17 mağazası olan şəbəkə böyük zərərə düşüb
Sentyabr 04
21:13
2016
İqtisadi böhrandan «Baku Electronics» şirkəti də nəsibini alıb. Şirkətin bir ildə 3,6 milyon manat zərərə düşdüyü bildirilir.
Günahkar dollardır
Günahkar dollardır
Müstəqil auditor şirkətinin rəy verdiyi illik maliyyə hesabatında onun satış gəlirlərinin 40 faizə yaxın artığı göstərilir. Lakin bu, çox güman ki, manatın devalvasiyasının yaratdığı «köpdür».
Çünki 12,1 milyon manatlıq mal satışından 0,5 milyon manat qazanc götürən ölkənin ilk məişət texnikası mağazalar şəbəkəsi dolların bahalaşmasından 4 milyon 250 min manata yaxın itki ilə üzləşib. Bunu Azadlıq Radiosu-na şirkətin auditini aparmış «ANR Audit» MMC-nin direktor-auditoru Namiq Abbaslı deyib.
2013-cü ilədək işlər yaxşı gedirmiş
Bundan öncəki maliyyə ilində də şirkətin xarici valyuta məzənnələrinin dəyişmələrindən 772 min manat zərərə düşdüyü açıqlanırdı. Halbuki, 2013-cü ili «Baku Electronics» mənfəətlə başa vurmuşdu. Bir il sonra isə (2014-cü ildə) şirkət artıq, əsasən anbara işləyirdi: satış 8,7 milyon manat, anbarda mal qalığı isə bundan 3 dəfə çox idi.
Təsərrüfat fəaliyyətini əsasən bank kreditləri üzərində quran «Baku Electronics» MMC-nin bu ilin əvvəlinə kommersiya banklarına olan borcunun 31 milyon manatı aşdığı bildirilirdi. Ümumilikdə isə şirkətin borclarının 41 milyon manatı ötdüyü qeyd edilir.
17 mağazası var
«Baku Electronics» şirkəti 1994-cü ildən fəaliyyət göstərir. Onun Bakıda və ölkənin müxtəlif şəhərlərində 17 mağazası var. Şirkət Azərbaycanda bank kapitalında iştirak edən İran mənşəli əcnəbi sərmayəçilərə məxsusdur.
Bu ilin avqustunda Bakıda daşınmaz əmlaka sahib olan «Vulkan S» şirkəti «Baku Electronics» MMC-yə qoşulduğunu elan edib…
Bir zərər də bu yandan
Şirkətin bu yaxınlarda lisenziyası ləğv edilmiş «Buta Sığorta» ASC-də 19 faizi paya sahibi olduğu deyilir. 2016-cı ilin əvvəlinə sığorta şirkətinin 2,3 milyon manat bölüşdürülməmiş zərəri vardı. «Baku Electronics» səhmdar kimi mənfəətə şərik olduğu kimi, zərərə də ortaqdır. (azadliq.org)
Qlobal.az