ADI HEÇ BİR "DƏFTƏRDƏ" OLMAYANLARA MİLYONLUQ TENDERLƏR... - "Dəyişən bir şey yoxdur"
May 11
18:33
2022
"Bakı Şəhər İcra Hakimiyyəti əvvəlki qaydalarla və əvvəlki illərin müxtəlif şübhəli şirkətləri ilə işləməyə davam edir”.
"AzPolitika.info” xəbər verir ki, bunu iqtisadçı Rəşad Əliyev öz "Facebook” səhifəsində Bakı Şəhər İcra Hakimiyyətinin(BŞİH) tender siyasəti barədə paylaşımında bildirib.
Yazıda qeyd olunur ki, BŞİH-in rəhbərliyi dəyişsə də, şübhəli tender əməliyyatları sarıdan heç bir ciddi dəyişiklik baş vermədi: "Bir neçə il əvvəl Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyəti başçısı postuna oturan kimi, adının tenderlərdə çox hallanmaması üçün öz nəzdində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC adlı bir qurum yaradıb, bütün "yağlı” tenderləri onun vasitəsilə paylamağa başladı. BŞİH-in öz adı bir növ gündəmdən kənarda və təmiz qalsın deyə. Bəs, işin mahiyyəti dəyişdimi? Təbii ki yox.
Yeri gəlmişkən, Eldar Əzizov həmin bu MMC-ni yaradanda BŞİH mətbuata belə bir açıqlama vermişdi ki, arxayın olun, bu MMC paytaxtda bilavasitə tikinti işlərinin aparılması ilə məşğul olmayacaq. Yeni yaradılan qurumun əsas fəaliyyəti dövlət vəsaiti hesabına Bakı şəhərində həyata keçiriləcək əsaslı tikinti və təmir məsələləri sahəsində strateji planlamanın hazırlanması, görüləcək işlərin koordinasiya olunması və ayrılan vəsaitin səmərəli istifadəsinin təmin olunmasına nəzarətdən ibarət olacaq.
Amma həmin bu "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-nin də (yəni əslində elə Bakı Şəhər İcra Hakimiyyətinin özü) yaradıldığı gündən adı tender maxinasiyalarında hallanmağa başladı, mətbuatda onun barəsində saysız-hesabsız ifşaedici materiallar var.
Çünki yarandığı gündən etibarən o da əvvəlki qaydalarla və əvvəlki illərin müxtəlif şübhəli şirkətləri ilə işləməyə davam etdi. Yəni, dəyişən bir şey olmadı”.
R.Əliyev qeyd edir ki, illərlə qeyri-şəffaf tenderlər vasitəsilə yüz milyonlarla büdcə pulu eyni şirkətlər vasitəsilə çapıb-talansa da, bunun qarşısını alan yoxdur. Bildirilir ki, təkcə cari ilin may ayında "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC belə şirkətlərə 51 milyon manatlıq tender verib: "Əvvəlcə "İnpeks.N" MMC adlı nə doğru-dürüst ünvanı, nə saytı olmayan şirkətlə işlədilər. Bu şirkət 5 il içərisində ümumilikdə 1.000-ə yaxın tenderin (bu, hələ bilinənlərin sayıdır) qalibi olub, vergi borcu ola-ola təkcə 2019-cu ildə ən azı 273 tenderin qalibi olub. Sonra o şirkəti kənara atıb, "Etnik Gələcək-2021", "Star ConstruKtion-12" və "Koneks Construction" kimi MMC-lərlə eyni işi davam etdirdilər.
Xatırladaq ki, Azərbaycanda hələ də korrupsiyanın ən geniş yayıldığı və büdcə vəsaitlərinin mənimsənildiyi əsas sahə kimi tenderlər və dövlət satınalmaları göstərilir. Hüquq-mühafizə orqanlarının icra hakimiyyətləri və nazirliklərdə keçirdikləri səs-küylü əməliyyatlar nəticəsində qaldırılan cinayət işlərində də yüksək vəzifəli şəxslərə elan olunan ittihamlarda əsas yeri məhz tenderlərdə yol verilən qanunsuzluqlar və mənimsəmələr tutub. Lakin buna baxmayaraq, əksər dövlət qurumlarının yenə də əvvəlki "prinsiplər” əsasında işlədiklərinə dair çoxsaylı iddialar və şikayətlər var.
Qlobal.az