SON XƏBƏR

6 milyard borcu olan SOCAR 500 milyon avro da kredit götürür

Sentyabr 14
23:12 2016
SOCAR-ın Sumqayıtda Karbamid Zavodunun tikintisi layihəsinin maliyyələşdirilməsinə dövlət zəmanətli, uzunmüddətli kredit cəlb etdiyi bildirilir. Gələn həftə Seulda (Cənubi Koreya) potensial kreditorla görüş keçiriləcəyi gözlənilir.
 
Bu haqda Report-a Karbamid Zavodunun direktoru Xəyal Cəfərov məlumat verib.
 
Onun sözlərinə görə, kredit məsələsini Maliyyə Nazirliyi və SOCAR-ın nümayəndələri müzakirə edəcəklər.
 
"Maliyyələşmədə Cənubi Koreyanın "Eximbank”ı (KEXİM) ilə yanaşı, 3 nüfuzlu Avropa bankı da iştirak edəcək. Yaxın vaxtlarda bu bankların adları açıqlanacaq.
 
Son 3-4 aydır ki, danışıqlar fəal şəkildə davam etdirilir. Ümid edirik ki, oktyabr-noyabr aylarında 500 milyon avro həcmində dövlət zəmanətli, uzunmüddətli kreditin cəlb edilməsi məsələsi tamamlanacaq”, zavod direktoru deyib.
 
O, əlavə edib ki, cəlb ediləcək vəsaitin 51 faizini Koreya "Eximbank”ı təmin edəcək. Həmin bank qalan 49 faizdən ötrü Avropa banklarına zəmanət verməlidir.
Karbamid Zavodunun inşası layihəsi Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı çərçivəsində həyata keçirilir.
 
Bu məqsədlə SOCAR-ın "Azərikimya” İstehsalat Birliyinin istifadəsində olan 24 hektar torpaq sahəsi ayrılıb. Zavodun təməlini 2011-ci ilin dekabrında prezident İlham Əliyev qoyub.
 
Zavodun ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarət olacağı, gündə 2 min ton karbamid istehsal edəcəyi bildirilir.
 
Rəsmilərin bildirməsinə görə, SOCAR-ın 6 milyard dollardan çox borcu var.

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook