SON XƏBƏR

“ALFA SIĞORTA”nın lisenziyası ləğv olundu

Avqust 26
14:07 2016
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 26 avqust 2016-cı il tarixli qərarına əsasən, "Alfa Sığorta” ASC-nin sığorta fəaliyyəti üçün verilmiş lisenziyası ləğv edilib.
 
Bu barədə Palatadan bildirilib.
 
Lisenziyanın ləğv olunmasına səbəb son dövrlər "Alfa Sığorta” ASC-nin maliyyə vəziyyətinin kəskin pisləşməsi, aktiv və kapitalının itirilməsi, yetərli səviyyədə ehtiyat formalaşdırmaması və öhdəliklərini icra etməməsi olub.

Artıq bir müddətdir ki, "Alfa Sığorta”dakı mövcud problemlərlə əlaqədar olaraq xüsusi nəzarət rejimi tətbiq edilirdi.
 
Buna səbəb sığortaçının təsisçisi olan "Texnikabank”ın müflisləşməsi və bununla əlaqədar olaraq "Alfa Sığorta” ASC-nin maliyyə durumunun kritik vəziyyətə düşməsidir.
 
Həmçinin, sığorta şirkətinin idarəetmə orqanlarının qeyri-prudent fəaliyyəti və qeyri-sağlam sığorta təcrübəsi "Alfa Sığorta”nın maliyyə durumunun daha da pisləşməsi ilə nəticələnmişdir.
 
Sığortaçının öhdəliklərini artırması və sistemə əlavə risklər ötürməsinin qarşısının alınması məqsədilə cari ilin aprel ayından onun İcbari Sığorta Bürosunda üzvlüyü dayandırılmış və bütövlükdə, aktiv satışlarının qarşısı alınıb.
 
Palata, aprel ayının sonundan "Texnikabank”ın ləğv edicisi təyin edilmiş Əmanətlərin Sığortalanması Fondu ilə birlikdə "Alfa Sığorta” ASC-nin sığorta portfelinin satışı vasitəsi ilə sağlamlaşdırılmasına cəhd etsə də, sığortaçının yetərli likvid aktivlərlə təmin olunmuş ehtiyatlarının mövcud olmaması səbəbindən bu mümkün olmadı.
 
Sığortaçıya əlavə kapital inyeksiyası olmadan onun maliyyə durumunun qanunvericiliyin tələbləri səviyyəsində bərpasının mümkün olmadığını və müflis təsisçisininsə belə imkanlarının olmamasını nəzərə alaraq, MBNP "Alfa Sığorta” ASC-nin lisenziyasını ləğv etmişdir.
 
Direktorlar Şurasının qərarı ilə "Alfa Sığorta” ASC-nə təyin olunan müvəqqəti inzibatçı 26 avqust 2016-cı il tarixdən vəzifələrinin icrasına başlayıb.
 
"Alfa Sığorta” ASC-nin bütün öhdəlikləri üzrə sorğular Xətai r-nu, Babək pr-ti, "Babək Plaza”, Blok C ünvanında yerləşən müvəqqəti inzibatçıya göndərilə bilər.

Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook