SON XƏBƏR

Nursultan Nazarbayevin statusu konstitusiyadan çıxarıla bilər

May 05
02:20 2022
"Qazaxıstan Konstitusiya Şurasına (KM) birinci prezidentin statusu ilə bağlı normanın Konstitusiyadan çıxarılması ilə bağlı müraciət göndərilib, çünki onun tarixi rolu hamıya məlumdur və ölkənin əsas qanununda ayrıca təsbit edilməsini tələb etmir”.

"Report” xəbər verir ki, bunu ölkənin dövlət katibi Yerlan Karin bildirib.

"Bu gün Konstitusiya Şurası ölkə Konstitusiyasına əlavə və dəyişikliklər layihəsinə müsbət rəy verib. Həmçinin, işçi qrupunun bəzi üzvlərinin təklifi nəzərə alınaraq, birinci prezidentin statusu ilə bağlı normanın çıxarılması ilə bağlı Konstitusiya Şurasına əlavə müraciət göndərilib”- deyə, o bildirib.

Öz növbəsində, Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı işçi qrupunun üzvü Marat Başimov bildirib ki, ictimaiyyət konstitusiya islahatının demək olar ki, bütün bəndlərini, o cümlədən respublikanın birinci prezidenti ilə bağlı bəzi normaların əsas qanundan çıxarılmasını nəzərdə tutan dəyişiklikləri dəstəkləyib.

Onun sözlərinə görə, 91-ci maddədə ilk prezidentin müstəqil Qazaxıstanın qurucusu statusunun dəyişməzliyi ilə bağlı normanın saxlanması cəmiyyətdə çox ciddi mübahisəyə səbəb olub: "Ona görə də Konstitusiyaya əlavə və dəyişikliklər layihəsini hazırlayan işçi qrupunun bəzi üzvləri dövlət başçısına təklif göndəriblər ki, heç bir hüquqi yük daşımadığından birinci prezidentin tarixi rolunun qeyd olunması əsas qanundan çıxarılsın. Belə ki, dəyişiklik layihəsinə əsasən, birinci prezident, onun statusu və səlahiyyətləri ilə bağlı bütün normalar Konstitusiyadan tamamilə çıxarılacaq”.

Bundan əvvəl Qazaxıstan Parlamenti Məclisinin (aşağı palatası) deputatları ölkənin birinci Prezidenti Nursultan Nazarbayevin Qazaxıstan Xalqları Assambleyası (QXA) və Təhlükəsizlik Şurasında ömürlük sədrliyini ləğv edən qanunvericiliyə düzəlişləri təsdiqləmişdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook