SON XƏBƏR

Aidiyyatı orqanların nəzərinə: Mingəçevir-Bəhramtəpə yolu təhlükə qarşısındadır (FOTOLAR)

Sentyabr 13
12:29 2018
Dövlətin milyonlarla vəsaiti hesabına yenidən qurulan Mingəçevir-Bəhramtəpə yolu təhlükə qarşısındadır.

Ötən saylarımızda "Azəravtoyol” ASC-nin sifarişi ilə Mingəçevir-Bəhramtəpə yolunu təmir edən "Polat Yol Yapı” şirkətinin bəzi nöqsanları barədə oxucularımıza dəfələrlə məlumat vermişik.
 
Ancaq bu dəfəki xəbərimiz Mingəçevir-Bəhramtəpə magistralında aparılan işin texniki keyfiyyəti barədə yox, yolun gələcək taleyi barəsindədir. Belə ki, Mingəçevir-Bəhramtəpə magistralının inşası zamanı rayonun Binnətli kənd Bələdiyyəsinin ərazisindən çıxarılan qum, çınqıl yataqlarını şirkət torpaqla doldurmayıb. Əvəzində isə yerli oliqarx məmurlar həmin çınqıl yataqlarını balıq göllərinə çeviriblər. Əlbəttə, ilk baxışdan əhalisinin sosial vəziyyəti heç də qənaətbəxş olmayan bir rayonda balıqgöllərinin yaradılması iqtisadi inkişaf, yeni iş yerlərinin açılması kimi görünə bilər, ancaq təəssüf ki, yeni yaradılan bu göllərin bəzilərinin dövlətin milyonlarla vəsaiti hesabına ərsəyə gələn, strateji cəhətdən olduqca mühüm olan Mingəçevir-Bəhramtəpə magistralının 50 addımlığında olmasıdır.
 
Qeyd edək ki, burada ümumi sahəsi 15 ha yaxın olan ərazidə 5 (beş) balıq gölü yaradılıb. Həmin göllərə hazırda Yuxarı Qarabağ kanalına atılan boru vasitəsi ilə su axıdılır. Balıq göllərinin bütün ətrafı əkin sahələri və yararlı torpaqlarla əhatələnib. Ərazidən qum-çınqıl çıxardaraq dövlətin yeraltı sərvətini talayan "Polat Yol Yapı” şirkəti sonradan qazdığı topraq sahələrini doldurmaq əvəzinə ərazini başlı-başına buraxıb.
 
Kənd sakinlərinin sözlərinə görə gələcəkdə bu göllərin yeni çəkilən və ümumi xərci yüz milyon manatdan çox olan Mingəçevir–Bəhrəmtəpə magistral yolu üçün böyük təhlükə mənbəyinə çevriləcəyi artıq indidən bəllidir. Çünki göllərdəki böyük su miqdarı yolun asfalt örtüyünün altını tədricən yumağa başlayacaq ki, bu da bir müddətdən sonra yolun dağılmasına gətirib çıxardacaq.
 
Həmçinin o da qeyd olunur ki, Beyləqan rayonunun Binnətli kəndində yaşanan mövcud acınacaqlı durumdan aidiyyatı orqanların - Ekologiya və Təbii Sərvətlər nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və eləcə də "Azəravtoyol" ASC-nin rəhbərliyinin xəbərləri yoxdur.
 
Xatırladaq ki, Mingəçevir-Bəhramtəpə magistralında son tamamlama işləri aparılmaqdadır. 
 
Cari ilin sonuna yaxın Prezident İlham Əliyev cənablarının iştirakı ilə yolun rəsmi açılışının keçiriləcəyi gözlənilir.
 
Mövzunu davam etdirəcəyik.
 
Aidiyyatı qurumların mövqeyini dərc etməyə hazırıq.
 
Qlobal.az
 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook