SON XƏBƏR

Agentlik vergi borcu olan şirkətin tenderdə qalib olmasına aydınlıq gətirdi

İyul 20
00:03 2022
Dövlət Turizm Agentliyi sifarişçi olduğu tenderdə vergi borcu olan şirkəti qalib elan etməsi məsələsinə aydınlıq gətirib.
 
Qlobal.az Agentliyin açıqlamasını təqdim edir:
 
"Şəki şəhərində "Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən "Aşağı Karvansaray" kompleksinin bərpa və əsaslı təmir işlərinin layihə smeta sənədlərinin hazırlanması işlərinin satın alınması üzrə dövlət satınalmalarının vahid internet portalında (www.etender.gov.az) keçirilən açıq tenderdə qalib olmuş "TRİUMPH-M” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində kütləvi informasiya vasitələrində yerləşdirilmiş məlumatla bağlı bildiririk ki, sözügedən açıq tender üzrə müsabiqəyə 13.05.2022-ci il tarixində başlanılmış və 16.06.2022-ci il tarixində tenderin açılışı baş tutmuşdur. Həmin dövrdə tenderdə iştirak edən "TRİUMPH-M” Məhdud Məsuliyyətli Cəmiyyəti daxil olmaqla digər iddiaçıların təşkilati-hüquqi sənədləri yoxlanılmış və bütün iddiaçıların vergi borcu olmadığı müəyyən edilmişdir. Eyni zamanda, Tender Komissiyasının 14.07.2022-ci il tarixli qərarı qəbul olunan zaman "TRİUMPH-M” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün vergi borcu yaranmamışdır.

Yuxarıdakılarla yanaşı, iddiaçıdan vergi borcunun yaranması ilə bağlı məsələyə aydınlıq gətirilmiş və bildirilmişdir ki, həmin borc ötən ilin mənfəətinə uyğun rüblük olaraq hesablanaraq borc kimi qeyd olunur və bu borc vergi ödəyicisi tərəfindən mütəmadi olaraq hər rübün sonunda ödənilir.
 
Qeyd olunan borc artıq ödənilmiş və təsdiqedici sənədlər satınalan təşkilata təqdim olunmuşdur.
 
Nizamnamə kapitalı 10 manat olan "TRİUMPH-M" MMC-nin fəaliyyət profili barədə açıq internet resurslarında məlumatın olmaması ilə bağlı bildiririk ki, nizamnamə kapitalı, eləcə də bununla bağlı nizamnamə (əsasnamə) aidiyyəti qurum tərəfindən təsdiqlənir və dövlət satınalmalarında bununla bağlı məhdudiyyətlər müəyyənləşdirilməyib. Bununla yanaşı, şirkət öz profili barəsində açıq internet resurslarında məlumatı yerləşdirməkdə sərbəstdir".
 
Xatırlaqdaq ki, cari ilin iyul ayının 18-də Qlobal.az saytında "Dövlət Turizm Agentliyi vergi borcu olan şirkəti tenderdə qalib etdi" başlıqlı yazı dərc edilib.
 
Həmin yazıda Agentliyin "Şəki şəhərində "Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən "Aşağı Karvansaray" kompleksinin bərpa və əsaslı təmir işlərinin layihə smeta sənədlərinin hazırlanması işlərinin satın alınması" lotu üzrə sifarişçi olduğu satınalmada qalib elan etdiyi "TRİUMPH-M” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2.532 manat vergi borcu olduğu deyilirdi. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook