1 ay sonra dollar və nefti gözləyən reallıq – Ekspert
Noyabr 17
10:13
2016
Uçot dərəcəsinin artırılması ilə bağlı məlumatın ictimailəşdirilməsi qısamüddətli dövrdə, yəni bir neçə gün ərzində valyuta bazarlarında dalğalanmalarla müşahidə edilə, ABŞ dolları bir neçə faiz bahalaşa bilər.
Qlobal.Az xəbər verir ki, bunu Axar.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. Ekspert ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) 2016-cı ilin dekabrında gözlənilən son iclası fonunda dünya valyutalarını gözləyən reallıqlardan danışıb:
"Amerikanın yeni prezidenti Donald Tramp uçot dərəcəsinin artırılmasının tərəfdarıdır. Bu baxımdan ötən ilin sonundan 2016-cı il üçün uçot dərəcəsinin artırılması ilə bağlı verilən mesajların ictimailəşdirilməsi, ilin II yarısından etibarən isə ABŞ iqtisadiyyatının makro göstəricilərinin nisbətən sabitləşməsi və hədəflərə yaxınlaşması onu deməyə əsas verir ki, 13-14 dekabr tarixi müzakirələrində böyük ehtimalla, FES faiz dərəcələrini artıracaq. Bu dövrə qədər dünya birjalarında dollar bahalaşacaq. Uçot dərəcəsinin artırılması ilə bağlı məlumatın ictimailəşdirilməsi qısamüddətli dövrdə, yəni bir neçə gün ərzində valyuta bazarlarında dalğalanmalarla müşahidə edilə, dollar bir neçə faiz bahalaşa bilər. Lakin sonrakı dövrdə yenidən sabitləşmə başlayacaq. Çünki artıq bazarlar FES-in faiz dərəcələrini artırma ehtimalına uyğun olaraq mövqe nümayiş etdirirlər. Belə ki, dollar avro, funt sterlinq, yen, yuan və digər valyutalara qarşı ciddi şəkildə möhkəmlənib. Bu prosesin bir neçə gün də müəyyən səviyyədə davam etmə ehtimalı var. Ancaq uçot dərəcəsinin artırılmasından sonra təxminən 1 ay ərzində sabitləşmə müşahidə olunacaq”.
İqtisadçı bildirib ki, dollarla bağlı bu proses neftin qiymətinə də təsir göstərəcək:
"Uçot dərəcəsinin artımı bahalı dollar, bahalı dollar isə adətən ucuz əmtəə deməkdir. Bu baxımdan da neft ucuzlaşa bilər. 2017-ci üçün ehtimal olunan tələbin artması prizmasından yanaşsaq, bu ucuzlaşma bazarlarda özü-özünü kompensasiya edəcək. Ona görə də burada ciddi risk yoxdur. Neftin qiyməti daha çox OPEK ölkələri və təşkilata daxil olmayan Rusiya kimi böyük neft ölkələri arasında hasilatın dondurulması ilə bağlı əldə olunacaq sazişdən daha çox asılıdır. Təxminən 15 gün sonra, noyabrın 30-31-də OPEK-in bu görüşündə sözügedən sazişdə şərtlər müzakirə olunacaq”.
Ekspert onu da əlavə edib ki, bu proses bütövlükdə manata da öz təsirini göstərəcək və FES-in qərarından sonra daxili bazarlarda yaranmış psixoloji təzyiq qara bazarlardan da yan keçməyəcək.
Qeyd edək ki, FES noyabrın 1-2-də baş tutan iclasında uçot dərəcəsini dəyişməyərək 0,25-0,5% səviyyəsində saxlayıb. FES 2016-cı il üzrə sonuncu dəfə isə dekabrda toplanacaq. Bu toplantıda uçot dərəcələrinin artırılması proqnozlaşdırılır.
Qlobal.az