karyerasını bitirir. Geniş seçim, rəqabət üçün vaxt lazımdır. Aşağı yaş qruplarında qızlar inkişaf etdikcə rəqabət daha yaxşı olacaq. Hazırda əlimizdə kimlər varsa, onlardan yararlanmağa çalışırıq.

- Ardıcıl məğlubiyyətlərdən sonra belə bir sual yaranır: yığmamız əgər belə böyük fərqlə uduzursa, milliləşdirməyə nə ehtiyac var? Bu nəticəni sırf yerlilərlə də göstərmək olmaz? 

- Hazırda Türkiyə əsilli iki qızımız var. Onları gətirməyimizin səbəbi də həmin mövqelərdə boşluğun yaranmasıdır. Biz də milliləşməyə getmək istəmirik. Amma mövqelər var ki, ora ilə bağlı çətinliklər çəkirik. Bir müddət sonra həmin boşluqları dolduracağıqsa, kənardan kimisə gətirməyə ehtiyac qalmayacaq. Kənardan kimisə gətiririksə, həmin şəxs boşluğu doldurmaq, komandanı gücləndirmək üçün gəlir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook