SON XƏBƏR

Yeni ilə köhnə problemlərlə: Banklar 2018-i belə yola salır - TƏHLİL

Noyabr 07
09:41 2018
Bankların sağlamlaşdırılması üçün Strateji Yol Xəritəsində nəzərdə tutulan müddət bitmək üzrədir.Yol xəritəsində nəzərdə tutulurdu ki, 2018-ci ilin sonuna qədər bank sektorunda sağlamlaşdırma prosesi tamamilə bitməli idi.Bu prosesin aparılması ilə Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) tapşırılmışdı. 2018-ci ilin bitməsinə 2 aydan bir qədər az zaman qalıb. Maraqlıdır, bank sektorunda vəziyyət nə yerdədir?Ümumi mənzərə nəzərdə tutulan işlərə adekvatdırmı?

Görünən odur ki, MBNP göstərilən ilkin müddət ərzində bankların sağlamlaşdırma prosesini tamamlaya bilməyəcək.Çünki bu müddət ərzində qurum bankların sağlamlaşdırılması üçün heç bir ciddi addım atmadı.Hazırda bank sektorunda problemli banklar var və onlar hələ də öz fəaliyyətlərini davam etdirir.Məlumatlara görə bu müddət ərzində Palata banklara yalnız problemli kreditlərin həcmi azaltmağı tapşırıb ki, bu da son statistik rəqəmlərdən uğursuz olduğunu göstərir.Digər tərəfdən bankların bağlanma prosesi artıq 2 ildir ki, aparılmır.Bankların birləşdirilməsi layihəsi isə başlamadan bitdi.Baxmayaraq ki, müstəqil ekspertlər bankların birləşməsinin problemi həll etməyəcəyini, əksinə daha da artıracağını dəfələrlə vurğulayırdı.

Hazırda bir sıra bankların vəziyyəti olduqca acınacaqlıdır.Bir çox banklar demək olar ki, valyutadəyişmə məntəqəsi kimi işləyir.Heç bir gəlir gətirən bank əməliyyatları həyata keçirmir.Cari ilin ilk 9 ayı ilə bankların hesabatına nəzər saldıqda görürük ki, artıq ard-arda 3 ildir ki, bir neçə bank zərərlə işləyir.Bunun özü də bank sektorundakı vəziyyəti göstərən əsas nümunələrdən biridir.Maliyyə-kredit siyasəti demək olar ki, iflas həddinə çatıb.Bütün bunlar baş verdiyi halda, bankların bazarda qalması ümumi vəziyyəti daha da çətinləşdirir.İlk növbədə "xəstə” banklar sağlam bankların imicini zədələyir.Digər tərəfdən bankların itirdiyi etimadı bərpa etmək şansını azaldır.Bu problemin necə həll olunacağı ilə bağlı isə hansı mexanizmin tətbiq olunacağı hələ də bəlli deyil. Rəsmi qurumların məsələyə susqun yanaşması bank bazarının sağlamlaşdırılması prosesinin bu il də bitməyəcəyini deməyə əsas verir.

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə açıqlmasında bank sektorunun sağlamlaşdırılması üçün hökumətin strateji qərarlar verməli olduğunu deyib:

"Bankların özlərinin rüblük və bu il üçün 9 aylıq hesabatları da göstərir ki, vəziyyət heç də ürəkaçan deyil. Bir neçə dövlət dəstəyi alan banklarda vəziyyət yaxşılaşıb. Məsələn, Azərbaycan Beynəlxalq Bankının bütün problemlərini dövlət öz üzərinə götürüb.Kapital Bankda isə vəziyyət bütün büdcə təşkilatlarının onun xidmətindən istifadə etdiyi üçün yaxşılaşıb.Bu tipli yaxşılaşmalar var, amma bu bütövlükdə dövlətin marağı olduğu və birbaşa iştirak etdiyi banklardadır.Amma bir sıra banklar var ki, artıq neçə ildir zərərlə işləyir.Bu bankların zərərlə işləməsi isə iqtisadiyyatın "çarxlarının dönməsində” problem yaradır.Problemli banklar ya dövlət dəstəyi ilə ayağa qalxmalı, ya da bazardan çıxmalıdır.Ötən illərdə ard-arda 10 bankın bağlanması bu sahədə bir ajiotaj yaratdı.Lakin ajiotajın artmasından çəkindilər və bu prosesi süni şəkildə dayandırdılar. Bunun nəticəsi olaraq problemlər həll olunmadı, daha da dərinləşdi.Ötən illə müqayisəyə baxdıqda da görürük ki, problemli kreditlərin həcmində artım var, digər, bankların normal fəaliyyətinə təsir edən makroiqtisadi göstəricələrdə də pisləşmə gedir.Ona görə də hökumət strateji qərar verməlidir.Bir müddət öncə bankların birləşdirilməsi məsələsi gündəmə gəldi, amma sonra bundan da imtina olundu. Çünki bankların birləşdirilməsi təklifini verəndə nəzərə alınmamışdı ki, banklar tək aktivlərini deyil, həm də problemlərini birləşdirirlər. Nəticədə daha böyük problemli bank yaranır. Ona görə də bu proses də dayandırıldı. Düşünürəm ki, bununla bağlı strateji qərar vermək lazımdır.Ya problemli bankların bütövlükdə bazardan çıxmasına şərait yaratmaq lazımdır, ya da dövlətin xüsusi proqramının qəbul olunaraq banklara birdəfəlik yardım edilməlidir ki, problemli kreditlərin birdəfəlik həlli və sağlamlaşdırma prosesinin tamamlanması qərarı verilməldir.Bu ona görə vacibdir ki, istənilən ölkənin bank sektoru iqtisadiyyatın qan-damar sistemini təşkil edir.Qan-damar sistemində problem olanda orqanizm normal fəaliyyət göstərə bilmir.Bu gün də baş verənləri bank sektorunda problemlərin olduğunu və iqtisadiyyatın ciddi problemlər yaratdığını göstərir.Hələlik neft qiymətlərinin yüksək olması büdcə xərclərinin artması bu probleminin qabarıq şəkildə üzə çıxmasının qarşısını alır, amma bunlar müvəqqəti faktorlardır və problemin ört-basdır edilməsinə xidmət edir”. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook