SON XƏBƏR

Aktaudakı baş konsulluğumuzun nəzdində kitabxana yaradılıb

Yanvar 31
20:22 2016
Azərbaycanın Aktau şəhərindəkı baş konsulluğunun nəzdində kitabxana yaradılıb.
 
Konsulluqdan bildirilib ki, 2 mindən artıq kitab və 7 yüzə yaxın jurnaldan ibarət kitabxanada Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti, milli musiqisi, incəsənət və mətbəxinə aid nəşrlər, klassik və müasir dövr yazıçılarının əsərləri, uşaq ədəbiyyatına aid nümunələr yer alıb.
 
Kitabxanada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair və Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinə həsr olunmuş kitablardan ibarət guşələr təşkil olunub. Burada, həmçinin Ermənistanın Azərbaycana təcavüzü, Xocalı soyqırımı və ermənilərin uzun illər boyu soydaşlarımıza qarşı apardığı soyqırımı siyasətinə həsr olunmuş kitablardan ibarət bölmə də yaradılıb. Yanvarın 30-da kitabxananın rəsmi açılışı olub.
 
Tədbirdə Manqistau vilayətinin ali təhsil müəssisələrində təhsil alan tələbələr, Aktau şəhərinin 6 nömrəli məktəbində fəaliyyət göstərən Azərbaycan dili, ədəbiyyatı və tarixini tədris edən Bazar günü məktəbinin şagirdləri iştirak ediblər.
 
Mərasimdə Aktaudakı baş konsulluğumuzun rəhbəri Elxan Zeynalov bildirib ki, kitabxananın yaradılmasında məqsəd ilk növbədə Azərbaycandan kənarda yaşayan soydaşlarımıza ölkəmiz haqqında daha geniş və dolğun məlumatların çatdırılmasıdır. O, kitabxananın açılışının ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan 2 fevral - Gənclər Günü ərəfəsində baş tutmasının əlamətdar bir hadisə olduğunu vurğulayıb və Prezident İlham Əliyevin gənclərlə bağlı apardığı dövlət siyasətinin və xaricdə yaşayan azərbaycanlılara olan diqqət və qayğısının tərkib hissəsi olduğunu qeyd edib.
 
E.Zeynalov çıxışında, gəncləri tarixi vətənləri haqqında daha ətraflı məlumatlara yiyələnmək üçün kitabxanada yaradılmış imkanlardan səmərəli istifadə etməyə çağırıb. Azərbaycanlı gənclərin elmi biliklərə dərindən yiyələnmələri üçün baş konsulluq tərəfindən onlara daima dəstək veriləcəyini söyləyib.
 
Azərtac



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook