“Accessbank” rəhbərliyində istefa dalğası - Bank iflas olur?
Yanvar 06
00:08
2021
Azərbaycanda 2002-ci ildə Azərbaycan Mikromaliyyələşdirmə Bankı (AMMB) adı ilə fəaliyyətə başlayan "Accessbank”ın başının üstünü "qara buludlar” alıb.
Qlobal.az-ın əldə etdiyi məlumata görə, son illər əhali arasında kredit faizlərinin yüksək olması üzündən ciddi narazılıq doğuran, insanların inam və etibarını itirən bank fəaliyyətini dayandıra bilər. Buna görə də bankın rəhbərliyində yaxın günlərdə böyük istefa dalğasının başlanacağı gözlənilir.
Əldə etdiyimiz məlumatlardan o da bəlli olur ki, artıq Bankın İdarə Heyətinin sədri Anar Həsənov vəzifəsindən istefa verib.
Anar Həsənov "Accessbank”da İdarə Heyətinin sədri vəzifəsini daşımaqla yanaşı, eyni zamanda bankın baş meneceri idi.
Anar Həsənov
On səkkiz il "Accessbank”da çalışan Anar Həsənovun vəzifədən nə üçün uzaqlaşdığı və onu kimin əvəzləyəcəyi barədə isə məlumat verilmir.
Xatırladaq ki, "Accessbank” bir müddət əvvəl sahibkar borcalanlarla bağlı kütləvi olaraq hüquq-mühafizə orqanlarına şikayət etməklə gündəmə gəlmişdi. Bank şikayətə borcalanların "qara mühasibat”ını qoşaraq onları qanunsuz kredit almaqda ittiham edirdi.
O zaman mediaya açıqlama verən hüquqşünas Əkrəm Hüseynov bankın bu addımını qanunsuz hesab edib xeyli girovları dəyər-dəyməzə adına keçirməklə daşınmaz əmlaka malik olduğunu deyirdi: "Sanki bank deyil, daşınmaz əmlak şirkətidir. Son günlər bəyan etdiyi müsbət maliyyə göstəriciləri də böyük ehtimalla elə onunla bağlıdır. Ümumiyyətlə, bu mənfi fonda "Accessbank” çalışır ki, ictimaiyyətdə özünə müsbət imic yaratsın. Bununla belə, yəqin ki, səyləri əbəsdir. Çünki müştərilərinin "qara mühasibat”ını hüquq-mühafizə orqanlarına ötürən bankdan bundan sonra kredit götürmək istəyən ehtimal ki, çox olmayacaqdır.
Qlobal.Az