"Abşeron" yatağından qaz hasilatına 2020-ci ilin əvvəlinədək başlanacaq
Aprel 25
13:30
2017
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" qaz kondensat yatağından qazın 2019-cu ilin sonu-2020-ci ilin əvvəlində hasil olunması planlaşdırılır.
"Report" xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib: "Düşünürəm ki, "Abşeron" yatağından ilk qaz hasilatına 2019-cu ilin sonu-2020-ci ilin əvvəlində başlanacaq".
V.Bəylərbəyov qeyd edib ki, bu yataqdan hasil olunan qaz həcmləri perspektivdə yeni inşa olunması nəzərdə tutulan Neft-kimya və qaz emalı Kompleksinə yönəldilə bilər. "Burada maye fraksiyalar ayrılacaq, sonra isə qaz ixrac edilə bilər. Düşünürəm ki, "Şahdəniz" qazından sonra ixraca yönəldilən növbəti qaz həcmləri "Abşeron" yatağının qazı ola bilər", - deyə SOCAR rəsmisi əlavə edib.
Qeyd edək ki, "Abşeron" qaz-kondensat yatağı Xəzər dənizində, "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. Yatağın sahəsi 260 kv. km təşkil edir. SOCAR-ın qiymətləndirmələrinə görə, yatağın potensial ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat təşkil edir. "Abşeron" layihəsində "Total" (operator - 40%), SOCAR (40%) və "Engie" (əvvəlki "Gaz de France Suez", 20%) iştirak edir.