SON XƏBƏR

52 rayon və şəhər özünü necə dolandıracaq: Bu sualın cavabı yoxdur - İqtisadçı

Oktyabr 29
00:26 2021
"52 rayon və şəhərin gələn il dövlət büdcəsindən vəsait almayacağı və özünümaliyyələşdirmə prinsipi ilə işləyəcəyi ilə bağlı hökümətin bir açıqlaması olmalıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli 2022-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən, 52 rayon və şəhərə gələn il dövlət büdcəsindən vəsait ayrılmayacağı və özünümaliyyələşdirmə prinsipi ilə işləyəcəkləri məsələsini şərh edərkən deyib. 

Ekspert bildirib ki, bu rayonların özlərinin vergitoplama səlahiyyəti yoxdur, yəni vergilər mərkəzləşdirilmiş qaydada toplanır: "Rayon özü-özünü necə dolandıracaq? Çox güman ki, hökumətin hesablama mexanizmləri dəyişdirilib. Biz görməsək də, mərkəzləşdirilmiş qaydada görünür ki, hansı rayonun ərazisindən nə qədər vergi toplanılır. Bəlkə bunu nəzərdə tuturlar? Yəni o vergilərin bir hissəsini geri qaytarırlar, yoxsa həmin rayonlarda qeydiyyatdan keçmiş müəssisələrdən gələn vergilərimi hesablayırlar? Bax bunun mexanizmi haqqında dövlət və hökumət nümayəndələri, təəssüf ki, açıqlama vermirlər. Bələdiyyələr var. Digər ölkələrdə olduğu kimi, o cümlədən Türkiyədə böyük şəhər bələdiyyəsi var, onların öz büdcəsi, vergi toplamaq hüququ var, nəqliyyat bələdiyyəyə tabedir, kommunal xidmətlərin bir hissəsi bələdiyyələrə tabedir və onlar fəaliyyət göstərərək pul qazanaraq öz büdcələrini formalaşdırırlar. Axı bizdə elə deyil, rayon icra hakimiyyəti ayrıca iqtisadi fəaliyyətlə məşğul olmur. Ona görə də özünü dolandırma sualının cavabı yoxdur”. 

Natiq Cəfərli hesab edir ki, indiki Azərbaycan idarəetmə formasında rayonlar özlərini dolandıra bilməz: "Yəni onların hansı formada iqtisadi fəaliyyətlə məşğul olması nəzərdə tutulmayıb, ayrıca vergilərdən daxil olan büdcəsi yoxdur. Uzaqbaşı bəzi bələdiyyələrdə pullu xidmət var. O da çox cüzidir. Məsələn, Şuşa öz-özünü necə dolandıracaq? Şuşada otel var. Həmin otel fəaliyyət göstərir, qonaq-qara gəlir və ondan pul qazanır. Bu Şuşaya aid məsələ deyil axı, vəsaitlər mərkəzləşdirilmiş qaydada büdcənin vergi hissəsinə köçürülür. Burada mexanizmdə, yəni bunun açıqlamasında bir problem var. Prezident hökumət qarşısında hədəf qoymuşdu ki, rayonlar özləri-özlərini  dolandırsınlar. Mənə elə gəlir ki, hökumət nümayəndələri də bəzi hesablama qaydalarına sadəcə dəyişiklik ediblər və bunu "özünüdolandırma” kimi təqdim edirlər”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook