ABŞ-da çağdaş Azərbaycan musiqisinə həsr olunmuş ilk monoqrafiya işıq üzü görüb
May 20
01:09
2016
2016-cı ilin mart ayında Amerika Birləşmiş Ştatlarının nüfuzlu "İndiana University Press” nəşriyyatında Bakı Musiqi Akademiyasının professoru, musiqişünas Aida Hüseynovanın "Azərbaycan musiqisi: muğamdan operaya doğru” (Music of Azerbaijan: From Mugham to Opera) adlı sanballı elmi monoqrafiyası işıq üzü görüb. Aida Hüseynovanın kitabı çağdaş Azərbaycan musiqisi haqqında ABŞ-da dərc olunmuş ilk elmi əsərdir. Üç yüz iyirmi yeddi səhifədən ibarət kitabda milli musiqi ənənələrimizin Qərb musiqisinin prinsipləri ilə sintezi, Azərbaycan musiqiçilərinin bu istiqamətdə apardığı axtarışlar və əldə olunmuş nailiyyətlər ətraflı analiz edilir. Kitabda ilk dəfə olaraq görkəmli Azərbaycan bəstəkarlarının əsərləri təhlil olunur, ifaçılarımızın, caz ustalarımızın fəaliyyəti ingilisdilli oxuculara təqdim edilir. Müəllif Azərbaycan musiqisinin tarixi qaynaqlarından, eləcə də 20-ci əsrdə baş verən kəskin siyasi dəyişikliklərin milli musiqimizə göstərdiyi təsirdən söhbət açır, müasir dövrdə əldə olunan nailiyyətlərdən və yaşanan çətinliklərdən bəhs edir.
Aida Hüseynovanın kitabına 63 media misalı əlavə olunub. Həmin audio və video parçalarda Azərbaycan musiqisinin ən ümdə nailiyyətləri əks olunub. Opera, balet, simfoniya, caz musiqisi, mahnı sənəti və digər janrlara aid musiqi nümunələri kitabın məzmununu tamamlayır, onu ingilisdilli oxuculara daha da müfəssəl şəkildə çatdırır.
Kitabın müəllifi Aida Hüseynova tanınmış musiqişünas, Bakı Musiqi Akademiyasının professoru olmaqla yanaşı, həm də Azərbaycan Milli Musiqi Şurasının baş katibidir. Hazırda o, ABŞ-nın ən nüfuzlu musiqi ocaqlarından olan İndiana Universitetinin Ceykobs Musiqi Məktəbində çalışır. A. Hüseynova dörd kitabın və yüzdən artıq məqalənin müəllifidir. Onun elmi əsərləri Azərbaycanda, Amerika Birləşmiş Ştatlarında, Almaniyada, Fransada, Hollandiyada və Rusiyada işıq üzü görüb. Musiqişünas ABŞ-nın və Avropanın bir çox ali məktəblərində, o cümlədən Harvard, Prinston, Kolumbiya, Berkli, Stanford və Kembric universitetində mühazirələrlə çıxış edib.
Aida Hüseynova Azərbaycan musiqisinin ABŞ-da təbliği sayəsində əhəmiyyətli nailiyyətlər əldə edib. Hazırda o, dünya şöhrətli musiqiçilərlə, o cümlədən violonçel ifaçısı Yo-Yo Manın rəhbərlik etdiyi "İpək Yolu” Ansamblı və "Kronos” Kvarteti ilə elmi məsləhətçi kimi çalışır. Həmin qrupların Azərbaycan musiqisi ilə bağlı layihələri çərçivəsində Aida Hüseynova Xalq Artisti Alim Qasımov və Əməkdar Artist Fərqanə Qasımova ilə əməkdaşlıq edir, onların ABŞ-a səfərlərində və konsertlərində iştirak edir.
Aida Hüseynovanın "Azərbaycan musiqisi: muğamdan operaya doğru” elmi monoqrafiyası Azərbaycan ilə ABŞ arasında musiqi sahəsində əhəmiyyətli körpü kimi qiymətləndirilməlidir. Həmin fikir Kostal Kerolayn Universitetinin professoru Anna Oldfildin həmyerlimizin kitabına verdiyi rəydə də səslənir. O deyir: "Aida Hüseynovanın Azərbaycanın mədəni həyatı ilə bağlılığı kitaba xüsusi maraq və dərinlik verir, eyni zamanda, müəllifin ingilisdilli elmi ədəbiyyatın qanunlarından agah olması həmin kitabın Azərbaycan ilə bütün dünya arasında qurulan körpü kimi qiymətləndirməsinə əsas verir.”
Monoqrafiyanı ABŞ-ın "Barnes and Noble” kimi aparıcı kitab mağazalarından (barnesandnoble.com), İndiana Universitetinin nəşriyyatının saytından (iupress.com) və məşhur "Amazon” İnternet mağazasından (amazon.com) əldə etmək olar.(AzərTAC)
Qlobal.az