SON XƏBƏR

17 ildə 170 milyard manat xərcləyən hökumət niyə davamlı inkişafa nail ola bilmir?

İyul 12
10:06 2023
Ötən il Azərbaycanda il ərzində yeni yaradılan dəyərin – Ümumi Daxili Məhsulun (ÜDM) – miqdarı milli valyutada 100 milyard manat həddini keçdi və 133.8 milyard manat oldu. Bu, ölkəyə böyük neft gəlirlərinin daxil olmağa başladığı 2005-ci ilin ÜDM-i ilə müqayisədə nominal ifadədə (yəni cari qiymətlərlə) təqribən 10.7 dəfə çoxdur. Statistik məlumatlara əsasən, 2005-ci illə müqayisədə 2022-ci ildə ölkə əhalisinin nominal gəlirləri 8.5 dəfə, xərcləri isə təqribən 10 dəfə artıb.

AzToday.az xəbər verir ki, bu rəqəmlər iqtisadçı Azər Mehdiyevin yeni araşdırma məqaləsində əksini tapıb.

Azər Mehdiyevin araşdırmasına görə, 2006-2022-ci illər dövründə Dövlət Neft Fonduna 199.8 milyard manat (yaxud 182.0 milyard ABŞ dolları), dövlət büdcəsinə isə Hasilatın Pay Bölgüsü Sazişləri (HPBS) çərçivəsində podratçı şirkətlərin mənfəət vergisi kimi 22.2 milyard manat vəsait daxil olub. Yəni bu dövrdə neft-qaz sektorundan birbaşa daxilolmaların yalnız bu iki mənbəyi üzrə hökumət 222.0 milyard manatlıq neft-qaz gəlirləri əldə edib. Bunun təqribən 170.0 milyard manatı (yəni 76.6 faizi) 2006-2022-ci illər dövründə müxtəlif istiqamətlərdə xərclənib:

"Dövlət Statistika Komitəsinin (DSK) məlumatları əsasında apardığımız hesablamalara görə, 2006-2022-ci illər dövründə ölkə iqtisadiyyatında əsas kapitala ümumilikdə 242.2 milyard manat investisiya yatırılıb: bunun 86.2 milyard manatı (yaxud 35.6%-i) neft sektoruna, 156.0 milyard manatı (64.4%-i) isə qeyri-neft sektoruna yönəldilmişdir. Hesablamalara əsasən, bu dövrdə əsas kapitala yönəldilmiş bütün investisiyanın 119.5 milyard manatı (49.3%-i) məhz dövlət investisiyalarının payına düşür”.

İqtisadçı Azərbaycanda əsasən nominal iqtisadi artımın olduğu qənaətindədir:

DSK-nın məlumatına əsasən, ölkəmizdə 2021-ci ildə yaradılan ÜDM-in miqdarı cari qiymətlərdə 93.2 milyard manat, 2022-ci ildə isə 133.8 milyard manat olub: hesabat ilində (2022-ci ildə) ölkədə yeni yaradılan dəyər cari qiymətlərdə əvvəlki – 2021-ci – ilin ÜDM-nin 143.6%-i qədər olub, yəni ÜDM nominal olaraq 43.6 faiz artıb ((133.8 – 93.2)/93.2 *100). DSK bildirir ki, 2022-ci ildə ÜDM-in real artım tempi cəmi 4.6 faiz olmuşdur. Beləliklə, ÜDM-in nominal və real artımları arasında ciddi bir fərq olduğunu görürük.

Qeyd etmək lazımdır ki, real artım il ərzində yaradılan yeni əlavə dəyərin (yəni ÜDM-in) fiziki həcminin dəyişikliyini əks etdirir: real artımın hesablanması zamanı hesabat ilinin ÜDM-ni formalaşdıran mal və xidmətlərin həmin ildəki cari qiymətləri yox, əvvəlki ilin müvafiq qiymətləri əsas götürülür. Belə hesablama nəticəsində ÜDM hesabat ili ərzində mal və xidmətlərdə baş vermiş ümumi qiymət artımının təsirindən təmizlənmiş olur. 2022-ci ildə real artımın 4.6 faiz elan edildiyini nəzərə alsaq (yəni 2022-ci ildə ölkədə yeni yaradılan dəyəri müvafiq mal və xidmətlərin 2021-ci ildəki qiymətləri əsasında hesablasaq), onda hesabat ilində ÜDM-in miqdarı 133.8 milyard manat yox, təqribən 97.5 milyard manat olardı. 2022-ci il ÜDM-nin bundan artıq olan hissəsi qiymət dəyişikliklərinin, başqa sözlə, inflyasiyanın təsiridir”.

Rəqəmlərdən göründüyü kimi, ölkədə iqtisadi artım əsasən neft və qaz hasilatı əsasında baş verib. Bu isə deməyə əsas verir ki, neftdən asılı Azərbaycan iqtisadiyyatı hasilatın azalması fonunda gələcək illərdə resessiya dövrünə qədəm qoyacaq. Təsadüfi deyil ki, cari il üçün Azərbaycan hökumətinin proqnozları 2,7% artım olacağı ilə bağlıdır.

Gələcək illərdə ÜDM artımının daha da azalması istisna olunmur. Çünki ölkədə hasilat sənayesindən başqa iqtisadiyyatın başqa sektorları inkişaf etmir. Dövlət büdcəsindən qeyri-neft sektorunun inkişafi üçün ayrılan vəsaitlər isə heç bir effekt vermir. Səbəb məmur oliqarxiyası, inhisarçılıq, korrupsiya və s. bu kimi neqativ amillərdir.

Məsələn, kiçik və orta biznes subyektlərinin inkişafını dəstəkləyən, onun tənzimlənməsində, kiçik və orta biznes maraqlarının qorunmasında və problemlərinin həllində iştirak edən, sahibkarlara bir sıra xidmətlər göstərən,dövlət və özəl qurumların bu sahədə xidmətlərini əlaqələndirən və səlahiyyətli qurum kimi çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyəti buna əyani sübutdur.

Agentliyin dəstəklədiyi biznes strukturlarını araşdırdıqda məlum olur ki, real iqtisadiyyat deyil, əsasən xidmət sahələrinə güzəştli kreditlər verilib. Həmçinin, biznes layihələrinin maliyyələşdirilməsi prosesində bir çox hallarda tanışlıq faktoru rol oynayır. Mediada yayılan məlumatlara görə, əgər KOBİA-da tanışın yoxdusa, layihən keçməyə bilər. Varsa ,zəmanətlə güzəşli kredit almaq, qrant müsabiqələrində qalib olmaq şansın yüksək olur.

Neqativ hallarda KOBİA-nın Biznesə Xidmətlər Departamentinin təchizat şöbəsinin rəis müavini Mahir Cəbiyevin adı xüsusi olaraq hallanır. Qısa müddətdə bahalı mülklərə və avtomobillərə sahib olan Mahir Cəbiyevin qohumlarının adına şirkətlər də yaratdığı bildirilir.

KOBİA əməkdaşlarının bizneslə məşğul olması ilə bağlı mediada kifayət qədər məlumatlar dərc olunub. Onlardan biri də Agentliyin keçmiş aparat rəhbəri Şamil Süleymanlıdır. O, 2019-cu il dekabr ayının sonunda simvolik 10 manat nizamnamə kapitalı ilə "Biznesin İnkişafı Korporasiyası” MMC yaradıb.

Şamil Süleymanlı 2011-ci ildən biznesdə təmsil olunur. Bir neçə kommersiya strukturunun təsisçisidir. Hazırda Şamil Süleymanlının KOBİA-da işləməyə davam edib-etməməsi bilinmir. Çünki KOBİA medianın bununla bağlı sorğusunu cavablandırmağa lüzum görməmişdi.

Qeyd edək ki, 27 fevral 2018-ci il tarixdən Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunan Orxan Məmmədovun da adı biznesdə hallanır.

Eyni vəziyyət Aqrar Kredit və İnkişaf Agentliyində də hökm sürür. Nəticədə ölkə illər keçdikcə idxaldan daha çox asılı vəziyyətə düşür.

Göründüyü kimi, ölkə iqtisadiyyatını dəstəkləməli olan qurumların özləri inkişafın qarşısında səddə çevriliblər…
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook