SON XƏBƏR

Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibətilə Naxçıvanda tədbirlər keçirilib

Aprel 29
13:04 2016
Aprelin 28-də Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında görkəmli oftalmoloq-alimin anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirilib. 
 
Tədbir iştirakçıları əvvəlcə akademik Zərifə xanım Əliyevanın poliklinikanın foyesindəki büstü önünə gül dəstələri qoyub, onun xatirəsinə həsr olunmuş guşədə alimin həyat və fəaliyyətini əks etdirən foto və kitablarla, həmçinin tanınmış insanların görkəmli oftalmoloq-alim haqqında fikirləri ilə tanış olublar. 
 
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Sona Məmmədova açaraq qeyd edib ki, Naxçıvan Şəhər Poliklinikası 1990-cı ildən görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyır. Ümummilli lider Heydər Əliyev 1990-cı və 1999-cu illərdə poliklinikada olub. 2012-ci ilin mayında ölkə Prezidenti cənab İlham Əliyev Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının yeni binasının açılışında iştirak edib. 
 
Tədbirdə qeyd edilib ki, Azərbaycanın görkəmli oftalmoloq-aliminin anadan olmasının 93-cü ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi aksiyalar keçirib, aztəminatlı ailələrdən olan şagird və tələbələr Almaniya istehsalı olan eynəklərlə təmin ediliblər.
 
Naxçıvan Muxtar Respublika Xəstəxanasının Göz xəstəlikləri şöbəsinin həkim-oftalmoloqu Samiq Sadiqov "Akademik Zərifə xanım Əliyevanın həkimlik fəaliyyəti”, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının şöbə müdiriHeyran Qazıbəyova "Akademik Zərifə xanım Əliyevanın həyatı”, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Göz xəstəlikləri şöbəsinin həkim-oftalmoloqu Kəmalə Əliyeva "Akademik Zərifə xanım Əliyevanın elmi fəaliyyəti” və Şərur Rayon Mərkəzi Xəstəxanasının həkim-oftalmoloqu Araz İbrahim­ov "Akademik Zərifə xanım Əliyevanın pedaqoji fəaliyyəti” mövzularında çıxışlar ediblər. 
 

 
Çıxışlarda bildirilib ki, Zərifə xanım Əliyeva tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib. Elmi-tədqiqat mövzusu kimi Zərifə xanım Əliyevanın göz xəstəliklərinin müasir müalicə üsullarına müraciət etməsi insanlara və onları əhatə edən mühitə daha çox işıq gətirmək qayəsinin ifadəsidir. Hələ XX əsrin 50-ci illərində Zərifə xanım tərəfindən tibb elmi üçün kəşf edilmiş, elmi cəhətdən əsaslandırılmış müalicə üsulları aradan illər keçməsinə baxmayaraq, indi də tətbiq edilir və insanlara nur bəxş edir.
 
Vurğulanıb ki, görkəmli alim təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyib, yüksəkixtisaslı gənc kadrların yetişdirilməsinə və oftalmoloq həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib. Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır. 
 
Sonda Naxçıvan Qızlar Liseyinin şagirdləri görkəmli alimə həsr olunmuş şeirləri bədii qiraət ediblər.
 
*  *  * 
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibətilə aprelin 28-də Kəngərli rayonunun Şahtaxtı kənd tam orta məktəbində də tədbir keçirilib.
 
Tədbir iştirakçıları əvvəlcə Zərifə xanım Əliyevanın məktəbin foyesindəki büstü önünə gül dəstələri qoyub, adını daşıyan muzeyə baxıblar. 
 
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov açıb. Bildirib ki, görkəmli alim Zərifə Əliyevanın yüksək mənəvi zənginliyə malik irsi bu gün hər birimiz üçün əhəmiyyətlidir. Məhz Zərifə xanımın böyük zəhməti sayəsində Azərbaycanda oftalmologiya sahəsində mühüm elmi nailiyyətlər qazanılıb. Zərifə xanım Əliyeva ilə bu gün onun doğulub boya-başa çatdığı Şahtaxtı kəndi, təhsil aldığı məktəb, mənsub olduğu xalq qürur hissi keçirir. Görkəmli oftalmoloqun adını daşıdığı Şahtaxtı kənd tam orta məktəbi də öz fəaliyyətini Zərifə xanımın adına layiq qurmağa çalışır. 
 

 
Tədbirdə məktəbin direktoru Bayram Şirəliyev "Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti”, məktəbin müəllimlərindən Azərbaycan Respublikasının Əməkdar mü­əllimi Həmidə Mirzəyeva "Zərifə Əliyevanın ömür yolu bugünkü şagirdlər üçün əsl nümunədir”, Arifə Əhmədova "Gözlərə nur bəxş edən insan” mövzularında məruzələr ediblər. Bildirilib ki, Zərifə xanım Əliyeva 93 il bundan əvvəl görkəmli dövlət xadimi, Azərbaycan səhiyyəsinin qurucusu və təşkilatçısı olan Əziz Əliyevin ailəsində dünyaya göz açıb. Uşaq yaşlarından həkimlik sənətinə hədsiz maraq göstərən Zərifə xanım 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olub və 1947-ci ildə oranı müvəffəqiyyətlə bitirərək Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçib. Elmi tədqiqatlara olan hədsiz marağı onu Azərbaycan Oftalmologiya Elmi-Tədqiqat İnstitutuna gətirib çıxarıb. 1950-1953-cü illərdə Zərifə xanım Əliyeva aspiranturada təhsil alıb və elmi tədqiqatla məşğul olub. Taleyini tibb elminə həsr edən görkəmli alim oftalmologiyanın aktual problemlərinə dair çoxsaylı tədqiqatlar aparıb, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf edib, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması istiqamətində səmərəli elmi araşdırmalar aparıb. 
 
Vurğulanıb ki, Zərifə xanım Əliyeva dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və praktik olaraq elm aləmində yeni bir istiqamətin – "peşə oftalmologiyası”nın əsasını qoyub. Bu mənada, oftalmologiyada peşə xəstəlikləri probleminin öyrənilməsi böyük alimin adı ilə bağlıdır. Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatları ona böyük şöhrət gətirib.
 
Zərifə xanım elmdə ilk dəfə olaraq yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənib və bu xəstəliklərin profilaktikası üsullarını işləyib hazırlayıb. Onun bu sahədəki ciddi axtarışları dünya tibb elmi ədəbiyyatında nadir tədqiqatlar sırasındadır.
 
Məktəbin şagirdləri Zərifə xanım Əliyevaya həsr olunmuş şeirləri bədii qiraət ediblər. 
 
Sonda Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
 
*  *  *
 
XX əsr Azərbaycan tarixinin tanınmış simalarından olan Zərifə xanım Əliyeva gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən həqiqi ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim idi. Onun həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, gözlərimiz önündə Ulu Tanrının verdiyi yüksək mənəvi xüsusiyyətləri özündə birləşdirən böyük insan obrazı canlanır.
 
Bu fikirlər aprelin 28-də Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının Qadınlar Şurasının akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibətilə keçirdiyi elmi-praktik konfransda səsləndirilib.
 
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının akt zalında keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yazgül Rzayeva "Akademik Zərifə xanım Əliyevanın həyatı və yaradıcılığı” mövzusunda çıxışında ilk qadın oftalmoloqun mənalı ömür yolundan, ictimai-elmi fəaliyyətindən, tibb elminin inkişafındakı müstəsna xidmətlərindən, yüksək insani keyfiyyətlərindən ətraflı söz açıb. Bildirib ki, 1923-cü il aprelin 28-də Naxçıvanda, Şahtaxtı kəndində tanınmış dövlət və ictimai xadim, məşhur həkim və elm fədaisi Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım yalnız görkəmli alim-oftalmoloq deyil, eyni zamanda böyük filosof, gözəl pedaqoq və natiq idi. Oftalmologiyanın müxtəlif problemlərinə həsr etdiyi 140-dan çox elmi əsər, o cümlədən 14 mono­qrafiya, dərslik və dərs vəsaiti, 1 ixtira, 12 səmərəli təklifin müəllifi olan görkəmli alimin əsərləri bu gün də göz həkimləri üçün dəyərli mənbədir.
 
 

Yazgül Rzayeva deyib ki, Zərifə xanım, sözün həqiqi mənasında, bütün insani keyfiyyətləri özündə birləşdirən əsl insanlıq nümunəsi idi. Haqqında yazılan kitablardan şahid olursan ki, Zərifə xanımı tanıyanların yaddaşında o, yüksək vətəndaşlıq, humanizm mücəssəməsi və saf ürək sahibi kimi əbədi qalıb. İnsanlara məhəbbəti hüdudsuz olan Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. 
Konfransda Naxçıvan Muxtar Respublika Xəstəxanası Göz xəstə­likləri şöbəsinin həkim-oftalmoloqu Samiq Sadiqovun "Azərbaycan oftalmologiya elminin və təhsilinin böyük hamisi”, Naxçıvan Qızlar Liseyinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Rəfiqə Abdullayevanın "Gözəl həkim, qayğıkeş ana” mövzusunda məruzələri dinlənilib. 
 
Məruzələrdə qeyd olunub ki, Zərifə xanım Əliyevanın elmdə məqsədyönlü fəaliyyəti heyranlıq doğururdu. 1950-ci illərdə respublikamızda traxoma, qlaukoma və sair kimi xəstəliklərə qarşı effektiv müalicə üsullarının müəyyənləşdirilərək tətbiq edilməsində mühüm rol oynayan Zərifə xanımın elmi fəaliyyətinin əsas istiqamətini görmə orqanının peşə patologiyası təşkil edirdi. Onun elmi tədqiqatları göz damarlarının anormallığı, gözün hidrodinamik sistemi məsələlərini də əhatə edib.
 
Vurğulanıb ki, Azərbaycanın yetişdirib dünya tibb elminə bəxş etdiyi görkəmli alim və istedadlı həkim Zərifə xanım Əliyevanın xatirəsi xalqımız tərəfindən daim yaşadılır. Onun adına ölkəmizdə və muxtar respublikamızda çoxsaylı prospektlər, təhsil müəssisələri və xəstəxanalar vardır.(Şerqqapısı.az)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook