SON XƏBƏR

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri istefa ilə üz-üzədir

Yanvar 10
12:52 2024
Bəzi respublikaçılar Nümayəndələr Palatasının spikeri Mayk Consonun həftə sonu demokratlarla bağladığı ilkin büdcə razılaşmasına görə istefa vermə ehtimalını müzakirə edirlər.

Bu barədə Qaynarinfo "Newsweek”ə istinadən xəbər verir. 
 
Consonun razılaşması, büdcəni əhəmiyyətli dərəcədə azaltmağa çağıran bəzi respublikaçı həmkarlarının mənfi reaksiyasına səbəb olub. Ona yaxın Nümayəndələr Palatasının respublikaçı üzvü xərclərlə bağlı razılaşmanı pisləyiblər, mühafizəkar "Azadlıq” fraksiyası isə razılaşmanı "tam uğursuzluq" adlandırıb. 

Sənədi açıq şəkildə tənqid edənlərdən biri Texas ştatından respublikaçı Çip Roydur. O, Consonun istefası ilə bağlı vəsatət qaldırmaq niyyətindədir.

"Mən bu məsələni masa üzərində saxlayıram. Sabah axşam masaya qoyacağam demirəm. Demirəm ki, sabah masaya qoymayacağam. Məncə, spiker bilməlidir ki, bu məsələ ilə bağlı biz çox qəzəbliyik", - konqressmen bildirib. 

Consonun vəzifədən uzaqlaşdırılmasının mümkünlüyü barədə suala Tennessi ştatından respublikaçı Tim Burçett jurnalistlərə bildirib ki, "bir çox insan bu barədə danışır”.

İndiana respublikaçıların nümayəndəsi Viktoriya Sparts Newsweek-ə deyib ki, "orada və burada olan insanlar” spikerin istefasını ciddi şəkildə düşünürlər.
"Sonucda "silahları çıxarıb-çıxara bilməyəcəyimizi” görmək parlament üzvləri olaraq bizdən asılıdır. Söhbət təkcə spikerdən getmir. Biz bunu aydınlaşdırmalı və güclü olmalıyıq. Sonda, Mayk (Conson) qalib gələ biləcəyini nümayiş etdirməlidir. O, şübhəsiz ki, çətin vəziyyəti miras alıb, ona görə də biz nəticəni nəzərdən keçirəcəyik”, - Sparts bildirib.

O, həmçinin qeyd edib ki, respublikaçılar öz oyunlarını gücləndirməli və demokratları ümumi xərc səviyyələri üzərində danışıqlar aparmağa məcbur etməlidirlər.
"Düşünürəm ki, respublikaçılar həqiqətən ciddi olmalı və demokratları masaya gəlməyə məcbur etməlidirlər, çünki inflyasiya, artan xərclər və vergilər ölkəmiz üçün dağıdıcı olacaq", - konqresmen deyib.

Eyni zamanda, Cənubi Karolinadan olan respublikaçı Nensi Meys Newsweek-ə deyib ki, o, həmkarlarından spiker Consonun geri çağırılması təklifini eşitməyib. Lakin o, sazişlə bağlı respublikaçılara xəbərdarlıq edib.

"Biz qarşıdakı 9 il yarım ərzində 50 trilyon dollar borc görürük. Beləliklə, iqtisadiyyatımıza və zəhmətkeş orta sinif ailələrinə zərər verməyə davam edəcək rekord yüksək xərclərə görə respublikaçılar da demokratlar qədər günahkar olacaqlar", - Nensi Meys bildirib. 

Xatırladaq ki, bazar günü, yanvarın 7-də, spiker Mayk Conson, Senat çoxluğun lideri Çak Şumer və Nümayəndələr Palatasında azlıqların lideri Hakim Ceffris, 2024-cü ildə ABŞ hökumətinin ümumi xərclərini təxminən 1,66 trilyon dollar təşkil edən ilkin razılaşmanı elan ediblər. Razılaşma gələn ilin dövlət büdcəsinin təsdiqinin gecikdirilməsi ilə əlaqədar "Şatdaun”un (hökumət işinin qismən dayandırılması – red.) qarşısını almaq üçün nəzərdə tutulub.

Conson Konqresdəki həmkarlarına ayrıca məktub göndərdiyini qeyd edərək bildirib ki, razılaşmada 16 milyard dollarlıq xərclərin azaldılması nəzərdə tutulur. Onun sözlərinə görə, bu, "respublikaçıların son on ildə əldə etdiyi ən əlverişli büdcə razılaşmasıdır”.

Bununla belə, Nümayəndələr Palatasının hazırkı sədri 2023-cü il oktyabrın 3-də oxşar səbəbdən vəzifəsindən uzaqlaşdırılan sələfi Kevin Makkartinin taleyini yaşaya bilər. Buna səbəb Konqresin bəzi mühafizəkar üzvlərinin spikerin Demokratlar Partiyasının rəhbərliyi ilə büdcə razılaşması ilə bağlı qəzəbi olub.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook