SON XƏBƏR

101 dövlət əmlakı hərraca çıxarıldı

Oktyabr 03
10:06 2016
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 101 dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı yeni hərraclar elan edilib. Bu barədə Komitənin mətbuat xidməti məlumat verib.
 
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 1 noyabr tarixində keçiriləcək yeni hərrac elan edilib. Budəfəki hərraca 101 dövlət müəssisə və obyekti çıxarılıb.
 
Hərraca çıxarılan dövlət əmlaklarının 23-ü özəlləşdirmə prosesi çərçivəsində yaradılmış və nizamnamə kapitalının nəzarət səhm paketinin 30-45 faizini təşkil edən açıq səhmdar cəmiyyətləridir. Bunlar paytaxt Bakı şəhəri ilə yanaşı, Mingəçevir şəhəri, habelə Neftçala, Astara, Abşeron, Yevlax, Xaçmaz, Kürdəmir və digər rayonlarda yerləşən səhmdar cəmiyyətləridir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri kəndkimya, təmir-tikinti, avtonəqliyyat, quşçuluq, xidmət, sənaye, emal və digər sahələri əhatə edir. Bu müəssisələr sırasında "Astara Çay-3”, "Lənkəran Broyler”, "Masazır Quşçuluq”, "Tovuz Məişət”, "Yevlax Yun”, "Zabrat Tikinti Quraşdırma” və digər səhmdar cəmiyyətləri vardır.
 
Həmçinin hərraca 62 kiçik dövlət müəssisə və obyekti də çıxarılıb. Bu obyektlər sırasında Bakı şəhərinin müxtəlif rayonlarında, habelə Şəki, Ağsu, Hacıqabul, Salyan, Balakən, İsmayıllı və digər rayonlarda yerləşən qeyri-yaşayış sahələri, habelə ictimai iaşə və ticarət müəssisələri vardır.
 
Eyni zamanda, hərraca çıxarılan dövlət obyektlərinin siyahısında 16 ədəd nəqliyyat vasitəsi də yer alıb.
 
İstənilən şəxs hərracda iştirak edə və əmlak sahibi ola bilər. Hərracda iştirak etmək üçün iştirakçı hüququnu əldə etmək kifayətdir. Bunun üçün komitənin elektron xidmətlər portalı vasitəsi ilə elektron qaydada, habelə Hərracların Təşkili üzrə Auksion Mərkəzi və onun regionla bölmələrində sifariş verib, əmlakın satış qiymətinin 10%-i məbləğində beh ödəmək kifayətdir. Hərraca çıxarılan əmlaklar barədə komitənin özəlləşdirmə portalı, habelə rəsmi internet saytı vasitəsi ilə ətraflı məlumat əldə etmək mümkündür.
 
Qeyd edilməlidir ki, sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
 
Hərraca çıxarılan daşınmaz dövlət əmlaklarının iqtisadi göstəriciləri barədə məlumatlar, mövcud vəziyyətini əks etdirən foto materiallar, yerləşmə mövqelərini göstərən xəritələr (google map) privatization.az saytında yerləşdirilir. Hərraca çıxarılan hər bir səhmdar cəmiyyəti barədə ətraflı məlumatla http://privatization.az/index.php/az/sas-s-hif/2016-05-24-10-18-36/mue-ssis-l-r/uemumi-siyah linkdə tanış olmaq olar. Hərracda iştirak etmək istəyən vətəndaş kiçik dövlət müəssisə və obyektləri barədə ətraflı məlumatı http://privatization.az/index.php/az/sas-s-hif/2016-05-24-10-18-36/kidzhik-doevlaet-muaessisae-vae-obyektlaeri linkdən ala bilər.
 
Hərrac prosesi ilə tanış olmaq istəyən hər bir vətəndaş "açıq hərrac”larda iştirak edə bilər. Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook