SON XƏBƏR

38 minlik müəmma: Agentlik "müqavilə bağlanılıb", Rəsədxana "pulu büdcəyə qaytarmışıq" deyir

Yanvar 23
01:07 2024
Şamaxı Astrofizika Rəsədxanasının bir ay əvvəl ümumi məbləği 38.762 manat təşkil edən satınalma keçirib.
 
Qlobal.az xəbər verir ki, Rəsədxana 2023-cü ilin dekabr ayının 7-də "Tikili və avadanlıqların (Rəsədxananın elmi və yaşayış sektoruna xidmət edən qazanxanalarının avadanlıqlarının cari təmiri) cari təmiri işlərinin satın alınması" lotu üzrə satınalmaya yekun vurub.
 
Bu satınalmanın məbləği 16.956 manat, qalibi isə "Archımed" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
 

 
Bu satınalmadan bir həftə sonra - 2023-cü ilin dekabr ayının 15-də Astrofizika Rəsədxanası daha bir satınalmaya yekun vurub.
 
"Tikili və avadanlıqların cari təmiri (Rəsədxananın 60 sm-lik teleskopunun, AFR 2 xromosfer -fotosfer teleskopunun və Üfuqi günəş teleskopunun günbəzlərinin cari təmiri işlərinin) satın alınması" lotu üzrə keçirilən bu satınalmanın məbləği 21.806 manat, qalibi isə sifarişçi təşkilata yad olmayan "Archımed" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
 
 
 
"Archımed" Məhdud Məsuliyyətli Cəmiyyəti 2017-ci ilin may ayının 22-də dövlət qeydiyyatına alınıb.
 
Şirkətin hüquqi ünvanı Xətai rayonu, Mehmandarov küçəsi ev 106, mənzil 1 ünvanı, qanuni təmsilçisi isə Mirzəyev Tacir Seyidağa oğludur.
 

 
Rəsədxananın tikili və avadanlıqlarında təmir işləri aparacaq "Archımed" MMC-nin maddi-texniki bazası, müvafiq lisenziyaları, fəaliyyət profili, işçi qüvvəsi və faktiki ünvanı barədə açıq internet resurslarında məlumat yoxdur.
 
Şamaxı Astrofizika Rəsədxanasının 38.762 manat maliyyə dəyəri olan satınalmalarında qalib elan edilən "Archimed" MMC-nin adı bir sıra qanun pozuntularında hallanır.
 

 
 
2022-ci ilin dekabr ayının 23-də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət edib.
 
Dövlət Xidmətinin Baş Prokurorluğa etdiyi müraciətdə bir neçə təşkilatın tenderlərdə iştirak etmək üçün dövlət sənədlərini saxtalaşdırdığı vurğulanır. Bu siyahıda "Archimed" Məhdud Məsuliyyətli Cəmiyyətinin də adı keçir.
 
Qlobal.az məsələ ilə bağlı Şamaxı Astrofizika Rəsədxanasından mövqe öyrənib. Rəsədxanadan verilən açıqlamada deyilir:
 
"Qeyd etmək istəyirik ki, ötən ilin sonlarında Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) "Tikili və avadanlıqların cari təmiri" üçün satınalma lotu üzrə heç bir şirkətlə, o cümlədən "Archimed" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə əməkdaşlıq müqaviləsi imzalanmamışdır və təmir üçün nəzərdə tutulan məbləğ dövlət büdcəsinə geri qaytarılmışdır".
 

 
Qlobal.az Şamaxı Astrofizika Rəsədxanasında 2022-2023-cü illər üzrə fəaliyyətində audit aparılıb-aparılmaması barədə Hesablama Palatasında mövqe öyrənib. Hesablama Palatasının açıqlamasında deyilir: "Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən 2022-2023-cü illərdə Şamaxı Astrofizika Rəsədxanasında audit aparılmamışdır".
 
Qeyd edək ki, Şamaxı Astrofizika Rəsədxanası Prezident İlham Əliyevin 2022-ci ilin iyul ayının 28-də imzaladığı Fərmanla Milli Elmlər Akademiyasının tabeliyindən alınaraq Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.
 

 
Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru Namiq Cəlilovdur. 
 
Cahandar Laçınlı
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook