834 min manatlıq tenderi udan "B2B GROUP" MMC generalındır? - Açıqlama (FOTO)
Dekabr 07
00:23
2021
Dövlət Məşğulluq Agentliyi növbəti tenderə yekun vurub.
Qlobal.az xəbər verir ki, Agentliyin "Bərdə Peşə hazırlığı Mərkəzində İT infrastrukturun (sistemlərin) qurulmasına lazım olan avadanlıq, proqram təminatları və onların quraşdırılmasının (sazlanmasının) satın alınması" lotu üzrə yekun vurduğu satınalmanın məbləği 838.133 manat, qalibi isə "B2B GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.
Qlobal.az xəbər verir ki, Agentliyin "Bərdə Peşə hazırlığı Mərkəzində İT infrastrukturun (sistemlərin) qurulmasına lazım olan avadanlıq, proqram təminatları və onların quraşdırılmasının (sazlanmasının) satın alınması" lotu üzrə yekun vurduğu satınalmanın məbləği 838.133 manat, qalibi isə "B2B GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.
"B2B GROUP" MMC 2019-cu ilin aprel ayında dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manatdır.
"B2B GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Bəşirov Ramal Bəşir oğludur. Məlumata görə Ramal Bəşirov əvvəllər sabiq Vergilər naziri Fazil Məmmədova məxsus olduğu iddia edilə "Caspel" şirkətində çalışıb.
Yerli mediada gedən məlumatda "B2B GROUP" MMC 2015-ci ilin dekabr ayının 14-də Prezident İlham Əliyevin fərmanı ilə ləğv edilən Milli Təhlükəsizlik nazirliyinin Səbail rayon İdarəsinin rəisi, sonradan isə general rütbəsi alaraq nazir müavini vəzifəsində çalışmış Elçin Əliyevə məxsus olduğu iddia edilir.
Qlobal.az məsələ ilə bağlı "B2B GROUP" MMC-dən münasibət öyrənib. Şirkətin layihə koordinatoru Sidiqə Əhmədova bunları bildirdi: "B2B Group” MMC yeni yaranmasına baxmayaraq ölkədə İKT sahəsində 10 ildən artıq təcrübəsi olan bir neçə peşəkarı öz ətrafında birləşdirərək yola çıxmışdır. Şirkətdə ölkənin aparıcı İKT inteqrator şirkətlərində vaxtilə çalışmış bir neçə şəxslər rəhbər vəzifələr tutmaqdadır. Şirkətdə dünyanın aparıcı istehsalçı şirkətlərinin sertifikasiyasından keçmiş 10-dan artıq mütəxəssis çalışır. Məhz bu peşəkarların yorulmaz fəaliyyəti sayəsində "B2B Group” MMC şirkəti bir sıra layihələri icra etmiş və etməkdədir. Rəsmi şəkildə bildirmək istəyirik ki, "B2B Group” MMC şirkətinin adını çəkdiyiniz şəxslərlə, eləcə də hal-hazırda dövlət vəzifəsində çalışan hər hansı bir digər şəxslə əlaqəsi yoxdur".
Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, "Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Abbasbəyli Mustafa Aslan oğludur. O, 2020-ci il iyul ayından Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışır.
Cahandar Laçınlı
Qlobal.az