SON XƏBƏR

2 milyonluq təmir - Nazirliyin qalib etdiyi şirkət kimindir?

Sentyabr 07
15:37 2023
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Bakı şəhəri və respublikanın bir sıra təhsil müəssisələrinin cari təmiri işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "B.R.İ.S. Consulting” MMC seçilib. Təmir işlərinə 2 112 542,01 AZN xərclənəcək. Konkret hansı məktəblərin təmir ediləcəyi barədə isə heç bir məlumat yoxdur. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "B.R.İ.S. Consulting” MMC 1 sentyabr 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Yasamal rayonu, Şərifzəda küçəsi, ev 71, mənzil 21-də yerləşir. MMC-nin qanuni təmsilçisi Hacıyev Bəxtiyar Vahid oğludur. 

"B.R.İ.S. Consulting” MMC barəsində açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. 

Bəxtiyar Hacıyevə gəlincə, o, həm də "Pro Technical Consulting” MMC-nin qanuni təmsilçisidir. Bu şirkət 18 aprel 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN-dir. "Pro Technical Consulting” MMC də "B.R.İ.S. Consulting” MMC ilə eyni hüquqi ünvanda qeydiyyatdadır.

Yerli mediada gedən məlumatlardan aydın olur ki, "B.R.İ.S. Consulting” MMC vaxtilə əsasən Səhiyyə Nazirliyinin tenderlərinin qalibi olub. Lakin hazırda nazirliyin bu şirkətə sifarişləri barədə heç bir məlumata rast gəlinmir. 

Ümumiyyətlə, dövlət satınalmalarının elektron portalında yalnız "B.R.İ.S. Consulting” MMC indi bəhs etdiyimiz tenderin qalibi olması barədə məlumat var. Halbuki yerli mediada şirkət az qala "tender kralı" kimi təqdim olunur. Görünür, şirkət haqqında neqativ məlumatlar dərci onun tenderlərdə iştirakına bir qədər ara verməsinə səbəb olub. Paralel olaraq keçmişi də açıq mənbələrdən silinib.   

Bəxtiyar Hacıyevin digər şirkəti də tenderlərin fəal iştirakçısı olub. Lakin bu hələ ki, heç bir tenderdə qalib seçilməyib. 2021-ci ildə isə Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ilə 95 649,62 manatlıq satınalma müqaviləsi imzalayıb. Müqavilə Xaçmaz rayonu, Palçıqoba kənd 360 şagird üçün nəzərdə tutulan tam orta məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı olub. 

Sonda qeyd edək ki, yeni dərs ilinin başlanmasına sayılı günlər qalıb. Elm və Təhsil Nazirliyinin bu ərəfədə təmirə başlaması bir qədər maraqlı görünür. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook