Açıq hərracda 35 dövlət əmlakı özəlləşdirilib
Oktyabr 11
16:17
2016
Oktyabrın 11-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
AZƏRTAC xəbər verir ki, istənilən vətəndaşın, yerli və xarici investorların məhdudiyyətsiz iştirak etdiyi açıq hərracda səhmdar cəmiyyətləri, kiçik dövlət müəssisə və obyektlərin, eləcə də nəqliyyat vasitələrinin satışı təşkil olunub. Budəfəki hərrac zamanı, ümumilikdə, 35 dövlət əmlakı özəlləşdirilib. Bu hərracın nəticələrinə görə dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 1 milyon manatdan çox vəsait köçürüləcək.
Hərrac rəqabət şəraitində keçməsi ilə yadda qalıb. Belə ki, 5 kiçik dövlət müəssisə və obyektinin satışı üzrə bir əmlaka bir neçə sifariş verilməsi səbəbindən hərrac rəqabətli olub. Bu əmlaklar Bakının Nəsimi, Xətai rayonlarında və Sumqayıt şəhərində yerləşən istifadəsiz qeyri-yaşayış sahəsi və obyektlərdir.
Hərracda 2 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30 faizlik hissəsi, 20 kiçik dövlət müəssisə və obyekti və 13 nəqliyyat vasitəsi özəlləşdirilib. Satılmış səhmdar cəmiyyətləri istehsal sahəsinə aid olan "Saxsı qablar” ASC və "Beyləqan Dəmir beton” ASC-dir. Belə müəssisələrin özəlləşdirilməsindən sonra qoyulacaq investisiya sayəsində onların fəaliyyətinin müasir tələblər əsasında bərpası mümkün olacaq.Özəlləşdirilmiş kiçik obyektlər və qeyri-yaşayış sahələrinin 14-ü paytaxtda, 6-sı isə respublikanın digər şəhərlərində (Sumqayıt, Mingəçevir, Şəki və Gəncə) yerləşir. Kiçik dövlət əmlakları ticarət, ictimai iaşə, xidmət və digər sahələrə aid olub.
Qeyd edək ki, komitə tərəfindən təşkil olunan hərraclara çıxarılan dövlət əmlakları çoxçeşidlidir. Bura nəhəng müəssisələrdən tutmuş kiçik obyektlərə və nəqliyyat vasitələrinə kimi müxtəlif əmlaklar daxildir. Üstəlik hər hərracda çoxlu sayda və ən əsası çox sərfəli qiymətlərlə əmlaklar özəlləşməyə çıxarılır. Sərfəli qiymətə təklif olunan bu dövlət əmlakları investorlar üçün münasib yatırım imkanları yaradır. Hərraclara olan maraq isə öz növbəsində hərracların rəqabətli keçməsini təmin edir. Digər mühüm amil isə hərracda iştirak prosedurunun və əmlak sahibi olmaq imkanının çox rahat olmasıdır. Bunlarla yanaşı, hərracda qalib olan şəxs aldığı əmlak üzərində mülkiyyət hüquqlarını təsdiq edən çıxarışı da əldə edə bilir. Rahatlığı və operativliyi təmin edən digər faktor yeni yaradılmış Özəlləşdirmə portalıdır (privatization.az). Məhz qısa müddətdir ki, fəaliyyət göstərən Özəlləşdirmə portalına indiyədək daxil olan istifadəçilərin sayının 140 mini ötməsi də hərraclara olan marağın əyani göstəricisidir.