Ağır atletimiz Avropa çempionatında beşinci olub
Dekabr 07
19:29
2016
İsrailin Eylat şəhərində 20 və 23 yaşadək gənclər arasında ağır atletika üzrə Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, dekabrın 10-da yekun vurulacaq yarışda Azərbaycan yığma komandasının üzvü Paşa İbrahimli 23 yaşadək idmançılar arasında 69 kiloqram çəki dərəcəsində körpücük üzərinə çıxıb.
Yeniyetmələr arasında Avropa birinciliyinin, İslam Oyunlarının qalibi olmuş P.İbrahimli birdən qaldırma hərəkətində 131 kiloqramı ram edib və bu hərəkətdə 4-cü yeri tutub. Atletimiz təkanla qaldırma hərəkətində 156 kiloqramı başı üzərinə qaldırıb və 5-ci olub.
Toplamda 287 kiloqram (131+156) nəticə göstərən P.İbrahmli Avropa çempionatında 5-ci yeri tutub.
Qeyd edək ki, millimizin hesabında 1 bürünc medal var. Medalı yığmamıza 20 yaşadək idmançıların mübarizəsində
56 kiloqram çəki dərəcəsində çıxış edən Kənan Xəlilov qazandırıb.