SON XƏBƏR

Ağcabədi Xəstəxanasında şübhəli satınalma: Tender Qanununu kimlər pozub?

Oktyabr 29
13:44 2021
Ağcabədi rayon Mərkəzi Xəstəxanasının 2021-ci ilin oktyabr ayının 26-da "Yumşaq inventar, yataq ləvazimatları və xususi geyimlərin alınması" lotu üzrə satınalmaya yekun vurub.
 
Bu satınalmanın məbləği 27.887 manat, qalibi isə "Kale Solution" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.
 


 
Lakin keçirilən satınalmada şübhəli məqam var. Belə ki, qalib elan edilən şirkətin dövlətə külli miqdarda vergi borcu var. 
 
Qlobal.az xəbər verir ki, "Kale Solution" MMC 2019-cu ilin mart ayında Vergilər nazirliyinin reyestrində dövlət qeydiyyatına alınıb. On manat nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi İmanov Aqil Azər oğlu, hüquqi ünvanı isə Bakı şəhəri Nərimanov rayonu, Nazim Hacıyev ev 24a, mənzil 1 ünvanıdır.
 
Fəaliyyət profili haqqında, müvafiq lisenziyalarının olub-olmaması barədə heç bir məlumat olmayan "Kale Solution" MMC Ağcabədi rayon Mərkəzi Xəstəxanasının
2021-ci ilin oktyabr ayının 26-da yekun vurduğu satınalmada qalib elan edilən zaman dövlətə 5349 manat vergi borcu olub.
 

 
Halbuki, "Dövlət Satınalmaları Haqqında" Qanuna görə iddiaçı qismində iştirak edən təşkilatlar sifarişçi təşkilatın tender komissiyasına təqdim etdikləri sənədlərdən biri də vergi borcunun olmaması haqqında arayışdır.
 

 
"Dövlət Satınalmaları Haqqında" Qanunun müddəalarının ziddinə olaraq, dövlətə külli miqdarda vergi borcu olan bir şirkətin dövlət satınalmasına buraxılması və qalib elan edilməsi ciddi qanun pozuntusu olmaqla yanaşı, eyni zamanda tender komissiyası ilə iddiaçı qismində iştirak edən təşkilatın öncədən sövdələşməsi kimi şübhələrə yol açır.
 
Dövlətə borclu olan "Kale Solution" MMC-nin hansı meyarlara əsasən Ağcabədi rayon Mərkəzi Xəstəxanasının sifarişçi olduğu satınalmada qalib elan edilməsi ilə bağlı Mərkəzi Xəstəxanadan münasibət öyrənmək istəsək də, qarşı tərəf heç bir münasibət bildirmədi. 
 
 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev
 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sözügedən satınalmaya münasibət bildirib.
 
Qlobal.az Dövlət Agentliyinin açıqlamasını təqdim edir:
 
"Qeyd edək ki, "Kale Solution” MMC tərəfindən kotirovka sorğusunda  iştirak etmək üçün Qanunun 28-ci maddəsində nəzərdə tutulan sənədlər satınalan təşkilata təqdim edilmişdir. Belə ki, "Kale Solution” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən alınmış arayışda vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmadığı bildirilmişdir. Tender komissiyası tərəfindən kotirovka təklifləri qiymətləndirildikdən sonra Qanunun 37.5-ci maddəsinə əsasən Kotirovka sorğusu prosedurunun nəticələri haqqında tender komissiyasının yekun protokolu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilmişdir.

Məlumat üçün bildirək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin aşağıdakı vəzifələri var:
 
- dövlət satınalmaları zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, dövlət satınalmalarının şəffaflıq, aşkarlıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında həyata keçirilməsi, dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasının qarşısının alınması üçün tədbirlər görmək;

- dövlət vəsaiti hesabına malların (işlərin, xidmətlərin) müsabiqə və "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan digər əsaslarla satın alınmasının qanuniliyinə və satınalma müqavilələrinin icrasına nəzarət etmək, mübahisəli məsələləri araşdırmaq, bu sahədə münasibətləri tənzimləyən normativ hüquqi aktların tələblərinin pozulması hallarını aşkar etdikdə, satınalma prosedurunu dayandırmaq və satınalan təşkilat qarşısında tenderin nəticələrinin ləğv edilməsi barədə məsələ qaldırmaq;
 
- "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada satınalan təşkilatın qərarlarını təsdiq etmək;
 
Qeyd edək ki, Ağcabədi rayon Mərkəzi Xəstəxanası tərəfindən təqdim edilmiş yekun protokol Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində qeydə alınmışdır.

Qlobal.Az





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook