SON XƏBƏR

Ağacan Əbiyev boksçu Məhəmməd Əlinin ölüsünü "nokauta saldı"

İyun 07
09:06 2016
"Məhəmməd Əli millət üçün heç bir iş görməyib, milyonlar qazanıb, ancaq nə bir boks zalı tikdirib, nə də bir acın qarnını doyurub” 

Amerikanın əfsanəvi boksçusu Məhəmməd Əli 74 yaşında  vəfat etdi. 32 il boyunca parkinson xəstəliyi  ilə mübarizə apardıqdan sonra dünyasını dəyişən Məhəmməd Əlinin cənazəsi Arizona ştatından Louisvill şəhərinə özəl təyyarə ilə gətirilib.

Məhəmməd  Əlinin cənazə mərasimi cümə günü təşkil ediləcək. Onun ərəb dilində ayələrlə yazılı olan parçaya sarılı tabutu hava limanında böyük kortejlə qarşılanıb. Kortejdə mərhumun ailə üzvləri və yaxınları iştirak edib.

Öncə qeyd edək ki, əsl adı Kassius Marsellus Kley olan əfsanəvi boksçu Məhəmməd Əli 1942-ci il yanvarın 17-də ABŞ-ın Kentukki əyalətində anadan olub. Kleyin atası reklam sahəsində çalışıb, anası isə evdar qadın olub. 

Onun barəsində yazılan məqalələrin birində deyilir ki,  12 yaşında olarkən  velosipedini oğurlayırlar. Tez tədbir görmək qərarına gələn kiçik Kley cəld polis idarəsinə yollanır. O, polis zabiti, eyni zamanda boks müəllimi olan Joy Martinə müraciət edərək, xuliqanın dərhal həbs edilərək, yaxşıca əzişdirilməsini tələb edir. Polis zabiti ona bunu edə bilmək üçün əvvəlcə bu işi bacarmağın lazım olduğunu bildirir. Artıq növbəti gün Kassius Martinin boks zalında məşq edirdi. Beləliklə, boksla məşğul olmağa başlayan  Kley 1960-cı ildə Romada keçirilən Olimpiya Oyunlarında ilk böyük qələbəsini qazanır. Burada o, turnirin qızıl medallarına layiq görülür.
 
Məhəmməd Əli dünyada müharibəni istəməyən boksçu kimi də tanınır. Belə ki, 1967-ci ildə o, ABŞ ordusunda hərbi xidmətə çağırılır. Həmin zaman ABŞ-la Vyetnam arasında müharibə gedir və  Əli orduda xidmət etməkdən imtina edir. O, özünü "könüllü imtinaçı” adlandırır. Bundan sonra ABŞ-ın Boks Federasiyası onun bütün titullarını əlindən alaraq, boksdan uzaqlaşdırır. Daha sonra isə Məhəmməd Əliyə külli miqdarda pul cəzası kəsilir və ömürlük azadlıqdan məhrum edilir.

Hərbi xidmətdən boyun qaçırması ilə bağlı məhkəmə işi ölkənin Ali Məhkəməsinə göndərildiyi zaman Əlini dəstəkləyənlərin və müharibə əleyhinə səslərini ucaldanların sayı günbəgün artırdı. Əli ictimaiyyətin hörmət və ehtiramını qazanırdı, dinindən və irqindən asılı olmayaraq hər kəs ona hörmət edirdi. Nəhayət, ona 1970-ci ildə  yenidən rinqə qayıtmağa icazə verilir. Bu işdə ona Corcia ştatından olan senator köməklik edir. Getdikcə Məhəmməd  Əli qələbələr qazanır və Amerikanın sevimli boksçusuna çevrilir. 

ABŞ prezidenti Barak Obama əfsanəvi boksçu Məhəmməd Əlinin vəfatına münasibət bildirərkən deyib: "Bu dünyada hamı kimi həyat yoldaşım Mişel və mən də Məhəmməd Əlinin yasını saxlayırıq. O, dünyanı dərindən sarsıtdı. Bu səbəbdən dünya daha yaxşıdır. Hamımız buna görə daha yaxşıyıq. Mişel və mən onun ailəsinə başsağlığı verib, nur içində yatması üçün dualar edəcəyik”.

Məhəmməd Əlinin İslamı qəbul etmiş peşəkar boksçu kimi, İslam ölkələrində, eləcə də Azərbaycanda çoxsaylı pərəstişkarları olub.

Məhəmməd  Əlinin vəfatı ilə bağlı  "Yeni Müsavat”a danışan Azərbaycan  Bədən Tərbiyəsi və İdman Akademiyasının  rektoru, Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev bildirib ki,  Məhəmməd Əli çox texnikalı boksçu olub:

"Məhəmməd Əli 18 yaşında artıq ağır çəkidə  çempion olub. Daha sonra o, peşəkar şəkildə boksla məşğul olub. Çıxdığı döyüşlərin hamısında qələbə qazanırdı. Yəni Məhəmməd Əli fərqli, xüsusi boksçu idi. Ağır çəkili boksçu olsa da elə döyüşürdü ki, elə bil yüngül çəkidədir. Çox texnikalı idi.  Peşəkarlar arasında ağır çəkili boksçu olaraq, 3 qat dünya çempionu olub. Bir məqamı da qeyd edim ki, ağır çəkili zərbələr daha təsirli olur. O da döyüşlərdə çox zərbələr almışdı. Görünür,  bu  təsir etdi ki, parkinson xəstəsi oldu”.

A.Əbiyev bildirib ki, federasiyada Məhəmməd Əlinin vəfatı ilə bağlı hər hansı tədbir keçirilməyəcək:"Məhəmməd Əli özü üçün  çox güclü boksçu olub.  Onu həm də dahi boksçu  adlandırmaq olar. Dahiliyi onunla bağlı olub ki, bu adam demək olar ki,  heç zaman məğlub olmayıb. Lakin Məhəmməd Əli millət üçün heç bir iş görməyib. Vaxtilə milyonlar qazanıb, ancaq nə bir boks zalı tikdirib, nə də bir acın qarnını doyurub.  Onun üçün xüsusi nə yas saxlayaq? Məhəmməd Əli Amerika idmançısı olub. Oranın peşəkar boksçusu olaraq  qələbələr qazanıb. Bunun bizə nə aidiyyəti var? Bu adam özü üçün pul qazanıb, yaşayıb. Xalq üçün heç nə etməyib. Heç Amerikada da heç nə etməyib. Sadəcə olaraq, qeyd etdiyim kimi, yaxşı boksçu olub”.  
 
(Musavat.com)




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook