1.6 manatlıq şirkətlə yarım milyonluq müqavilə - Cənub rayonları üçün "tender canavarı"
Avqust 08
16:34
2022
Lerik Rayon İcra Hakimiyyəti "Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti ilə satınalma müqaviləsi bağlayıb.
Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 557 323.77 AZN olan müqavilədə Lerik şəhərinin avtomobil yollarının əsaslı təmiri nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Elnur-2” şirkəti 11 fevral 1994-cü il tarixdə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 11/35, mənzil 57 olan şirkətin qanuni təmsilçisi Abıyev Zaur Niyaz oğludur. Şirkətin nizamnamə kapitalı isə 1 manat 60 qəpikdir.
Açıq mənbələrdə "Elnur-2” şirkəti barədə hər hansı məlumat yoxdur. Zaur Abıyevin adı isə "MTN işi”ndə keçir. İş materiallarından aydın olur ki, Zaur Abıyev də MTN-dəki məlum dəstənin hədəfinə gəlib. O, ifadəsində bildirib ki, 2013-cü ilin dekabr ayının 19-da digər zərərçəkmiş Elton Cəfərli ilə birlikdə "Texnikabank”ın "Proqress” filialından 620 min manat pul götürüb çıxarkən MTN əməkdaşları tərəfindən saxlanılıb.
Zaur Abıyevin sözlərinə görə, onları pul torbası ilə birlikdə MTN-ə aparıblar və bir müddət saxladıqdan sonra sərbəst buraxıblar. Zərərçəkmiş sərbəst buraxılarkən pulun üstündən 200 min manat məbləğin əskik olduğunu öyrənib.
Zaur Abıyevin sözlərinə görə, həmin dövrdə rəhbərlik etdiyi şirkət Saatlı Olimpiya İdman Kompleksinin tikintisini də həyata keçirib. "İntensiv-Servis” şirkətinin yerinə yetirdiyi işlər üçün "Elnur-2”nin təsisçisi öz vəsaiti hesabına tikinti materialları alıb, sonradan hesaba gələn pullar təchizatçıların hesablarına və əməkdaşların əməkhaqlarına xərclənib.
Qlobal.Az