SON XƏBƏR

AKİA "ayıların" dostudur, yoxsa kasıb fermerlərin?

İyun 30
02:10 2020
Azərbaycan hökuməti 2015-ci ildən başlayaraq qeyri-neft sektorunun, xüsusən də aqrar sahənin inkişafını prioritet elan edib. 

Dövlət büdcəsindən aqrar sahənin inkişafına ayrılan vəsaitlər ildən-ilə artmaqda davam edir. 

Ölkədə aqrar sahənin inkişafı istiqamətində hökumətin siyasətini həyata keçirən qurumlardan biri də Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Kredit İnkişaf Agentliyidir (AKİA). 

Aqrar Kredit İnkişaf Agentliyinin əsas fəaliyyət istiqaməti güzəştli şərtlərlə kənd təsərrüfatı kreditlərinin, texnika və damazlıq heyvanlara güzəştlərin, güzəştli kreditlərin və təminatların, fermerlərə subsidiyaların verilməsini, layihələrin idarə edilməsini və kənd təsərrüfatına investisiyaların cəlb edilməsini həyata keçirməkdən ibarətdir. 

AKİA-nın funksiyalarının bir hissəsi aqrar sahə üzrə fəaliyyət göstərən digər dövlət qurumlarının fəaliyyəti ilə üst-üstə düşsə də, Agentlik sahibkarlara kənd təsərrüfatı təyinatlı güzəştli kreditlərin verilməsi istiqamətində böyük səlahiyyətlərə malik olan qurumlardandır. Agentliyin öz fəaliyyəti barədə açıqladığı məlumatların sırasında sahibkarlara verilən subsidiyalar və kreditlər barədə məlumatlar önəmli yer tutur. 
 


Qurumun yaydığı son məlumatda bu ilin iyun ayının 1-dək heyvandarlığa 4.5 milyon manat, əkinçiliyə 335 min manat, bağçılığa 208 min manat, arıçılıq və digər ailə kəndli-fermer təsərrüfatlarının qurulmasına və inkişafına 102 min manat, ümumilikdə, 512 fermerə 5.2 milyon manat kənd təsərrüfatı təyinatlı güzəştli mikrokredit verildiyi qeyd edilir. Əlbəttə, Agentliyin təqdim etdiyi bu statistika kimlərəsə, xüsusilə də aqrar sahəyə bağlı olmayan insanlara "fantastik əmək" kimi görünə bilər. Lakin ölkənin aqrar sektoruna az-çox bələd olan şəxslər yaxşı bilirlər ki, dövlət qurumlarının təqdim etdikləri statistikalardakı "parlaq rəqəmlərlə" sektorun acınacaqlı durumunu, problemlərini aradan qaldırmaq, həll etmək mümkün deyil. 

Müşahidələr göstərir ki, geniş imkanlara, səlahiyyətlərə malik olan AKİA aqrar sektorun - istər əkinçilik, istər maldarlıq olsun - əziyyət çəkən təbəqəsinin inkişafına təsir edə bilmir. Əslində, AKİA-nın fəaliyyətinə diqqət etdikdə kiçik fermerlərin inkişafının onların marağında olmadığı daha aydın görünür. Bu barədə mətbuatda xırda təsərrüfatı olan fermerlərin qarşılaşdıqları problemlərin həlli üçün dövlət orqanlarına ünvanladıqları şikayətlərdə də geniş bəhs edilir. 
 


AKİA niyə sıfırdan başlamadı? 

Kənd təsərrüfatı sektorunun inkişafının hansı formada aparılması, ilkin mərhələdə dövlət vəsaitləri hesabına investisiyaların hansı istiqamətə yatırılması, kommunikasiyaların mexanizminin hazırlanması, fermerlərə, əsasən də kiçik torpaq payçılarına konsultasiya və texniki xidmətlərin göstərilməsi vahid strateji planda yer alan önəmli məqamlardandır. Lakin AKİA-nın fəaliyyətinə diqqət yetirdikdə biz onun nəinki strateji, heç rüblüyə hesablanmış planının olduğunu da görmürük. 

Öncə onu qeyd edək ki, aqrar sektorun inkişafını qarşısına məqsəd qoyan, bunun üçün dövlətdən ciddi maliyyə dəstəyi alan qurum fəaliyyətində rekultivasiya məsələlərinə geniş yer verməli, bu sahədə fermerləri, kiçik torpaq payçılarını problemleri ilə baş-başa buraxmalı deyil. 

Bildiyiniz kimi, Azərbaycanda 1998-ci ildə aparılan torpaq islahatlarından, özəlləşdirmədən sonra torpaqlar ölkə vətəndaşları arasında bölüşdürüldü. Artıq 20 ildən çox vaxt keçməsinə baxmayaraq torpaqların böyük hissəsi kiçik parçalarla ölkə vətəndaşlarının istifadəsindədir. 
 


Bu illər ərzində qeyri-peşəkar aparılan əkin işləri, təbii təsirlər torpaqların keyfiyyətini ciddi formada aşağı salıb. Hətta bu sahədə vəziyyət o dərəcədə kritikdir ki, aqrar sahədə böyük təcrübəsi olan rayonlarda normal məhsuldarlıq əldə edən fermerlər barmaqla sayılır. Demək olar ki, bu gün vətəndaşların istifadəsində olan torpaqların münbitləşməsi istiqamətində heç bir iş görülmür, torpaqların məhsuldarlığını bərpa etmək, ətraf mühiti yaxşılaşdırmaq üçün kompleks tədbirlər aparılmır. O zaman sual edilir, bu cür acınacaqlı durumda olan fermerlərlə dövlətdən ayrılan vəsaitlərlə, subsidiyalarla hansı əsaslı, davamlı inkişafa nail olmaq olar?! 

Göstərilən problem hüququ baxımdan AKİA-nın səlahiyyətinə aid olmaya bilər. Ancaq AKİA aqrar sektorun inkişafını üzərinə almış dövlət qurumu olaraq heç olmasa torpaqların rekultivasiyasına diqqət ayırmalı, bu məsələyə aid dünyanın aqrar sektoru inkişaf etmiş ölkələrinin təcrübəsindən yararlanaraq maarifləndirici işlər həyata keçirməli idi və keçirməlidir. Ancaq görünür, kənd təsərrüfatının inkişafının və AKİA-nın "A"-nı təşkil edən bu mərhələ AKİA üçün önəmli deyil. Bu qurum üçün önəmli olan fermerlərə kreditlərin verilməsi və verilən kreditlərin faizlərinin toplanmasıdır. Və bir də dövlətin pulu hesabına əli qabarlı fermerlərin iştirak etmədiyi sərgilər, festivallar təşkil etmək..!
 


AKİA heç düz-əməlli kredit verməyi də bacarmır 

Yuxarıda qeyd etdiyimiz kimi Aqrar Kredit İnkişaf Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biri güzəştli kreditlərin verilməsini təşkil etməkdir. Qurum kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması və satışı proseslərinin təkmilləşdirilməsi ilə bağlı layihələrin, regionların aqrar inkişafı ilə bağlı innovativ layihələrin, kənd təsərrüfatı istehsal vasitələrinin təchizatının yaxşılaşdırılması ilə bağlı məsələlərin, həmçinin onların güzəştli satışının və lizinqinin, heyvandarlıq təsərrüfatlarının dövlət-özəl tərəfdaşlığı tətbiq edilməklə inkişafı sahəsində projelərin və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin pilot layihələrinin maliyyələşdirilməsini həyata keçirir.

Agentlik 15.000 manatadək- mikrokreditlər, 15.001 manatdan 3.0000 manatadək – kiçikhəcmli kreditlər, 30.001 manatdan 100.000 manatadək- ortahəcmli kreditlər, 100.001 manatdan 200.000 manatadək – böyükhəcmli kreditlər və 1.000.000 manatədək kənd təsərrüfatı istehsal vasitələrinin alınması üçün kreditlər təklif edir.
 


Azərbaycanda aqrar sahədə çalışan insanların böyük əksəriyyəti kiçik torpaq sahələrinə sahib olduğuna görə onlar məcburdurlar ki, AKİA-nın xidmətindən yararlanmaq istəsələr mikrokreditlər üçün müraciət etsinlər. 

Agentlik mikrokreditləri sahibkarlara maksimum 12 ay güzəştli müddətə təklif edir. Təsəvvür edirsiniz, ölkənin hansısa ucqar bir kəndindən kiçik torpaq payçısı qurumdan mikrokredit götürmək üçün aylarla vaxt sərf edir, sanədləşmə işləri aparır. Ən azından 4-5 qurumun qapısını döyür, sonda aldığı 15.000 manatı 12 aydan sonra yavaş-yavaş geri ödəməli olur - üstündə də faizi! 
 


Bəs, mövcud şərtlərlə AKİA-nın "xeyir-duası" ilə müvəkkil banklardan 15 min manat mikrokrediti ala bilmiş xoşbəxt kəndçi o pulu hansı sahəyə yatırmalıdır ki, 12 aydan sonra həm faiz ödəyə bilsin, həm də özünə bir tikə çörək qazansın?!. Əlbəttə ki, kiçik torpaq sahibinin 15 min manat krediti yatırıb, 12 aydan sonra qazanc əldə edəcəyi elə bir sahə yoxdur. Bu müddət ən azı 18 aya qaldırılmalıdır.  Hələ məsələnin maraqlı tərəfi bilirsinizmi nədir? Kreditlərin verilməsində rol oynayan müvəkkil kredit təşkilatları zəmanət üçün fermerlərdən girov olaraq daşınmaz əmlak tələb edir. Tələb olunan girov, yəni daşınmaz əmlak isə mütləq Bakı şəhərində olmalıdır. Və bu əmlakın real dəyərinin ən yaxşı halda 40-50 faizi dəyərində kredit verilir. Aqrar sektorda yaranmış tragikomik situasiyanı təsəvvür edə bilirsinizmi?! 
 


Sizcə, Azərbaycanda kiçik torpaq sahəsi olan on minlərlə fermerin neçəsinin Bakıda evi, obyekti var? Və yaxud, Bakıda evi, obyekti olan fermerin nəyinə lazımdır AKİA-nın 12 ay güzəştli müddətə 15 min manatlıq krediti? Digər gülməli məqam isə AKİA-nın təqdim etdiyi onlayn aqro-kredit sistemidir. Bu xidmətdən yararlanmaq, hansısa məlumat əldə etmək istəyən fermer mütləq "Asan imza"ya malik olmalıdır. Aqrar sahənin inkişafını təmin etməli olan qurumun normal yolu, suyu olmayan kəndlərdə yaşayan fermerlərdən "Asan imza" tələb etməsinə yəqin ki, məntiqli düşüncəyə sahib olan kimsə normal arqument gətirə bilməz. 

O zaman belə çıxır ki, AKİA-nın əsas məqsədi ölkənin qarar sektorunun böyük hissəsini təşkil edən kiçik torpaq payçılarına dəstək vermək yox, böyük torpaq sahələri, kommunikasiyası olan fermerlərə kreditlər verməkdir. O fermerlərə ki onlar iri şəhərlərdə, əsasən də Bakıda çoxsaylı evlərə, daşınmaz əmlaklara sahibdirlər. Onlar sahibkarlığı ölkənin iqtisadi-inkişafı naminə deyil, öz şəxsi maraqları üçün inkişaf etdiriblər. Sovet tərzində "dövlətdən çırpşdırmaq" hesabına özlərini feodal mülkədara çeviriblər, əhalini, nəzarətlərində olan işçiləri isə özlərinin təbəəsi sayırlar. 
 


Bu sahədəki ayrı-seçkililiyə gəlincə, unudurlar ki, "ayıya dayı" deməklə aqrar sektoru inkişaf etdirmək mümkün deyil, istənilən sahə sistemli, ardıcıl və ədalətli yanaşma nəticəsində uğur qazana bilər. 

Aydın görünür ki, artıq prosesə Kənd Təsərrüfatı Nazirliyi də nəzarət edə bilmir və ya Nazirlikdəki kadr dəyişikliyi də idarəetməni "köhnə sistem"dən xilas edə bilməyib. Yəni hər şey olduğu kimi qalır: "Köhnə hamam, köhnə tas".
 
Mübariz Məmmədov
 
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook