SON XƏBƏR

“1 milyon borcumuz var” – “Xəzər Lənkəran”dan lisenziya açıqlaması

May 16
16:32 2016
"Xəzər Lənkəran” yarandığı gündən lisenziya tələblərini həmişə birinci yerinə yetirən klublardan olub. Hazırda məlum vəziyyətlə üzləşməyimiz borc məsələsi ilə bağlıdı”. Bu sözləri apasport.az saytına açıqlamasında "Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
 
Bu gün AFFA-nın Lisenziya Komissiyasının keçirilən iclasında 2016/17 mövsümündə Topaz Premyer Liqasında iştirak üçün müraciət etmiş klubların sənədlərinə baxılıb. Komissiya klubların lisenziyalaşdırılması üzrə qaydalara əsaslanaraq, elita təmsilçilərindən "Xəzər Lənkəran” və "Rəvan”a növbəti mövsümdə elitada oynamaq hüququ verməyib. Komissiya bu 2 klubla birlikdə I divizion təmsilçilərinə də güzəşt edərək, 14 gün əlavə vaxt verib.
 
Məsələ ilə bağlı danışan "Xəzər Lənkəran”ın nümayəndəsi çətin vəziyyətlə üzləşdiklərini bildirib: "Borcumuz olan oyunçular var idi. Bizə lisenziyanın verilməməyinin səbəbi də budu. Həmin oyunçuların pulları ödənilməli, sonra komandaya lisenziya verilməlidi. Borcun miqdarı 1 milyona yaxınlaşır. Bizə bu problemi yoluna qoymaq üçün 14 gün vaxt verilib. Sözsüz ki, həmin müddət ərzində lisenziya almaq üçün əlimizdən gələni edəcəyik. Amma real danışsaq, borcun miqdarı xeyli çoxdu. Sənəd problemi olsaydı, 14 günə həll etmək olardı. Lakin üzləşdiyimiz bu problemi 2 həftəyə həll etmək çox çətindi”.
 
Əməkdaşımızın "Xəzər Lənkəran” qərarla bağlı apellyasiya şikayəti edəcəkmi” sualına Cəbrayıloğlu belə cavab verib: "Borcumuzun olduğunu, onsuz da, inkar etmirdik və bunu mediada da açıqlamışdıq. Yəni, borc məsələsi bu gün ortaya çıxmayıb. Bu problem neçə ay ərzində həll edilməyibsə, 14 günə də yoluna qoyulası məsələ deyil. O qədər pulun birdən-birə ödənilməsi çox çətindi. Çalışacağıq ki, 2 həftə ərzində ərzində bütün variantların üzərində işləyək”.
 
Azərbaycan futbolunda belə bir praktika var ki, külli miqdarda borcu olan klub bu problemdən qurtulmaq üçün adını dəyişir. "Xəzər Lənkəran” isə belə bir addım atmaq fikrində deyil: "Elə bir variant müzakirə olunmayıb, bu barədə, ümumiyyətlə, düşünmürük. Bu klub "Xəzər Lənkəran” kimi fəaliyyət göstərib və qısa müddətdə özünü tanıtdırıb. Birdən-birə adını dəyişmək, yeni klub yaratmaq real görünmür. Rəhbərlik yekun qərarını sabah bildirəcək. Sabaha qədər isə müxtəlif variantların üzərində işləyəcəyik”.
 
"Ağ-yaşıllar”ın nümayəndəsi AFFA-nın "Xəzər Lənkəran”a yardım əlini uzatmaq gücündə olduğunu istisna etməyib: "Himayə başqa cür səslənir, amma kömək edə bilərlər. Bu o demək deyil ki, AFFA öz xüsusi adamlarını qoyub, klubu idarə etməlidi. Sadəcə, federasiya istəsə, borcun bir hissəsinin bağlanmasında yardımçı ola bilər. "Xəzər Lənkəran” hazırda cənub bölgəsinin tək komandasıdı. Odu ki, dəstək göstərmək olar. Amma bu addımı federasiya atmalıdı, biz deyə bilmərik ki, yardım edin. Klub özəl olmalıdı. "Xəzər Lənkəran”ın öz sponsoru, sahibi var. Lakin belə bir məqamda federasiya da köməyini əsirgəməyə bilər. Bu da onlardan asılıdı, istəyərlərsə, yardım edərlər, istəməzlər, etməzlər”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook